Ali məktəblərə qəbul qaydaları dəyişdirilir

21:29 30 Dekabr 2015
90 Digər
Ölkə mətbuatı
A- A+

Milli Məclisin yeni hazırladığı “Təhsil haqqında” qanunun müvafiq maddələrində “test” sözü götürülüb

“Birdəfəlik bilmək lazımdır ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qurduğu mexanizm biliyi ölçmə, dəyərləndirmə və abituriyentin arzusuna uyğun olaraq, onları ali məktəblərə yerləşdirmə qaydasıdır. Komissiya tələbələrin məktəblərə qəbulunda heç bir seçim etmir. Bunu kim müəyyənləşdirib ki, filan abituriyent hüquq fakültəsində oxumağı daha çox istəyir, jurnalistikanı sadəcə elə-belə yazıb?! Belə hallara görə komissiyanı günahlandırmaq doğru deyil”.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasınının sabiq sədri, Musavat Partiyasının Divan üzvü Vurğun Əyyub “Təhsil haqqında” qanuna həsr olunmuş ictimai müzakirələrdəki çıxışında belə deyib. “Yeni Nəsil” Jurnalistlər Birliyinin Azərbaycan Media Mərkəzi ilə birgə təşkil etdiyi tədbirdə komissiyanın sabiq sədri bildirib ki, hər bir abituriyent hansı universitetdə oxumaq istədiyini öz ərizəsində siyahı üzrə göstərir. Onun sözlərinə görə, abituriyent həmin siyahıda birinci yerdə hüquq fakültəsini göstərirsə, deməli, o, hüquqşünas olmaq istəyir.

“Təəssüf ki, insan şəxsiyyəti, arzusu, azadlığı və demokratiya anlayışı bizim pedaqoji işçilərə deyəsən, bir az yaddır. Halbuki, bu sistem öz mahiyyətini demokratizmdə açır. Bəziləri haqlı olaraq deyirlər ki, abituriyent ali məktəbə daxil olmaq naminə istəmədiyi, gələcəkdə peşəkar mütəxəssis kimi yetişə bilməyəcəyi ixtisasları yazır. Burada TQDK-nın nə günahı var? Əgər abituriyent hansısa ixtisası ərizəsində qeyd edibsə və topladığı bal həmin ixtisasa qəbul olmağa kifayət edirsə, komissiyaya yalnız bunu rəsmiləşdirmək qalır” - deyə, Vurğun Əyyub bildirib.

Ekspert TQDK-nın tətbiq etdiyi sistemin Türkiyədəki sistemin təkrarı olması ilə bağlı deyilənlərlə də razılaşmır. Onun sözlərinə görə, 1992-ci ildə yeni qəbul qaydaları yaranarkən Türkiyə hökuməti bu mexanizmin tətbiqində Azərbaycana xeyli köməklik göstərib. Ancaq Azərbaycandakı bu sistem Türkiyədə olduğundan köklü surətdə fərqlənir: “Türkiyədə bu sistem çox mürəkkəb, detallı və çox incəlikləri olan mexanizmdir. Bizdə isə bu sistem tətbiq olunanda heç keçmiş SSRİ də testlə qəbul barədə heç bir təsəvvür yox idi. Biz bu üsulun son dərəcə sadələşdirilmiş formasını tətbiq etdik və bu saat Azərbaycanda ən dəqiq və düzgün işləyən yeganə dövlət qurumu məhz Tələbə Qəbulu üzrə Dövlət Komissiyasıdır” .

Bununla belə, Vurğun Əyyub TQDK-nın fəaliyyətində bir neçə qüsurlu dəyişikliklərin olduğunu qeyd edib. İkinci yerləşdirmənin bu dəyişikliklər arasında ən zərərlisi hesab edən sabiq komissiya sədrinin fikrincə, imtahandan sonrakı yerləşdirmə ali məktəblərə qəbuldakı şəffaflığa kölgə salır.

“TQDK “ikinci yerləşdirmə” deyilən biabırçı dəyişikliyə getməməliydi. Çünki ikinci yerləşdirmə yalnız plan doldurmağa xidmət edir. Universitetlərdə boş yerlər qalmasın deyə, ikinci dəfə yerləşdirmə aparılır. Lakin bu qayda sovet ənənələrindən qalma metoddur və bunun test imtahanlarının prinsiplərinə heç bir aidiyyəti yoxdur” - deyə, Vurğun Əyyub qeyd edib.

Onun sözlərinə görə, hazırda Milli Məclisdə irəli sürülən ideyanın bütün mahiyyəti tələbə qəbulundan universitetlərə yenidən sərbəstlik verməkdən ibarətdir. Bu isə ali məktəbə qəbul zamanı sovet dövrünün ənənələrini qismən də olsa, bərpa etmək niyyəti güdür.

TQDK-nın hüquqşünası Nərminə Bayramova isə bildirib ki, 1992-ci ildən tətbiq olunan bu sistemin ana prinsiplərində indiyədək heç bir dəyişiklik olmayıb. Lakin texnoloji baxımından bir sıra yeniliklər olub. Nərminə Bayramovanın deydiyinə görə, bu yeniliklərin böyük əksəriyyəti müsbət nəticələr verib. Ancaq yeni hazırlanmış “Təhsil haqqında” qanunda qəbul qaydalarının dəyişdirilməsinə yönəldilmiş şübhəli bəndlər yer alıb.

“Şəffaflıq Azərbaycan” təşkilatının nümayəndəsi Yusif Ağayev də Milli Məclisdə hazırlanmış yeni qanunda tələbə qəbulu qaydalarının dəyişdirilməsi cəhdlərinin olduğunu deyib. Onun sözlərinə görə, test imtahanında bal toplamış abituriyentlərin müsabiqə vasitəsilə ali məktəbələrə qəbulu rüşvət halları üçün əlavə imkanlar yaradaq: “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dövlət qulluqçusu olmaq istəyənlər üçün də imtahan keçirir. Biz həmin imtahanların gedişində iştirak etmişik, hər şey açıq və şaffafdır. Ancaq dövlət orqanlarının özlərinin apardığı ikinci mərhələdə xeyli qaranlıq məqamlar ortaya çıxır. Dövlət qulluqçusu olmaq istəyən şəxsin hansı prinsiplər əsasında işə götürüldüyünü bilmək olmur”.

Dövlət İqtisad Universitetinin prorektoru Zəfər Bayramov isə ali məktəblərin rolunun artırılmasını müsbət addım kimi dəyərləndirib. Onun sözlərinə görə, Azərbaycan Boloniya prosesinə qoşulub və bu sistem təkcə təhsilin səviyyəsinin yüksəldilməsində deyil, həm də tələbə qəbulunda universitetlərin iştirakının artırılması tələbini qoyur: “Təhsil sistemindəki bütün islahatlar bu istiqamətə yönəldilir. Biz həm cəmiyyəti, həm də universitetləri və bu universitetlərdə oxuyacaq abituriyentləri psixoloji cəhətdən buna hazırlamalıyıq. İndi bazar iqtisadiyyatıdır, adamları işə təkcə biliyinə görə yox, həm də şəxsi keyfiyyətlərinə, çevikliyinə görə qəbul edirlər. Buna görə də Bakıda məzun yarmarkaları keçirilir və biz bir növ kadrları bazara çıxarırıq. Universitetlər elə kadrlar hazırlamalıdır ki, onu bazarda alsınlar”.

Prorektor deyib ki, sovet dövründə bütün məzunlar təyinatla işə göndərilirdi. İndi isə bu işdə məzunlara və dövlət orqanlarına sərbəstlik verildiyindən tələbələrin bir qismi uzun müddət işsiz qalır. Bir qism məzunlar isə qeyri-ixtisas sahələrində çalışmağa məcbur olur: “Yeni təhsil qanunda bu məsələrə də yer verilməlidir. Bir çoxları ali məktəblərə qəbulun və yerləşdirmənin TQDK tərəfindən aparılmasını mütərəqqi hesab edirlər. Ancaq məncə, bu, heç də mütərəqqi sistem deyil. Yəni imtahanları TQDK aparsa da, yerləşdirmə zamanı universitetlərə sərbəstlik verilməlidir”.

İctimai müzakirələr zamanı iştirakçılar “Təhsil haqqında” qanunun gizlədilməsindən, sənədin Milli Məclisin internet səhifəsində yerləşdirilməməsindən şikayətləniblər. O da məlum olub ki, qanunun ötən il birinci oxunuşdan keçən hissəsində çoxlu sayda dəyişikliklər edilib. Yeni layihədə ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun qaydalarını özündə əks etdirən maddəsində “test” sözü çıxarılıb. Belə ki, 29-cu maddəyə əsasən, təşkilati-hüquqi formasından asılı olmayaraq, ali, orta və peşə ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları və müsabiqə şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur və mövcud qanunvericilik aktı ilə tənzimlənir.

Elxan SALAHOV


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/14185

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR