“Zərərli vərdişlər və erkən nikahın yaratdığı fəsadlar” layihəsinin icrasına başlanılıb

“Zərərli vərdişlər və erkən nikahın yaratdığı fəsadlar” layihəsinin icrasına başlanılıb
19:58 30 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 30 dekabr, AZƏRTAC
Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər davam etdirilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Abşeron rayonunun Güzdək qəsəbəsi “Rəsulullah” məscidi dini icmasının həyata keçirdiyi “Zərərli vərdişlər və erkən nikahın yaratdığı fəsadlar” layihəsi çərçivəsində “İslam dininə aid mötəbər mənbələrdə zərərli vərdişlərə baxış” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Kəlbizadə Komitənin ümumilikdə respublikada, eyni zamanda, Sumqayıt-Abşeron bölgəsində dini maarifləndirmə sahəsində gördüyü işlərdən danışıb.
“Rəsulullah” məscidi dini icmasının sədr müavini Mirkazım Kazımlı Azərbaycan Prezidentinin dini icmalara dini maarifləndirmə və milli mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamının dövlətin dinə daha bir qayğısı olduğunu bildirib. O vurğulayıb ki, dini icmaların fəaliyyətinə göstərilən bu cür dəstək onların məsuliyyətini daha da artırır.
Abşeron Rayon İcra Hakimiyyəti başçısının Güzdək qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Fəxrəddin Orucov qeyd edib ki, bu cür layihələrin reallaşdırılmasına göstərilən dəstək dini icmanın fəaliyyətini daha da gücləndirməsi üçün stimuldur. O, belə layihələrin reallaşdırılmasının, xüsusilə erkən nikahlara qarşı aktiv təbliğatın aparılmasının çox vacib olduğunu deyib.
Tədbirdə “İslam dininə aid mötəbər mənbələrdə zərərli vərdişlərə baxış” mövzusunda edilən məruzədə İslam dininin xalqımızın mənəvi dəyərlər sistemində yerindən, bu dinin zərərli vərdişlərə - narkomaniyaya, alkoqolizmə, cəhalətə qarşı mövqeyindən bəhs edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Zererli_verdisler_ve_erken_nikahin_yaratdigi_fesadlar_layihesinin_icrasina_baslanilib-915662

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR