Bakı. Mübariz Aslanov – APA. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, komitənin əməkdaşları və bir sıra diaspor təşkilatlarının rəhbərləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər.
APA-nın məlumatına görə, kollektiv əvvəlcə Fəxri Xiyabanda Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edərək əklil qoyub. Daha sonra Şəhidlər Xiyabanı ziyarət olunub.
Qeyd edək ki, bu il Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası hesab olunan hadisənin - Naxçıvanda SSRİ-İran sərhədinin sökülməsinin 25 ili tamam olur. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib.