Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mübariz Əhmədoğlu: Ermənistan prezidenti S.Sərkisyan obyektiv qanunauyğunluqları inkar edir

Mübariz Əhmədoğlu: Ermənistan prezidenti S.Sərkisyan obyektiv qanunauyğunluqları inkar edir

Date: 30 December 2015 10:43

Bakı. Trend:

Ermənistan cəmiyyətində baş verənlərin heç də hamısına ciddi siyasi analitik prizmadan yanaşmaq mümkün deyil. Misal üçün, S.Sərkisyan ilin ortasında Fransanın Kann şəhərində keçirilən musiqi sənayesinə həsr olunmuş sərgidə (MİDEM) iştirak etdi. Ermənistanın qarşısında dayanan məqsədlər, problemlər fonunda ölkə prezidentinin başqa ölkədə musiqi sənayesi ilə maraqlanması yalnız erməni məntiqi ilə izah oluna bilər.

Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

O qeyd edib ki, ola bilər, S.Sərkisyanın belə səfərlərini təşkil edən şəxslər prezidentə “ayı xidməti” göstərirlər: "Çünki S.Sərkisyan əlavə də bir neçə dəfə xaricdə belə sərgilərdə və ya tədbirlərdə iştirak etdi. Bu tədbirlərdə iştirakı zamanı həmin dövlətin heç bir yüksək çinli rəsmisi S.Sərkisyanla görüşmədi. “Erməni soyqırımı”nın 100 illiyinin qeyd olunması S.Sərkisyanın siyasi sövdələşmə bacarığını nümayiş etdirdi. S.Sərkisyan və onun ətrafı üç illik fəaliyyətdən sonra başa düşdülər ki, “erməni soyqırımı”nın 100 illiyini öz arzuladıqları kimi reallaşdıra bilməyəcəklər. Bu həqiqətən də belə oldu. Cəmi üç prezident “erməni soyqırımı” tədbirlərində iştirak etmək üçün Yerevana gəlmişdi. Amma S.Sərkisyanın Vatikanla sövdələşməsi “erməni soyqırımı”nın 100 illiyinin qeyd olunmasında müəyyən dönüş yarada bildi: Avroparlament yenidən “erməni soyqırımı” mövzusunda qətnamə qəbul etdi; Bir sıra dövlətlər “erməni soyqırımını” tanıdılar. S.Sərkisyanın Vatikanla sövdələşməsi sinusoidal oldu: Yaxın Şərqdə xristianların təhlükəsizliyinin təminində Türkiyənin roluna görə Vatikan “erməni soyqırımı” mövzusundan kənarlaşmışdı. S.Sərkisyan erməni katoliklərinin başçısı XIX Nerses vasitəsilə Roma papası Fransisklə sövdələşməyə getdi; “Vatikan “erməni soyqırımı”nın tanınmasına yeni stimul verən bəyanat verir, bunun əvəzində S.Sərkisyan Ermənistanda rus şəhəri hesab edilən Gümrüdə Cənubi Qafqaz və Şərqi Avropa üçün koordinator rolu oynayan katolik kilsə tikdirir və fəaliyyətə başlayır. S.Sərkisyanın katolik kilsə istifadəyə verildikdən sonra atdığı addımın Rusiyaya qarşı tarixi həqarət və təhlükə olduğu başa düşüldü".

Politoloq qeyd edib ki, buna görə o, Ermənistanda katolik radiosunun rəhbərini həbs etdirdi: "Ümid edir ki, onun mesajları lazımi yerlərdə lazımı qaydada qəbul ediləcək. “Erməni soyqırımının” tanınmasında S.Sərkisyanın sinusoidal mövqeyinin daha bir nümunəsi Rusiya və ABŞ-ın “erməni soyqırımı”na münasibətinə münasibətlə bağlıdır. Kəsab hadisələri zamanı Rusiya hətta yeni “erməni soyqırımı” tezisini dövriyyəyə buraxdı. S.Sərkisyan bundan imtina etdi. ABŞ-a “erməni soyqırımının” 100 illiyini qeyd etməklə müraciət etdi. Ermənistan prezidenti S.Sərkisyan kilsə ilə xristianlıqla çox məşğul oldu. İndi bəlli oldu ki, kilsə oliqarxlaşıb, şərəfsizləşib. Ölkədə mənəviyyatsızlıq hökm sürür. Erməni Apostol kilsəsinin başçısı II Qaregin bank hesabında bir milyon dollar pulu olduğu halda, qışda Suriyada çörək və yanacaq tapa bilməyən ermənilərə bunun cəmi 25 min dollarını göndərdi".

M.Əhmədoğlu deyib ki, Ermənistanın şahmat komandası və məşhur şahmatçıları qələbə üzünə həsrət qalıblar: "Şahmat Federasiyasının prezidenti olan prezident S.Sərkisyanın bu sahədə xahişi digər dövlət başçıları arasında ciddi qəbul edilmir. S.Sərkisyan və onun ətrafı Qarabağ məsələsində də ciddi layihələr reallaşdırdı. Yenilənmiş Madrid prinsiplərinin unudulması, Madrid prinsiplərinin aktuallaşması istiqamətində layihələrinə Böyük Britaniya və Avropanın digər tanınmış təşkilatlarını və ekspertlərini də qoşa bildilər. Amma bütün bunlar nəticəsiz başa çatdı".

Mərkəz rəhbəri vurğulayıb ki, hərbi sahəyə S.Sərkisyanın Azərbaycana cavab verməli yeganə silahı ritorikadır: ""Azərbaycan tərəfinin bu addımı cavabsız qalmayacaq” cümləsi erməni hərbçilərinin sloqanına çevrilib. Serj Sərkisyanın KTMT sammitindəki son çıxışını da yalnız S.Sərkisyan məntiqi izah edə bilər. Hətta erməni məntiqi bu məsələdə acizdir. Rusiyanın Azərbaycana satdığı silahların siyahısı bəllidir. Atəşkəs rejiminin pozulmasının da səbəbi S.Sərksiyana bəllidir. Əgər S.Sərkisyan Dağlıq Qarabağ münaqişəsi regionunda Türkiyə raketlərinin istifadə olunmasının əleyhinədirsə və atəşkəs rejiminin pozulmasının mənbəyini aradan qaldırmaq niyyətində deyilsə, deməli o Dağlıq Qarabağ münaqişəsi regionunda Rusiya silahlarının tətbiqinə çalışır. Rusiyanın Azərbaycana satdığı “smerçlər”, “TOS-1A”-lar Türkiyənin raketlərindən qat-qat güclüdür".

M.Əhmədoğlu bildirib ki, Türkiyə silahını işlətməyən Azərbaycan Rusiya silahını istifadə etməyə məcburdur: "S.Sərkisyanın Rusiya silahlarının Dağlıq Qarabağ münaqişəsi regionunda tətbiqinə çalışmasının səbəbi yalnız onun özünə bəllidir. Görünür, Rusiyanı tənqid obyektinə çevirmək istəyir. Normal məntiqlə başqa versiya tapmaq mümkün deyil. Sünik vilayətinin qubernatoru Surik Xaçatryan ilin adamı oldu. S.Sərksiyan aşkar şəkildə ondan çəkinir. S.Xaçatryan S.Sərkisyanın keçmişi barədə təflisatlı məlumatlara malikdir, S.Sərkisyanın nəslində azərbaycanlıların rolu barədə məlumatların yayılması S.Sərkisyana və onun gələcək perspektivlərinə öldürücü zərbə vura bilər. Ona görə, S.Sərksiyan S.Xaçatryanın bütün nazına dözməyə məcburdur. Hətta, V.Şirxanyanın həbsini də S.Xaçatryanla əlaqələndirmək mümkündür".

Politoloq qeyd edib ki, terror hadisəsinə görə həbs olunan Ermənistan müdafiə nazirinin keçmiş müavini V.Şirxanyan S.Xaçatryanın oğlunun növbəti ajiotajlı quldurluğu zamanı S.Xaçatryanın 1992-ci ildəki “döyüş qəhrəmanlıqları” barədə açıqlama vermişdi. Ermənistan prezident Administrasiyasının rəhbəri Vigen Sərkisyan da ilin adamı hesab edilə bilər. Amma onun irəliləməsi yalnız Surik Xaçatryanla toqquşana qədərdir. S.Sərkisyan siyasətdə, iqtisadiyyatda obyektiv qanunauyğunluqları inkar edir. Hər şeydə özünə müstəsna hal kateqoriyası ilə yanaşır: Siyasətdə obyektiv qanunauyğunluq budur, amma Ermənistana tətbiqində müstəsna hal yaranacaq; İqtisadi və hərbi baxımdan güclü dövlət qalib gəlir. Azərbaycan iqtisadi və hərbi baxımdan Ermənistandan güclüdür. Amma Ermənistan qalib gələcək, çünki müstəsna haldır. Və s."

M.Əhmədoğlu hesab edir ki, Ermənistan prezidenti S.Sərkisyanın bütün davranışı teatrallaşdırılmış davranışdır: "O teatr ki, onun aktyoru cəmi bircə nəfərdir. O da S.Sərkisyanın özüdür. İndi S.Sərksiyan həmin teatrın həm də rejissorudur. S.Sərkisyanın aktyorluğu həmin teatrın rejissorluğunu V.Sərkisyana və ya S.Xaçatryana keçənədək davam edəcəkdir. Yeni Konstitusiyanın fəaliyyəti dövründə müdafiə naziri və hakim partiyanın lideri statusunda Ermənistanı idarə etmək arzusunun reallaşması da təkcə özündən asılı deyil. Burada çox şey Rusiya erməniləri İttifaqının sədri Ara Abramyandan asılıdır".

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Mübariz Əhmədoğlu Ermənistan prezidenti SSərkisyan obyektiv qanunauyğunluqları inkar edir

RƏYLƏR


Top news