Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hərbi prokuror: Dövlət əmlakını külli miqdarda mənimsəyənlər cinayət məsuliyyətinə cəlb edilib

Hərbi prokuror: Dövlət əmlakını külli miqdarda mənimsəyənlər cinayət məsuliyyətinə cəlb edilib

Date: 30 December 2015 16:13

Bakı. Trend:

Bu gün Respublika Hərbi Prokurorluğunda kollegiya iclası keçirilib.

Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, kollegiya iclasında çıxış edən Azərbaycan Baş prokurorunun müavini – Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lideri Heydər Əliyevin milli dövlətçilik kursunu və siyasi irsini zamanın tələblərinə uyğun təkmilləşmiş formada uğurla həyata keçirən Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində dövlət müstəqilliyimizin daha da möhkəmləndirildiyini, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndiyini, diqqətə çatdırıb. Bildirib ki, 2015-ci ildə ölkənin inkişaf dinamikasında ciddi keyfiyyət dəyişiklikləri baş verib, sosial-iqtisadi siyasətin uğurla həyata keçirilməsi nəticəsində böyük nailiyyətlər əldə olunub.

Ölkə iqtisadiyyatının dinamik inkişafının Silahlı Qüvvələrin fəaliyyətinə də müsbət təsir etdiyini söyləyən Hərbi prokuror qeyd edib ki, son illər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordunun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Bunun nəticəsində ordunun döyüş qabiliyyəti daha da yüksəlib, şəxsi heyətin nizam-intizamı güclənib, nöqsanların aradan qaldırılması istiqamətində müəyyən irəliləyişlərə nail olunub.

X.Vəliyev digər hüquq-mühafizə orqanları ilə 2015-ci ildə də cinayətkarlığa qarşı mübarizənin gücləndirildiyi, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizə, o cümlədən vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahələrində zəruri tədbirlərin görüldüyü və yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi barədə ətraflı məlumat verib.

2015-ci ildə hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu cinayət hadisələri aşkarlanaraq qeydə alınıb və bu qəbildən olan bir sıra işlərin istintaqı tamamlanıb, ibtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, qüvvədə olan cinayət-prosessual qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilib. Hesabat dövründə dövlət əmlakının külli miqdarda mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşaraq günahkar şəxslər cinayət məsuliyyətinə cəlb edilib. Törədilmiş cinayətlər nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın istintaq zamanı ödənilməsi təmin olunub.

Kollegiyada görülmüş müsbət işlərlə yanaşı, “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunub. İbtidai istintaq, təhqiqat üzərində prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi, dövlət ittihamının müdafiəsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar və çatışmazlıqlar ciddi tənqid olunub və onların aradan qaldırılması üçün konkret göstərişlər verilib.

Kollegiyada “Vətəndaşların müraciətləri haqqında” yeni qanunun hərbi prokurorluq orqanlarında icrası üzrə tədbirlər müzakirə edilmiş və dövlətimizin başçısının vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, vətəndaş məmnunluğuna nail olunması ilə bağlı tapşırıqları xüsusi olaraq vurğulanıb.

İclasda qanundan irəli gələn vəzifələr və həmçinin bu sahədə mövcud problem və çatışmazlıqlar müzakirə edilib. Vətəndaş müraciətləri ilə işin yeni qanunun tələblərinə uyğun daha səmərəli qurulması, o cümlədən bu vacib sənədin dərindən öyrənilməsi və dəqiq tətbiqi, müraciətlərdə qaldırılan məsələlərə, xüsusilə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə şikayətlərə diqqətlə yanaşılması və onların çevik həlli, vətəndaşların qəbulu işinin təkmilləşdirilməsi və s. konkret tədbirlər müəyyənləşdirilib.

İclasda prokurorluq orqanlarının yaradılmasının 97-ci ildönümü və peşə bayramı günündə Prezident İlham Əliyev tərəfindən imzalanan 30 sentyabr 2015-ci il tarixli sərəncama müvafiq olaraq, ölkədə qanunçuluğun təmin edilməsində, ağır və xüsusilə ağır cinayətlərin istintaqının aparılmasında və bu cinayətlərin açılmasında, korrupsiyaya qarşı mübarizə aparılmasında, məhkəmədə dövlət ittihamının müdafiə olunmasında xidmətlərinə görə "İgidliyə görə" və "Dövlət qulluğunda fərqlənməyə görə" medalları ilə təltif edilmiş hərbi prokurorluq əməkdaşlarına Hərbi prokuror X.Vəliyev tərəfindən dövlət mükafatları təqdim edilib.

Dövlət təltifinə layiq bilinmiş əməkdaşlar çıxış edərək, bu təltifləri onlara göstərilən yüksək etimad kimi dəyərləndirməklə yanaşı, ölkə başçısına dərin minnətdarlıq hisslərini ifadə ediblər.

Kollegiyada 2016-cı ilin birinci yarım ili üçün iş planı təsdiq edilib, 2015-ci ilin yekunlarına dair keçiriləcək geniş kollegiya iclasının keçirilməsinə hazırlıqla əlaqədar müvafiq tapşırıqlar verilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Hərbi prokuror Dövlət əmlakını külli miqdarda mənimsəyənlər cinayət məsuliyyətinə cəlb edilib

RƏYLƏR


Top news