Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hacıqabul–Kürdəmir avtomobil yolu yenidən qurulub

Date: 30 December 2015 14:58


Bakı, 30 dekabr, AZƏRTAC 
Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 120-200-cü kilometrlik Hacıqabul-Kürdəmir hissəsinin yenidənqurmadan sonra açılışı olub.
Təmir-tikinti işlərini həyata keçirən “Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, layihə üzrə yolun ümumi eni 27,5 metrdir. Hərəkət zolaqlarının sayı 4, hər bir zolağın eni 3,75 metr olmaqla, yol örtüyü polimer asfalt-betondur.
Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Kürdəmir hissəsinin yenidən qurulması layihəsi çərçivəsində 5 yol qovşağı və 1 su üzərindən (hidravlik) körpünün inşası yekunlaşdırılıb. Girdman çayı üzərində köhnə hidravlik körpünün gücləndirilməsi ilə svay vurma işləri aparılıb.
Bundan başqa, yolda 19 yeraltı keçid, 25 ədəd düzbucaqlı drenaj qurğusu, 148 ədəd suötürücü dairəvi boru mənfəz və 24 avtobus dayanacağı tikilib. Nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol boyu müvafiq yol nişanlarının quraşdırılması, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi aparılıb, yol boyu ikitərəfli işıqlandırma sistemlərinin qurulması işləri görülüb.
Yolun açılış mərasimində “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətiin sədri Saleh Məmmədov iştirak edib.
Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən “Qədim ipək yolu”nun bir hissəsi olan “Hacıqabul–Kürdəmir avtomobil yoluna 2 zolaq əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi” layihəsinin icrasına 2011-ci ilin dekabrında başlanılıb.

Tags:  HacıqabulKürdəmir avtomobil yolu yenidən qurulub


RƏYLƏR


Top news