Bakı, 30 dekabr, AZƏRTAC
Dekabrın 30-da Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) 2015/2016-cı tədris ilinin qış imtahan sessiyası başlayıb. Təhsil naziri Mikayıl Cabbarovun imtahan sessiyasının təşkili və keçirilməsi barədə imzaladığı müvafiq əmrə uyğun olaraq, universitetdə keçirilən imtahanlarda ictimaiyyətin və valideynlərin iştirakı da təmin olunub.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, imtahan sessiyasında tələbə və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması məqsədilə bütün tədris binalarında “Qərargah” yaradılıb. İmtahanlarla bağlı sual, təklif və iradların operativ araşdırılması üçün universitetin “Qaynar xətt”inə (146-1-3) müraciət etmək mümkündür. Əlavə olaraq, tələbələr Elektron Apelyasiya Sistemi vasitəsilə də “online” formada müraciətlərini ünvanlaya biləcəklər.
İmtahan sessiyası dövründə ADİU-nun rektoru hər həftənin şənbə günü “Açıq qapı” günü keçirəcək.
Qış imtahan sessiyası fevralın 1-də yekunlaşacaq. Hər bir kurs üzrə ən çox bal toplayan 15 tələbəyə ikinci əlaçı təqaüdü veriləcək. Məqsəd bu ali təhsil ocağının tələbələrinin təhsilə olan maraqlarının stimullaşdırılmasıdır.