“Şahdağ“ Turizm Mərkəzində xizək mövsümü davam edir

“Şahdağ“ Turizm Mərkəzində xizək mövsümü davam edir
15:43 30 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 30 dekabr, AZƏRTAC
“Şahdağ“ Turizm Mərkəzi dekabrın 31-də Yeni ili fərqli keçirmək və 2016-cı ilə maraq dolu əyləncələrin müşayiəti ilə daxil olmaq istəyənlər üçün “Şahdağ”, “ Zirvə”, “Pik Palace” və “Park Chalet” otellərində şənliklər təşkil edir.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Yeni ili əsrarəngiz gözəlliklər mühitində qarşılayaraq qonaqlara ən möhtəşəm anlar yaşatmaq və zövqlü istirahət təşkil etmək üçün turizm mərkəzi var gücü ilə hazırlaşır.
Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi ilə həyata keçirilən və Azərbaycan turizm tarixində ən genişmiqyaslı layihə olan “Şahdağ” Turizm Mərkəzində qış mövsümü dekabrın 11-dən açıq elan edilib. Ağappaq qarla örtülmüş Şahdağ yamacları xizək həvəskarlarının istifadəsinə verilib. Turizm mərkəzini ziyarət edənlərin sayı ilbəil artır və bu mövsüm 120 mindən çox turistin gələcəyi gözlənilir.
Qeyd edək ki, müştəri məmnunluğunu, turistlərin rahatlığını təmin etmək və göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə “Şahdağ” Turizm Mərkəzinin Bakıda, Bülbül prospekti, 26 ünvanında yerləşən və məlumat bürosu rolunu oynayan informasiya mərkəzi sentyabr ayından istifadəyə verilib. Otellərin bronlaşdırılması, xizək ləvazimatlarının ölçü və say sifarişi, kirayəsi və satışı, hətta xizək məktəbində fəaliyyət göstərən təlimatçıların qabaqcadan seçilməsi kimi xidmətlərdən faydalanmaq, eləcə də ödəniş etmək üçün turistlər informasiya mərkəzinə müraciət edə bilərlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sahdag_Turizm_Merkezinde_xizek_movsumu_davam_edir-915577

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR