Azərbaycan kəndi Yeni ilə necə hazırlaşır?

Azərbaycan kəndi Yeni ilə necə hazırlaşır?
23:32 29 Dekabr 2015
63 Digər
Ölkə mətbuatı
A- A+

Mən Azərbaycanın əyalətində, rayon mərkəzinə yaxın bir kənddə doğulub böyümüşəm və Yeni il ən sevimli bayramlarımdan biri, bəlkə də ən sevimlisi idi.
Hər il dekabr ayında evdə qurulacaq böyük yolkanı səbirsizliklə gözləyirdim, xüsusən də yolkanın bəzədilməsi və ölüçləri böyük olduğundan hərdən çəkindiyim Şaxta Baba müqəvvasının evin çardağından endirilməsi çox maraqlı idi mənim üçün.
Valideynlərim məni ənənəvi olaraq rayonun mərkəzində təşkil edilən bayram şənliklərinə də aparardılar, hətta kənddəki uşaq bağçasında da bayramı təmtəraqla qeyd edərdik.
Həmin vaxtlar Azərbaycanda Sovet hakimiyyəti mövcud idi. İndi isə heç şübhəsiz çox şey dəyişib.
Azərbaycanın böyük şəhərlərində Yeni il adətən daha təmtəraqla qarşılanır. Bəs Azərbaycanın ucqarlarında, kəndlərdə insanlar bayramı hansı əhvalda keçirir və necə hazırlaşırlar? Mövzu ilə bağlı Azərbaycanın bir neçə kəndində sakinlərlə söhbət etməyə çalışdım.

"Xristian bayramı"

Nardaranla Maştağa kəndlərinin arasında yaşayan Orxan Sultanov deyir ki, Maştağada əksəriyyət Yeni ilin xristianların bayramı olduğunu düşündüyü üçün bayramı elə də qeyd etmir.
"İnsanlar fikirləşir ki, Yeni İl Milad kimi bir bayramdı. Nardaranda isə bu bayramı ümumiyyətlə qeyd etmirlər," Orxan bildirir.
Onun sözlərinə görə kənddə insanların maddi baxımdan imkanlarının az olması da bayramların qeyd olunmasına təsir edir. O deyir ki, kənd insanları "çox kasıb olur".

Orxanın sözlərinə görə, kənddə biraz imkanı olan insanlar digər bayramları, misal üçün Novruz bayramını həvəslə qeyd edirlər.

"Novruzun müsəlmanların bayramı olduğunu düşündükləri üçün, maddi imkanı çatanlar onu qeyd edir."
O deyir ki, bəzən şəhərdən gəlib kənddəki bağ evində yaşayan insanlar bayramlarda atəşfəşanlıq da edirlər. Kənddəki böyük mağazalarda isə bayramqabağı müxtəlif bəzək əşyaları və yolka ağaclarına rast gəlmək mümkündür.

"Plovsuz bayram olmaz"

Ziyafət Səlimova Masallı rayonunun Mollaoba kəndində yaşayır.
O deyir ki, kənd sakinləri bayramı həvəslə qeyd edir. "İndi Yeni il bayramları daha yaxşı keçirilir, sərbəstlik və bolluqdur. Əvvəllər çox çətinlik çəkirdik, indi dolanışıq da yaxşıdır," bayramların qeyd olunmasını Sovet hakimiyyəti dövrü ilə müqayisə edən Ziyafət deyir.
Ziyafətin sözlərinə görə, o işləmir və hökumətin ayırdığı təqaüdlə dolanır.
O deyir ki, Yeni il münasibətilə rayon mərkəzində müxtəlif bayram tədbirləri keçirilsə də, kənddə insanlar bayramı adətən öz evlərində - "televizora baxmaqla və bayramlaşmaqla" qeyd edir.
"Evdə artıq yolkamızı quraşdırmışıq. Yeni İl gecəsi hindtoyuğundan kabab edəcəyik. Tort və plov bişiririk. Biz plovsuz bayram keçirmirik", Ziyafət Səlimova növbəti ilə necə hazırlaşdıqlarını şərh edir.
O hazırda bayramı yoldaşı ilə birgə keçirir. Övladları isə artıq öz həyatlarını qurublar. Dediyinə görə bəzən bayramlarda nəvələri onu ziyarət edir.
BBC Azərbaycan


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/394149.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR