2015-ci ilin əsas HADİSƏLƏRİ

2015-ci ilin əsas HADİSƏLƏRİ
07:22 30 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

Başa çatmaqda olan il qlobal geosiyasətə və iqtisadiyyata böyük təsir göstərən müxtəlif hadisələrlə zəngin olub
Başa çatmaqda olan 2015-ci il qlobal geosiyasətə və iqtisadiyyata böyük təsir göstərən müxtəlif hadisələrlə zəngin olub.
Milli.Az "Report"a istinadən ilin ən yaddaqalan hadisələrini bir daha xatırladır.

İlin ən kədərli hadisələrindən biri yəqin ki, Səid və Şərif Kuaşi qardaşlarının yanvarın 7-də Parisdə "Şarli Ebdo" (Charlie Hebdo) satirik jurnalının ofisinə hücumu, eləcə də noyabrın 13-də Parisdə baş verən terror aktları olub. Son hadisə həm də II Dünya Müharibəsindən sonra Fransanın bir hücumdan ən çox itki verdiyi hal olub və Fransa tarixinə ən böyük terror aktı kimi düşüb. Nəticədə ölkə tarixində cəmi 4-cü dəfə fövqəladə vəziyyət elan olunub.
Bu hücumların təşkilatçıları bu və ya digər dərəcədə terror qruplaşmaları, o cümlədən "İraq-Şam İslam Dövləti" (İŞİD) ilə bağlı olub.
Bu baxımdan, İŞİD-in özünün Suriya və İraqın işğal olunmuş ərazilərindəki fəaliyyətini qeyd etmək lazımdır. Kiçik statistika: 2015-ci ildə İŞİD-in təkcə videolentə aldığı edamların sayı 5000-ə çatıb, qruplaşma İraq, Tunis, Küveyt və Misirdə terror hücumları həyata keçirib.

Fevralda İŞİD yaraqlıları Mosulun mərkəzi kitabxanasını partladaraq 8-10 min kitabı məhv edib. Kitabxananın həyətində isə radikallar kitablardan və əlyazmalardan tonqal yandırıb.
Bu il mayın 15-də İŞİD Suriyanın Əl-Əmiriyə qəsəbəsində kütləvi edam təşkil edərək 45 dinc sakini də öldürüb. Bundan 2 gün sonra qruplaşma yaraqlıları İraqın Ramadi şəhərini ələ keçirərək 500 dinc sakini qətlə yetirib. Mayın 24-də Suriyanın Palmira şəhərində terrorçuların əlindən çoxu qadın və uşaq olmaqla 400-dən çox adam öldürülüb. Radikallar bütün bu günahsız, dinc sakinləri Suriya hökuməti ilə əlaqələrinin olmasında ittiham edərək edam edib.
"Baş verənlər İŞİD-in dünya liderlərinin nüfuzlu siyasi dairələrinin və bir sıra regional ölkələrin yaradıclıq məhsulu olduğuna şübhə yeri qoymur. Onun təbliğatının aparılması siyasi sərhədlərin yenidən cızılması məqsədi daşıyır. Bunun ardınca isə zəngin regionun təbii resurslarının bölüşdürülməsi həyata keçiriləcək", - deyə politoloq Tofiq Abbasov "Report"a açıqlamasında bildirib.
Onun sözlərinə görə, tezliklə İŞİD-ə qarşı mübarizə daha da sərtləşəcək və Azərbaycan bu şəraitdə sərhədlərini gücləndirməli, həqiqətən İŞİD-ə qarşı mübarizə aparan ölkələri dəstəkləməlidir.
İlin sonuna doğru, sentyabrın 30-da Rusiya aerokosmik qüvvələrinin təyyarələri ilk dəfə İŞİD-ə məxsus hərbi texnika, rabitə mərkəzləri, nəqliyyat vasitələri, silah və sursat anbarlarına zərbə endirdi.
"Əsl İslamla heç bir əlaqəsi olmayan İŞİD terror qruplaşmasının tərkibində Avropa ölkələrindən, Rusiyadan və postsovet məkanından minlərlə yaraqlının olmasını hamı bilir. Onların Suriyada uğur əldə edəcəkləri təqdirdə ölkələrinə, o cümlədən Rusiyaya geri gələcəyini bilmək üçün mütəxəssis olmaq lazım deyil", - deyə Rusiya prezidenti Vladimir Putin elə həmin gün hökumətin üzvləri ilə görüşündə bildirib.
Noyabrın 24-də Rusiya Hərbi Hava Qüvvələrinə məxsus olan və Suriyadakı bazaya aid Su-24 bombardmançısı Türkiyə-Rusiya sərhədində Türkiyə hava sərhədlərini pozduğuna görə, Türkiyənin "F-16" qırıcısı tərəfindən vurulub.
Türkiyə tərəfi iddia edir ki, səhər saatlarında 2 naməlum təyyarə Türkiyə sərhədinə doğru irəliləyib və dispetçerin 5 dəqiqə ərzində 10 dəfə xəbərdarlıq edib, təyyarəni cənuba doğru yönəltməyə çalışmasına baxmayaraq, təyyarələr hava sərhəd xəttini keçib. Birinci təyyarə sonradan Türkiyə sərhədindən çıxsa da, ikinci bunu bacarmayıb (və ya etməyib). Nəticədə hava sərhədini qoruyan "F-16"dan həmin təyyarəyə raket zərbəsi endirilib.

"Suriya üzündən Rusiya və Türkiyə arasında yaşanan mübahisə başa çatmaqda olan ilin əsas olaylarından biri oldu. Heç şübhəsiz, bu, 2016-cı ildə də münasibətlərdə öz əksini tapacaq. İkitərəfli münasibətlərin və ticarət dövriyyəsinin yüksəlişi dövründə silahlı müdaxilə bütün planları pozdu", - deyə böhran cəmiyyətinin öyrənilməsi Mərkəzinin baş analitiki, beynəlxalq işlər üzrə Rusiya Şurasının və Yaxın Şərq İnstitutunun eksperti Sergey Balmasov məsələyə münasibət bildirib.
"Gec-tez onların maraqları kəsişməli idi. Bunu hər iki tərəfin maraq dairəsində olan Suriya üstündə olması rəsmi Ankara ilə rəsmi Moskvanın tarixi qarşıdurmasının davam etdiyini göstərir", - ekspert hesab edir.
Suriyadakı münaqişənin uzanması fonunda Yaxın Şərqdən və Məğrib ölkələrindən olan miqrantların axını da genişlənib. Belə ki, Beynəlxalq Miqrasiya Təşkilatının məlumatlarına görə, 2015-ci ildə Avropada gələn qaçqın və mühacirlərin sayı bir milyonu ötüb. Bu il hərbi müdaxilələrdən qaçmaq üçün 365 mindən çox adam Aralıq dənizini keçərək Avropa Birliyindən sığınacaq istəyib. Eyni zamanda, BMT-nin məlumatlarına görə, 2900 nəfər dolu gəmilərlə dənizi keçərkən bataraq ölüb.
Qaçqınların əksəriyyətinin Suriyadan üzüb gəldiyi və onların sayının ümumi miqrantların yarısından çox olması məlumdur. Ardınca Əfqanıstan (14%), Eritreya (8%), Nigeriya (4%) və İraqın (2%) sakinləri gəlir.

Miqrasiya böhranı ilə əlaqədar olaraq il ərzində bir neçə dəfə Şengen zonasının ləğvi fikri səslənib. Nəticədə Avropa Birliyi ölkələri miqrasiya siyasətində islahatlar aparmağı və AB-nin xarici sərhədlərinin müdafiəsini gücləndirməyi qərara alıb.
İl ərzində, həmçinin dünya bazarında neftin qiymətinin aşağı düşməsi davam edib. Bəzi ekspertlər bunu Qərbin iqtisadiyyatı neftdən asılı olan Rusiyanı tam sarsıtmaq məqsədi əsasında siyasi vasitə kimi dəyərləndirir. Belə ki, 2014-cü ildə neft hasilatı tələbatı üstələməyə başlayıb. 2014-cü ilin iyulunda neftin barelinin qiyməti 110 dollardan aşağı düşməyə başlayıb və oktyabrda 80 dollara çatıb. Ötən ilin noyabrında isə Səudiyyə Ərəbistanı OPEK-in toplantısında neft hasilatı kvotasını azaltmaqdan imtina edərək sonrakı azalmaya təkan verib. 2015-ci ilin yanvarında neftin bir barelinin qiyməti 45 dollara qədər azalıb.

"Dünya bazarında enerji qiymətlərinin aşağı düşməsi Rusiya iqtisadiyyatına müəyyən mənfi təsirlərə gətirib çıxara bilər. Biz xarici kapitalın axını və rublun kursunun azalmasından danışa bilərik. Eyni zamanda bu, mövcud sistemə bir çağırışdır. Cari təsərrüfatçılıq şəraiti dəyişdirilməlidir. Böhran vaxtı son dərəcə ehtiyatlı olmaq lazmdır", - deyə rusiyalı politoloq Pavel Klaçkov bildirib.
Onun sözlərinə görə, neftin qiymətini aşağı salmaqla ABŞ 3 istiqamətdə - Rusiya, Venesuela və İrana zərbə vurmağa çalışır.
Ümumiləşdirsək, başa çatmaqda olan ilin əsas hadisələri kimi İŞİD terror qruplaşmasının törətdiyi aktların artmasını, bununla əlaqədar Yaxın Şərqdən Avropaya mühacirlərin axını və miqrasiya böhranını, Qərbin Rusiyaya Ukraynadakı hərəkətlərə görə davam etməkdə olan sanksiyalarını, neft istehsal edən ölkələrə böyük zərbə olan neftin qiymətini aşağı düşməsini, eləcə də Rusiyanın Suriyada hərbi əməliyyatlara başlamasını və Türkiyə-Rusiya münasibətlərində soyuqluğun yaranmasını vurğulaya bilərik.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394169.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR