ABŞ-dan ciddi mesaj

ABŞ-dan ciddi mesaj
22:12 30 Dekabr 2015
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Konqresin separatçı Qarabağ klanına maliyyə yardımını dayandırması ABŞ-Rusiya münasibətlərindəki gərginlikdən doğan nəticədir. ABŞ bununla Ermənistana ciddi mesaj göndərdi. Konqres tərəfindən atılan bu addım antirusiya xəttidir.

Milli.Az bildirir ki, bunu Trend-ə "Baku Network" Ekspert Şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov bildirib.

Ekspert qeyd edib ki, uzun müddət Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən aparılan fəaliyyətlərdə Konqresin separatçı Qarabağ klanına maliyyə yardımı ayırmasına daima etiraz edilirdi: "ABŞ isə bu yardımın humanitar məqsədlərlə ayrılmasını bildirərək sözügedən maliyyə dəstəyini hər il ayırırdı. Maliyyə yardımının dayandırılması sevindirici haldır. Bu, ABŞ-ın Qafqazdakı siyasətinin həmişə bir istiqamətdə getmədiyinin, daha çevik olmasının göstəricisidir. Bir tərəfdən, onlar Vaşinqtonda separatçı Qarabağ klanının nümayəndələrini hansısa konqresmenlərlə görüşdürürlər. Bunu ABŞ hakimiyyəti deyil, əlbəttə ki, erməni diasporu edir. Digər tərəfdən isə, separatçı Qarabağ klanına maliyyə yardımını dayandırırlar. Burada iki istiqamət var - ABŞ-dakı erməni lobbisinin fəaliyyətinin təsirləri, ikinci istiqamət isə ABŞ adminstrasiyasının yürütdüyü siyasət".

E.Ələsgərov vurğulayıb ki, bəzən bu iki xətt üzrə gerçəkləşdirilən fəaliyyət bir-birinə ziddiyyət təşkil edir.

Separatçı Qarabağ klanına maliyyə yardımının ayrılmasının ABŞ Konqresi tərəfindən dayandırılması regiondakı real qüvvələr nisbətinin nəzərə alınaraq qəbul edilmiş bir qərar olduğunu söyləyən müsahibimin qənaətincə, bu, müsbət bir haldır.

Ekspert hesab edir ki, konqresmen Kristofer Smit tərəfindən Azərbaycanla bağlı təqdim edilən layihəni kənara qoysaq, son zamanlar bəzi məsələlərdə ABŞ tərəfindən müsbət addımlar atılır: "ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirmişdi ki, Qarabağ icmaları arasında dialoqu gücləndirmək lazımdır. Azərbaycanın Qarabağ icmasının rəhbəri dəfələrlə erməni tərəfinə icmalar arasında dialoq aparılması ilə bağlı təkliflər verib. Ermənilər isə bu təkliflərdən hər vəchlə yayınaraq bildirirdilər ki, separatçı Qarabağ klanı müstəqil dövlətdir və danışıqlar da onunla aparılmalıdır".

E.Ələsgərov deyib ki, Konqres tərəfindən separatçı Qarabağ klanına maliyyə yardımının dayandırılmasının iki vacib məqamı var: "Birincisi, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi probleminə münasibəti. İkincisi isə, ABŞ-ın Azərbaycan siyasəti. Bu addımı ABŞ-ın Azərbaycan siyasətində mülayim bir addım kimi qiymətləndirirəm".

Qeyd edək ki, dekabrın 18-də ABŞ Prezidenti Barak Obamanın imzası ilə ABŞ Konqresi tərəfindən qəbul edilmiş 2016-cı maliyyə ili üzrə Ümumi Təxsisatlar Qanunu qüvvəyə minib. Bu qanun ABŞ-ın Azərbaycanın işğal altındakı ərazilərinə hər hansı formada yardım etməsini nəzərdə tutan heç bir müddəanın olmaması ilə əlamətdar olub. Təxsisatlar Qanununda belə bir müddəanın olmasını təmin etmək üçün ABŞ-dakı erməni diasporu və onların Konqresdəki havadarları bütün resurslarını səfərbər etsələr də, ABŞ Konqresi Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş hər hansı müddəanın yekun qanuna və onun əlavəsinə salınmasından imtina edib.

2014-cü maliyyə ilindən etibarən ABŞ Konqresi qəbul etdiyi yekun Təxsisatlar Qanununda ABŞ-ın Azərbaycanın işğal altındakı ərazilərinə hər hansı formada yardım göstərməsini nəzərdə tutan müddəanı daxil etməyib. Amma 1998-2013-cü maliyyə illəri üzrə Konqresin qəbul etdiyi yekun Təxsisatlar Qanununda və ya onun əlavəsində Azərbaycanın işğal altındakı ərazilərində icra olunan müxtəlif layihələrin ABŞ tərəfindən maliyyələşdirilməsi üçün istifadə olunan bənd olub. Son 3 ildə erməni tərəfi Konqresdəki bütün imkanlarından istifadə etməklə bu müddəanın bərpa olunmasına çalışsa da, bu istiqamətdə uğursuzluğa düçar olub. ABŞ Konqresi ötən iki ildə formalaşan status-kvonu saxlamış və ard-arda 3-cü il qəbul etdiyi Təxsisatlar Qanununda və onun əlavəsində Azərbaycanın işğal altındakı ərazilərinə ABŞ dövlət yardımlarının göndərilməsi üçün istifadə edilən müddəanın salınmamasına qərar verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/394406.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR