Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

QHT nümayəndələri ilə görüş keçirilib (FOTO)

QHT nümayəndələri ilə görüş keçirilib (FOTO)

Date: 30 December 2015 15:28

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında “İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forum”un nümayəndələri ilə görüş keçirilib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Forumda Türkiyənin 30, Azərbaycanın 20 və Gürcüstanın 3 QHT-nin birləşdiyini deyən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı hər üç ölkənin terrora məruz qaldığını və bu baxımdan fəaliyyətlərinin başlıca istiqamətinin ortaq problemlərin həlli olduğunu qeyd edib.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov təmsil etdiyi qurumun yaranma məqsədləri və fəaliyyət istiqamətləri haqqında qonaqlara ətraflı məlumat verib. F.Qurbanov Şuranın ötən 7 il ərzində insan hüquqları, təhsil, mədəniyyət, sosial məsələlər və digər çoxsaylı mövzularda 3 minədək layihəni maliyyələşdirdiyini bildirib.

İcraçı direktor Şuranın fəaliyyətində ölkənin ən başlıca problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasının prioritet təşkil etdiyini vurğulayıb: "Ermənistanın işğalçılıq siyasətinin və terrorçuluq fəaliyyətinin yalnız Azərbaycana qarşı olmadığını, bütün dünya üçün ciddi təhlükə mənbəyinə çevrildiyini bu gün hər kəsin anlamağı lazımdır. Bu işdə dünyada baş verən proseslərə təsir imkanı artmaqda olan QHT-lərin də üzərinə mühüm yük düşür. Azərbaycan dövləti bu sahədə QHT-lərə zəruri dəstəyini heç zaman əsirgəməyib. 2008-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yaradılan Şura milli donor institutu kimi ölkə QHT-lərini xarici maliyyə asılılığından azad edərək onların milli mövzularda yüzlərlə layihəsini maliyyələşdirib”.

Görüşdə çıxış edən Türkiyə və Gürcüstan QHT-lərinin nümayəndələri Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün birgə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  QHT nümayəndələri görüş keçirilib FOTO

RƏYLƏR


Top news