Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyev akademik İsmayıl İbrahimovu təbrik edib

Prezident İlham Əliyev akademik İsmayıl İbrahimovu təbrik edib

Date: 30 December 2015 18:18

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev akademik İsmayıl İbrahimova təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Sizi – Azərbaycan elminin inkişafında mühüm xidmətləri olan tanınmış alimi, SSRİ Dövlət mükafatı laureatını 100 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Keçdiyiniz həyat yolu hər bir Azərbaycan gənci üçün örnək sayıla bilər. İkinci Dünya müharibəsi illərində Siz faşizmə qarşı rəşadətlə vuruşaraq vətən tarixinə şanlı səhifələr yazmış minlərlə Azərbaycan övladından birisiniz. Elmi yaradıcılığınızı pedaqoji fəaliyyətinizlə ahəngdar şəkildə birləşdirməklə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində müvəffəqiyyətlə çalışmış, uzun illər bu mötəbər təhsil ocağının rəhbəri olmusunuz. Həmin ali məktəbin respublikamız və xarici ölkələr üçün hazırladığı çoxsaylı mütəxəssislər Azərbaycanın “neft akademiyası” olaraq şöhrətinin artırılmasına xidmət etmişlər.

Sizə tariximizin sovet dövründə xalqımızın ümummilli lideri Heydər Əliyevlə bir yerdə çalışmaq səadəti nəsib olmuşdur. Müxtəlif rəhbər vəzifələrdə və seçkili orqanlarda təmsil olunaraq ölkəmizin inkişafına layiqli töhfələr vermisiniz. Son illər ərzində Azərbaycan Uşaq Fondunun sədri kimi yetişməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün böyük səylər göstərirsiniz.

Fədakar əməyiniz dəfələrlə yüksək təltiflərə layiq görülmüşdür. Onların içərisində, heç şübhəsiz, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şərəf” ordeninin xüsusi yeri vardır. Əminəm ki, zəngin həyat təcrübənizi, bilik və bacarığınızı ölkəmizin gələcəyi naminə bundan sonra da əsirgəməyəcəksiniz.

Sizə cansağlığı və xoşbəxtlik arzulayıram".

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Prezident İlham Əliyev akademik İsmayıl İbrahimovu təbrik edib

RƏYLƏR


Top news