İlyas Umaxanov: Bizim ölkələrdə bu cür müdaxilələr uğursuzluğa məhkumdur

İlyas Umaxanov: Bizim ölkələrdə bu cür müdaxilələr uğursuzluğa məhkumdur
16:13 30 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Moskva, 30 dekabr, AZƏRTAC
“Bütövlükdə humanitar əməkdaşlıq Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsi üçün çox böyük əhəmiyyət kəsb edir”. RF Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov bu fikri Rusiya-Azərbaycan Dostluq Mərkəzinin direktoru Nataliya Krasovskaya ilə söhbətində söyləyib.
İ.Umaxanov Rusiya ilə Azərbaycan arasında parlamentlər səviyyəsində əlaqələrin möhkəmlənməsini və inkişafını, habelə Azərbaycan tərəfindən həmsədri Milli Məclis sədrinin müavini Valeh Ələsgərov olan Federal Məclis ilə Milli Məclisin əməkdaşlığı üzrə Parlamentlərarası komissiyanın fəal işini xüsusi qeyd edib. İlyas Umaxanovun sözlərinə görə regionlararası əməkdaşlıq problemləri, hər iki ölkənin rəqabət qabiliyyətinin artırılmasının qanunvericiliklə təminatı, neft emalı, neft kimyası və bərpa edilən enerji mənbələri sahəsində ikitərəfli elmi-texniki əməkdaşlıq məsələləri bu komissiyanın diqqət mərkəzindədir.
Parlamentarilərinin fəal iştirak etdikləri daha bir qurum iqtisadi əməkdaşlıq üzrə Rusiya-Azərbaycan hökumətlərarası komissiyasıdır. Bu komissiyaya Rusiya tərəfdən baş nazirin müavini Dmitri Roqozin, Azərbaycan tərəfdən – baş nazirin birinci müavini Yaqub Eyyubov rəhbərlik edir. Komissiyanın bu il oktyabr ayında keçirilmiş XV iclasında Azərbaycan MDB ölkələri arasında Rusiyanın ən effektiv tərəfdaşlarından biri adlandırılıb. İclasda həmçinin, aqrar sahədə əməkdaşlığın inkişafı, o cümlədən Rusiyaya daha göndərilməyən, sanksiyalı məhsulların Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsulları ilə əvəz edilməsi məsələsi müzakirə olunub.
İlyas Umaxanov vurğulayıb: “Xarici işlər naziri Sergey Lavrov da Bakıda səfərdə olarkən Parlamentlərarası əlaqələrin nəzərəçarpacaq dərəcədə artmasını qeyd edib. Azərbaycanın Moskvadakı səfirliyi və şəxsən səfir Polad bülbül oğlu rusiyalı parlamentlərilərə çox böyük kömək göstərir”.
İ.Umaxanov Azərbaycanda rus dilinin geniş tətbiq edilməsi ilə bağlı məmnunluğunu bildirərək deyib: “Söhbət təkcə rus dilindən getmir. Biz qonşularımızın da dilinə, mədəniyyətinə marağı təşviq etməliyik. Əks halda ticari-iqtisadi sahədə də qarşılıqlı anlaşma və tərəqqi olmayacaq. Şair Rəsul Həmzətov yazırdı: “Əgər sən keçmişinə tapançadan atəş açsan, gələcək sənə topdan atəş açacaq”. Dünyada elə qüvvələr var ki, onlar Rusiyanın və Azərbaycanın uğurlu və firavan olmasını istəmir, lakin mən əminəm ki, bizim ölkələrdə bu cür müdaxilələr uğursuzluğa məhkumdur”.
Siyasətçi öz sözlərinin əyani sübutu kimi belə bir faktı göstərib ki, Böyük Vətən Müharibəsində Qələbənin 70 illiyinə həsr edilmiş tədbirlərdə, o cümlədən Qızıl meydanda keçirilən hərbi paradda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.
RF Federal Məclisi Federasiya Şurası sədrinin müavini vurğulayıb ki, Azərbaycanla Rusiyanı müştərək quruculuq layihələri də birləşdirir. Məsələn, vaxtilə Baykal-Amur Magistralının tikintisində müttəfiq respublikalar fəal iştirak edirdi. O cümlədən “AzBAMstroy” tikinti-quraşdırma idarəsinin qüvvəsi ilə inşa olunan Anqoya stansiyasının tikintisinə o dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olan Heydər Əliyev kuratorluq edirdi. BAM-ın tikintisində Azərbaycan xalqının ümummilli liderinin möhtəşəm böyük rolunu xatırlayaraq 2008-ci ildə Anqoya stansiyasının vağzalına Heydər Əliyevin adı verilib. İlyas Umaxanovun fikrincə, tarixin bu cür səhifələrini qayğı ilə qoruyub saxlamaq və sonrakı nəsillərə çatdırmaq lazımdır.
Başa çatmaqda olan il bütün dünyada çox gərgin keçib. Adətən sakitlik hökm sürən Avropa amansız terror aksiyaları, miqrant axını, millətçi və ksenofobiya əhval-ruhiyyəsinin artması, konfessiyalararası münaqişələrlə əlaqədar mürəkkəb dövr yaşayır. Rusiya və Azərbaycan Avropa dövlətləri üçün gözəl nümunə ola bilər: bu ölkələrdə müxtəlif dinlərə etiqad bəsləyən insanlar nəinki yanaşı yaşamağı, həm də dostluq münasibətləri saxlamağı bacarır. İlyas Umaxanov bu faktı onunla izah edib ki, hər iki ölkənin rəhbərliyi səmərəli əməkdaşlıqda marağı olan hər kəsin səylərini birləşdirməyi bacarır. Rusiya və Azərbaycan parlamentariləri öz müsbət təcrübəsini xarici ölkələrdəki həmkarları ilə bölüşməyə hazırdırlar.
Müsahiblər informasiya müharibələri kimi aktual məsələdən də yan keçməyiblər. Məsələn, bu il noyabrın 1-də keçirilmiş parlament seçkiləri ilə əlaqədar Azərbaycan qərb KİV-ləri tərəfindən çox sərt tənqidə məruz qalıb. Həmin KİV-lər Azərbaycanın hakimiyyət orqanlarını guya səsvermə qaydalarının pozulmasında ittiham edirlər. Lakin İlyas Umaxanov bu fikirlə əsla razı deyil. O deyib: “Mən Azərbaycanda həm prezident seçkilərində, həm də parlament seçkilərində MDB-dən olan müşahidəçilər missiyasında dəfələrlə iştirak etmişəm. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanda seçkilər keyfiyyətli təşkil olunur, səsvermənin sərbəst və demokratik keçirilməsi prosedurlarına yüksək səviyyədə riayət edilir. Əminəm ki, ölkələrimizin rəhbərliyinin yürütdüyü kursun xalq tərəfindən dəstəklənməsi və dövlət aparatının səmərəli işi sülhü və mehriban qonşuluq münasibətlərini qoruyub saxlamaqda bizə kömək edəcək”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ilyas_Umaxanov_Bizim_olkelerde_bu_cur_mudaxileler_ugursuzluga_mehkumdur-915589

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR