Ayrı-seçkiliyə məruz qalan müəllimlər

Ayrı-seçkiliyə məruz qalan müəllimlər
11:11 30 Dekabr 2015
294 Digər
Ölkə mətbuatı
A- A+

Ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi prosesinin ölkə üzrə bütün müəllimləri əhatə etməməsi narazılıqla müşahidə olunur.

ANS PRESS-in məlumatına görə, bu prosesdən keçənlərlə müqayisədə yerdə qalan pedaqoqların əmək haqqlarında artım olmaması onlar tərəfindən etirazla qarşılanır.

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü hesab edir ki, müəllimlərin narazılığına səbəb diaqnostik qiymətləndirmə prosesinin ləng aparılmasıdır.

“Əlbəttə, bu prosesin bütün pedaqoqlara şamil edilməməsi müəllimlər arasında qeyri-bərabərlik yaradır. Bununla bağlı, bizim təşkilat da Təhsil Nazirliyinə təklif etmişdi ki, qiymətləndirmə prosesinin sürətli və şəffaf aparılmasını təmin etmək üçün işçi qrupların sayı artırılsın, bura QHT-lərin nümayəndələri də cəlb olunsun. Amma o təklifimizə heç bir cavab verilmədi” deyə Azad Müəllimlər Birliyinin sədri vurğuladı.


Məlahət Mürşüdlü - Azad Müəllimlər Birliyinin sədri


Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquqşünas Sahib Məmmədov isə müəllimlərin əmək haqlarının Əmək Məcəlləsi ilə tənzimləndiyini xatırladaraq, bu prosesin stimullaşdırıcı tədbir olduğunu söylədi. Diaqnostik qiymətləndirmənin uzun müddətə - mərhələli şəkildə keçirilməsinə gəlincə, Sahib Məmmədov bunu müəyyən məhdudiyyətlərlə izah etdi:

“Fikrimcə, müəllimləri qiymətləndirmə prosesinin belə uzadılması maliyyə vəsaiti, eləcə də məktəblərdə dərs saatlarının sayı ilə bağlıdır. Çünki dərs saatları mümkün limit çərçivəsində mövcuddur. Bütün müəllimlərə çox dərs saatı vermək mümkün deyil. Eləcə də müəllimlərin əmək haqqı büdcədən maliyyələşir. Odur ki, Təhsil Nazirliyi limitdən kənara çıxa bilmir və bu baxımdan düşünürəm bu məsələni müəyyən vaxt çərçivəsində həll etmək istəyir”.



Sahib Məmmədov - hüquqşünas


Müəllimlərin diaqnostik qiymətləndirməsinin Gəncə, Sumqayıt, Şirvan şəhərləri və Xaçmaz, Masallı, Cəlilabad, Hacıqabul, Sabirabad, İmişli, Saatlı, Abşeron, Qubadlı rayonları olmaqla, ölkənin 12 bölgəsi üzrə ümumi təhsil müəssisələrində çalışan 26 minədək müəllimi əhatə etdiyini açıqlayan Təhsil Nazirliyi bu prosesdən uğurla keçənlərin əmək haqlarının 2016-cı ilin yanvarın 1-dən artacağını bildirir.




Təhsil Nazirliyindən ANS PRESS-ə verilən məlumata əsasən, indiki mərhələdə diaqnostik qiymətləndirmə ümumtəhsil müəssisələrində çalışan 30 min müəllimi əhatə edəcək. Növbəti illərdə isə digər bölgələr üzrə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması gözlənilir.

Diaqnostik qiymətləndirmənin məqsədi müəllimlərin bilik və bacarıq səviyyələrinin müəyyənləşdirilməsi, onların dərs yükü normasını və əməkhaqqını artırmaqla maddi rifahının yaxşılaşdırılması, eləcə də qiymətləndirmənin nəticəsi əsasında müvafiq olaraq inkişafyönümlü təlimlərə cəlb edilməsidir.

Azərbaycanda dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik bir stavka dərs yükü 12 saat müəyyənləşdirilir. Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilmiş müəllimlərin dərs bölgüsü aparılarkən isə müəllim üçün həftəlik 1 stavka dərs yükü 18 saat müəyyənləşdirilməlidir.

Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında sərəncam imzalamışdı.

2015-ci il yanvarın 1-dən qüvvəyə minən sərəncama əsasən dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilmədən keçən müəllimlərin dərs yükü norması 1,5 dəfə, vəzifə maaşları iki dəfə artırılacaq. Neçə bal yığmasından, hansı nəticəni göstərməsindən asılı olmayaraq dərs yükünün çoxaldılması və buna adekvat əmək haqqınını artırılması diaqnostik qiymətləndirmədən keçən bütün müəllimlərə şamil edilir.

Hazırda Azərbaycan müəllimi orta hesabla ayda 120-150 manat arası maaş alır. Bu isə əksər ölkələrdə müəllimlərə verilən əmək haqqı ilə müqayisədə xeyli azdır.

Məsələn, Amerika Birləşmiş Ştatlarında müəllimlər orta hesabla 3 min dollar (4673 AZN) maaş alır. Almaniyada isə müəllimlərin maaşları 2-3 min dollar (3115-4673 AZN) arasında dəyişir. Avstraliyada isə birinci dərəcəli müəllimlər ayda ortalama 2500 dollar (3895 AZN) maaş alırlar. Fransada praktikant müəllim 1100 dollar (1714 AZN), 30 illik stajı olan müəllim isə 2 min 500 dollar maaş alır. Böyük Britaniyada müəllimlər ortalama 5 min dollar (7789 AZN) ətrafında maaş alırlar. Bu ölkədə müəllim üçün qoyulan şərt tam gün ərzində tədris prosesində iştirak etmələridir.


Xarici ölkələrdə müəllimlərə verilən orta aylıq əmək haqqı


Ölkəmizdə gələcək nəslin savadlanması, biliklərə yiyələnməsi işi ilə məşğul peşə sahiblərinin əmək haqqları ilə bağlı məsələ mütəmadi olaraq gündəmə gəlir. İldən ilə müəllimlərin əmək haqqının artırılması ilə bağlı dövlət tərəfindən müəyyən addımlar da atılır. Amma göründüyü kimi, bu artımlar hələlik müəllimlərin maaşlarında nəzərəçarpacaq rəqəmlərin yaranması ilə nəticələnməyib. Bu isə istər-istəməz tədrisin keyfiyyətinə bu və ya digər dərəcədə təsirini göstərir. Ailəsinin maddi tələbatını ödəmək istəyən müəllim əlavə olaraq repetitorluqla məşğul olur ki, bu da onun məktəbdəki səmərəli fəaliyyətə marağını azaldır.





Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368435

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR