Xalq artisti yeni ilə köhnə dərdi ilə qədəm qoyur

Xalq artisti yeni ilə köhnə dərdi ilə qədəm qoyur
23:57 30 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

Xalq artisti Yalçın Rzazadə Yeni ilə ürəyindəki ağrılarla qədəm qoyur. 

Milli.Az xəbər verir ki, səhhətindəki problemlərlə bağlı anspress-ə danışan Yalçın Rzazadə sağlamlığına görə heç bir Yeni il çəkilişlərinə də qatılmadığını bildirdi. 

"Ürəyimdəki ağrılar məni rahat buraxmır. İynə-dərman edirəm, sistem vurulur, amma yenə də ağrılardan xilas ola bilmirəm. Ürəyim əməliyyat edilib deyə gərək stressdən uzaq olasan, sakitlik olsun. Amma bu da mümkün deyil. Bu həyat özü əsəbi həyatdır. İldə heç olmasa bir dəfə gərək müayinə olunum. Buna da imkan yoxdur", - deyə Yalçın Rzazadə söylədi.

Azərbaycanda da yaxşı həkimlərin olduğunu deyən xalq artisti müayinə üçün Türkiyəni əlverişli hesab edir. Amma maddi vəziyyəti yetərli olmadığından qonşu ölkəyə getmək hələ ki, onun imkanı xaricindədir. Səhhəti isə günü gündən onun ümumi vəziyyətini pisləşdirir.

"Hər gün, demək olar ki, qan təzyiqim yüksəlir. Bu da elə ürəyə çox ziyandır, məndə aritmiya da var. Ona görə də özümü pis hiss edirəm. Heç bir musiqiyə qulaq asmıram, heç kimi görmək istəmirəm, heç nəyə həvəsim yoxdur, bədbin notlardan çıxa bilmirəm", - deyə Yalçın Rzazadə səhhətindən şikayətləndi.

Əsəblərini yalnız təbiəti, ağacları, meşəni, çayı seyr etməklə sakitləşdirmək istəyən sənətkar imkan olarsa bölgələrimizdən birinə üz tutacağını deyir.

Amma özünü məhsuldar sənətkar adlandıran Yalçın Rzazadə xalqın ona münasibətinə, rəğbətinə görə özünü xoşbəxt sayır. Səhhəti imkan verərsə, o, yeni 4-5 mahnı ərsəyə gətirəcəyini də söylədi. 

Xalq artisti 5 il bundan əvvəl Türkiyədə ürək əməliyyatı edilib. Əməliyyatdan sonra isə uzun müddətdir səhhətində problemlər yaranıb.

Yalçın Rzazadə tanınmış bəstəkarların mahnılarını bənzərsiz ifa etməklə yanaşı, "Dədə Qorqud", "Gün keçdi", "Qaynana", "Baladadaşın ilk məhəbbəti" kimi bədii filmlərin musiqilərinə də səsi və ifası ilə möhür vurub. Dekabrın 31-də 69 yaşını qeyd edən sənətkara can sağlığı və yeni yaradıcılıq uğurları ilə tamaşaçılarını sevindirməyi arzu edirik.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/394423.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR