Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Santa Klausun vətəni - Laplandiya

Santa Klausun vətəni -  Laplandiya

Date: 30 December 2015 14:51

Hündür dağlar, insanı heyran edən Şimal şəfəqi, hər tərəfi ağappaq qara bürünmüş meşələr və yollar - möhtəşəm dünya, Santa Klausun vətəni Laplandiya. Yeni il ərəfəsində bu bayramın ən gözəl keçirildiyi ölkəyə getmək heç də pis fikir deyil.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, çox da böyük olmayan Laplandiya Finlandiya ərazisində yerləşir. Paytaxtı Rovaniem şəhəridir. Bakıdan Laplandiyaya birbaşa uçuş yoxdur. Moskva-Helsinki reysindən istifadə etməlisən. Helsinkidə isə bileti özün almalısan.



Otel hava limanından 20 kilometr aralıda, dağların ətəyində yerləşir. Yolda Kemiyoka çayının görüntüsü adamı heyran edir. Çayın üzərindəki «Şam körpüsü»nün gözəlliyini isə sözlə ifadə etmək mümkün deyil. Körpünün hər tərəfində şamlara oxşayan işıqlar yanır.



Laplandiyada böyük, dəbdəbəli, beşulduzlu otellər yoxdur. Burada böyük otelləri ikimərtəbəli taxta evciklər əvəzləyir. Burada ən möhtəşəm mehmanxana dördulduzlu «Santa Klaus» otelidir. Yeni il ərəfəsində bu oteldə boş yer tapmaq qeyri-mümkündür. 



Otellərdə turistlər üçün bütün şərait yaradılır. Otaqlarda sauna, kamin, Laplandiyanın xəritəsi və gəziləcək məkanların şəkilləri olur. Taxta evlərdə mətbəx də var. Turistlər üçün çay, şokolad, qənd və hər iki saatdanbir isti çörək gətirilir. Otaqlarda yolkalar qurulub, kamin ətrafında isə şamlar düzülüb. Yol yorğunluğunu atmaq üçün turistlərə gözəl şəraitlər yaradılıb. Bütün otellərdə sauna, hovuz, şəlalə, solyari, akvapark, cakuzi, müalicəvi prosedurlar, massaj zalları fəaliyyət göstərir.

Burada qış mövsümü oktyabrın əvvəllərindən başlayır. Ayın sonunda isə hər tərəfi ağ qar bürüyür. Qışda soyuq 30 dərəcədən yuxarı olur. Amma şaxta çox da sərt deyil. Qışda hava səhər saat 11.00-da işıqlanır; 15.00-dan sonra isə yavaş-yavaş qaralmağa başlayır. Bütün gün alatoranlıq olur.

Ağappaq meşələr və dağlar

Laplandiya dağ xizəyi ilə məşhurdur. Otellərdə turistlərə xüsusi isti geyimlər təklif edirlər. Xizək sürməyə başlamazdan əvvəl, professional xizəkçilər qonağı sorğu-suala tuturlar. Əgər xizək sürməyi bacarmırsansa, onda sənə dərs verməyə hazırdırlar. Meşələrdə gəzmək qorxulu deyil. Hər şey nağıllardakı, cizgi filmlərindəki kimidir. Heyvanlar insanlardan qorxmur. Meşədə gəzişdikcə dovşan, tülkü,  başqa vəhşi heyvanlar yanından keçir... Nə insanlar onlardan qorxur, nə də heyvanlar insanlardan. Laplandiya əhalisi iki hissəyə bölünür: şəhər və kənd camaatı. Kənd əhalisinin ən böyük məşğuliyyəti fermalarda işləməkdir. Həm də meşələrdə giləmeyvələr və digər tərəvəzlər yetişdirirlər.



Laplandiyada ilin dörd fəslində də təbii tərəvəzlər, meyvələr var. İnsanlar pendiri, kəsmiyi, qatığı və yağı özləri hazırlayır. Mağazalarda saxta və konservləşdirilmiş ərzaqlar satmaq qadağandır. Laplandiyada insanlar avtomobildən çox maral və it qoşqularından istifadə edirlər. Buna görə də yollarda avtomobili sürətlə idarə etmək qadağandır. 

Səyahətin ən gözəl hissəsi meşəyə göbələk və giləmeyvə yığmağa getməkdir.
Laplandiya həm də bəyaz gecələri ilə məşhurdur.
 
Saami əhalisi

Laplandiyada marallar çoxdur. Amma bu o demək deyil ki, onlar sahibsizdir. Onların sahibləri Laplandiyanın qədimliyini qoruyub saxlayan, beş min il əvvəl yaranan saamilərdir. Saamilərin kiçik bir kəndi var. Laplandiyada bütün marallar saamilərin fermalarından alınır. Restoranlara, kolbasa sexlərinə maral əti vermək, qoşqular üçün marallar satmaq hüququ yalnız saami əhalisinə məxsusdur. Onların kəndində bütün evlər balaca taxta daxmalardır. Minikləri isə maral qoşqularıdır. Saamilərin kəndinə getmək çox maraqlıdır. Qonaqlarını ilk olaraq mətbəxə aparıb, yemək verirlər. Yeməkləri isə qırmızı balıq və isti çaydır. Bundan sonra onlarla söhbət edib, kəndlərini gəzə bilərsən. Saami əhalisi sivilizasiyadan kənar qalmamaq üçün özlərinə hər bir şərait təşkil ediblər. Onların interneti də var, başqa ölkələrin kanallarını izləmək üçün peyk antenaları da, mobil telefonları da.

Santa Klausun kəndi və parkı

Santa Klausun varlığına yalnız uşaqlar inanır. Amma Laplandiya səyahətindən, Santa Klausun kəndini gördükdən sonra siz də Santanın doğrudan da mövcud olduğuna uşaq kimi inanacaqsınız. Laplandiyada Santa Klausu «Yolupukki» adlandırırlar.



Əfsanələrə görə, Santa Klaus Laplandiyada, Rovaniemidən 170 kilometr aralıda, Kopke Korvatunturi kəndində doğulub. İndi bura çoxları «Santa kəndi» deyir. Kəndə girən kimi, Santanın evinin ətrafında yanan işıqlar və onun ən yaxın köməkçisi olan maral qoşqusunu görürsən. Ətrafda isə Santanın cırtdanları gəzişir. Deyilənə görə, Santa burada öz həyat yoldaşı Maura xala ilə yaşayır.



Santanın kiçik, amma gözəlliyi ilə insanı heyran edən, cizgi filmlərindəki evlərə bənzəyən taxta evciyinin qarşısına maraqlı sözlər yazılıb: «Yeni il gecəsi arzu tutmağı unutmayın. Birdən onlar gerçəkləşdi. Mən möcüzələrə inanıram, siz də inanın. Mən də arzu diləyəcəm. Tanrıdan sizin arzularınızın həyata keçməsini istəyəcəm».

Deyilənə görə, hələ bu günə kimi heç bir insan Santa Klausun evinə girə bilməyib. Bura yalnız xeyirxah ruhlar girə bilir.



Qarşıda möhtəşəm «Santa park» gəzintisi var. Park saat 17.00-a kimi işləyir. Gördüklərinin gerçək olduğuna inanmaq çətindir. Parkda Santa Klausun böyük ofisi var. Qarşısında isə dünyanın dörd bir yanından gələn məktubların olduğu poçt qutusu. Santa Klaus bu məktubların hamısına gec də olsa cavab verir. Əgər məktubu bu il göndərmisənsə, gələn il ona cavab alacağına əmin ol. Burada Santa Klausla söhbət etmək, hətta şəkil çəkdirmək də mümkündür. Bir şəkil üçün 18 avro ödəməlisən. Öz fotoaparatınla şəkil çəkdirmək qadağandır.



Parka girən kimi darçınlı peçenyelərin və kofenin iyi iştahı açır. Santanın cırtdanları qonaqlara kofe, isti çay və məşhur darçınlı peçenye verir. Soyuq havada isti kofenin əsl yeridir. Parkın hər guşəsi bir-birindən fərqlənir. Bir tərəfdə cizgi film qəhrəmanları tamaşalar göstərir, digər tərəfdə isə Santanın cırtdanları və Qar qız turistlərə bu ölkədən yadigar olaraq kiçik hədiyyələr paylayır.

Ranua parkı

Laplandiyanın vəhşi təbiətini görmək üçün ən gözəl yer Ranua parkıdır. Bu parkda siz Laplandiyanın məşhur ağ və qonur ayılarına, vəhşi marallara və şimal heyvanlarına baxmaq imkanı əldə edəcəksiniz. Ayıları ancaq yatmış halda görmək mümkündür. Əgər onların balaları dünyaya gəlirsə belə, ayılar aprelin sonunda yuxudan oyanır.



Yeni il…

Deyilənə görə, dünyada ən gözəl Yeni il məhz Laplandiyada keçir. Yeni il burada noyabrın axırlarından hiss olunur. Hər tərəf işıqlarla, yolkalarla bəzədilir, ətrafdan Yeni il musiqisi eşidilir. Hamı Santa Klausun kəndinə axışır. 31 dekabr günü Yeni ili qarşılama mərasimi saat 21.00-dan başlayır. Onların bu mərasim üçün öz qanun-qaydaları var. Saat 22.00-dan sonra küçələrdə şamanlar çox olur. Hovuzun kənarına qoyulan vedrələrə su töküb, donmasını gözləyirlər. Alınan fiquru götürüb şamana yaxınlaşırlar. Şamanlar qarşıdan gələn ildə insanı nələrin gözlədiyini deyir.



Saat 23.00-dan sonra küçələrdə tonqallar qalanır, musiqilər səsləndirilir.
Laplandiya həm də şamanlar ölkəsi kimi məşhurdur. Dünyanın ən professional şamanları, cadugərləri, falçıları burada yaşayırlar.

Şimal Şəfəqi

Səyahət zamanı turistləri qeyri-adi Sodankyola kəndini görməyə də aparırlar. Yəqin ki hamınız Şimal şəfəqini eşitmisiniz. Dünyanın dörd bir yanından turistlər məhz bu Şimal şəfəqini görməyə gəlir. Şimal şəfəqi gecə saat 3-4 arası olur. Laplandiyanın mərkəzində yerləşən bu kənddə Şimal şəfəqini yaxşı izləmək üçün buzdan otel tikilib. Turistləri «Şəfəq evi» deyilən otelə aparırlar. Oteldə temperatur 7-8 dərəcə olur. Yataqlar taxtadandır. Donmamaq üçün müştərilərə qoyun dərisindən düzəldilən örtüklər verilir. Şimal Şəfəqi görünməyə başlayanda isə zənglər çalınır, hamı göyün üzünə baxır. Bu gözəlliyi ömrünün sonuna kimi unutmayacağına əmin ol.
Laplandiya əhalisi deyir ki, Şimal şəfəqi zamanı göydən qəribə səslər eşidilir. Bu, Əjdahanın yerə göndərdiyi milçək cildinə girən bəd ruhlardır.

Xoşbəxtlik şaxtası

Turistlərin ən çox sevdiyi məkanlardan biri də Laplandiyanın Luosto əyalətində yerləşən ametis mağarasıdır. Bu, dünyada ən möhtəşəm və yeganə ametis şaxtasıdır. Şaxtada sərxoşluğa qarşı amulet də var. Laplandiya əhalisi bu amuletə sahib olduqları üçün özlərini dünyanın ən xoşbəxt insanı hesab edirlər.

Turistlərə bu şaxtadan xatirə qalması üçün kiçik ölçüdə ametis götürməyə icazə verilir. Deyilənə görə, hamamda isti vanna qəbul edərkən ametisi vannanın bir küncünə qoysan, çıxandan sonra özünü gümrah və sağlam hiss edəcəksən. Bunun üçün ametis mütləq Xoşbəxtlik şaxtasından götürülməlidir.

Buz qəsri - Lumilinna



Buzdan düzəldilən, orta əsr saraylarını xatırladan bu möhtəşəm qəsr Kemu şəhərində yerləşir. Laplandiyaya səyahət edən hər bir kəsə bu qəsrə baxmaq məsləhətdir. Nur saçan bu məkanda qonaqları «Lumilinnanın ruhları» - Terttu və Arttu qarşılayır. Turistləri bu qəribə məxluqlar  gəzdirir.



Alış-veriş

Mağazalar tez bağlanır. Buna görə də alış-verişə səhər çıxmaq məsləhətdir. Mağazalarda daha çox suvenirlər satılır. Ən gözəli isə şlyapalar və üzərinə Laplandiyanın mənzərəsi əks olunan balışlardır. Qiymətlər isə turistlər üçün çox bahadır.



Mətbəx

Laplandiyada olub, maral əti yeməmək günahdır. Ən ləzzətli və ən dadlı yeməklər maral ətindən hazırlanır. Restoranların çoxu İsveç masası üslubunda fəaliyyət göstərir. 22 avro ödə, istədiyini ye.
Şorbalar göbələkdən, maral ətindən və qızıl balıqdan hazırlanır.
Ən dadlı yeməkləri kartof püresi və mərsin mürəbbəsi, balla hazırlanan xiyar və ev pendiri, təzəcə kəsilmiş, süddə bişirilən qoyun ətidir.



Laplandiyada ən bahalı içki Avstraliyadan gətirilən isti rom hesab edilir. İçkilər çox bahalıdır. Burada meşə giləmeyvələrindən hazırlanan kiselin dadına baxmaq məsləhətdir.
Ən məşhur sousları isə Portveyndən (şirin şərab) hazırlanır.



Yolun Laplandiyaya düşsə, mütləq «Laplandiya a lya karte» yeməyinin dadına bax. Tərkibi sarı böyürtkən və digər giləmeyvələrlə yanaşı göbələk, balıq, maral ətindən ibarətdir. Görünüşü qəribə olsa da, dadı çox ləzzətlidir. 

Qanunlar:

Dəbdəbəli evlər tikə bilərsən, amma şəhərdən kənarda. Burada qədimliyi olduğu kimi qoruyub saxlamaq lazımdır. Hətta meşə və heyvandarlıqla məşğul olanlar da bu qanuna riayət etməlidirlər. Təbiəti dəyişilməz görünüşdə saxlamağa məcbursan. Çayda balıq tutmaq üçün lisenziyan olmalıdır. Birdəfəlik lisenziya 20 avroya başa gəlir.
Laplandiyaya özünlə yalnız 1 litr spirtli içki apara və ya oradan hədiyyə kimi gətirə bilərsən. Ətir isə 50 ml.-dən artıq olmamalıdır.
Ölkəyə qrip əleyhinə dərmanlar gətirmək qadağandır.


Tags:  Santa Klausun vətəni Laplandiya

RƏYLƏR


Top news