Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İstanbulda "Azərbaycan Nadir şah Əfşar dövləti" kitabının türk dilində nəşrinin təqdimatı keçirilib

Date: 30 December 2015 12:48

Bakı. Trend:

İstanbul şəhərində Türkiyə Aydınlar Ocağının təşkilatçılığı ilə professor Cahangir Hüseynovun Azərbaycanın görkəmli dövlət xadimi, Şərqin ən qüdrətli fatehlərindən sayılan, xalqımızın böyük oğlu Nadir şah Əfşara həsr edilmiş “Azərbaycan Nadir şah Əfşar dövləti” kitabının türk dilindəki nəşrinin təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, nəşrdə həmçinin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ön söz yazdığı və redaktoru olduğu “Nadir şah Əfşar: diplomatik yazışmalar” adlı sənədlər toplusunun da materialları yer alıb.

Mərasimdə Türkiyənin bir sıra tanınmış qələm sahibləri, yazıçı və tədqiqatçıları çıxış edərək nəşri yüksək qiymətləndirmiş, kitabın Azərbaycan tarixi ilə bağlı həqiqətlərin Türkiyədə təbliği istiqamətində böyük əhəmiyyətə malik olduğunu qeyd ediblər.

Kitabın müəllifi Cahangir Hüseynov çıxışında akademik Ramiz Mehdiyevin diplomatik sənədlər toplusuna yazdığı ön sözə toxunaraq, onun Nadir şah ətrafındakı bir sıra mübahisələrə, müəmma və təhriflərə tutarlı cavab olduğunu xüsusilə vurğulayıb, fars dilindən tərcümə edilmiş orijinal sənədlərin isə danılmaz sübut kimi ictimaiyyətin ixtiyarına verilməsini mühüm elmi hadisə kimi tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Onun sözlərinə görə, akademikin Nadir şah irsinin sistemli tədqiqi istiqamətindəki çağırışlarına tarixçilərimiz zəruri həssaslıqla yanaşmalı, bu istiqamətdəki axtarışlarını intensivləşdirməlidirlər.

Türkiyədə nəşr edilən bu kitab Nadir şah Əfşar imperiyasının yaradılmasının 280 illiyinə ithaf edilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  İstanbulda Azərbaycan Nadir şah Əfşar dövləti kitabının türk dilində nəşrinin təqdimatı keçirilib

RƏYLƏR


Top news