Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Başa çatan ilin ən önəmli HADİSƏLƏRİ

Başa çatan ilin ən önəmli HADİSƏLƏRİ

Date: 31 December 2015 09:05

Bu gün sevinc, kədər, ümid, pərişanlıq, nikbinlik - bir sözlə, həyatın bütün hisslərini yaşatmış sənə başa çatacaq. 2015 Azərbaycan üçün uğurlar və sınaqlar zamanı oldu. İl ölkəmizin tarixində çox böyük uğurlar, irəliləyişlərlə yadda qalacaq.

Beləliklə, ilin ən önəmli hadisələrini xatırlayaq:

Birinci Avropa Oyunları

12-28 iyunda Azərbaycanda Avropa Oyunları keçirildi. Avropa oyunları ilk dəfə olaraq keçirildi.
Bu barədə qərar 2012-ci ilin dekabrın 8-də, Romada keçirilmiş 41-ci Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında verilmişdi. Oyunlarda 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançı yarışdı.

Avropa Oyunlarının başlanmasına az qalmış Avropa Birliyi və Qərbin bir sıra media strukturlarında, beynəlxalq təşkilatlarda, xüsusilə də rəsmi Bakıya "səmimi" münasibəti ilə seçilən ölkələrin hakimiyyət dairələrində isteriyaya çevrilmiş qarayaxma kampaniyasına start verilmişdi.

2012-ci ildə "Eurovision" mahnı müsabiqəsi zamanı olduğu kimi, xarici antiazərbaycan şəbəkə və erməni lobbisi səylərini birləşdirərək, mütəşəkkil qaydada, məqsədyönlü şəkildə fəaliyyətə keçərək, növbəti dəfə bu fürsəti Azərbaycanın əlindən almaq niyyətini açıq şəkildə ortaya qoydular. Təsadüfi deyil ki, insan hüquqları, media azadlığı, korrupsiya və digər məsələlər süni və qərəzli şəkildə şişirdildi, l Avropa Oyunlarını "boykot" çağırışları edildi, möhtəşəm idman yarışlarının "əhəmiyyətsizliyi", Avropanın diqqətindən "kənarda qaldığı" rəyinin formalaşdırılmasına cəhdlər olundu.
Avropa Oyunlarına idmançıların göndərilməməsinə çalışan bu strukturlar əsassız, yalan, bəzən isə marazm təsiri bağışlayan iddialarla çıxış edirdilər. Lakin Bakı həmin ittihamların əsassızlığını sübut etdi və 1-ci Avropa Oyunlarının möhtəşəm açılış mərasiminə dünyanın istisnasız olaraq bütün nüfuzlu telekanalları, informasiya agentlikləri, xəbər saytları, qəzetləri və radiostansiyaları reportajlar həsr etdilər.

Bütün qərəzli cəhdlər heç bir nəticə vermədi və 1-ci Avropa Oyunlarına ehtimal olunandan da artıq qonaq gəldi. Avropa Birliyi ölkələrinin mediası isə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sədrlik etdiyi Təşkilat Komitəsinin işini çox yüksək dəyərləndirdi, hazırlıq səviyyəsinin Olimpiya Oyunlarının təşkilatçılıq səviyyəsinə bərabər olduğunu xüsusilə vurğuladı.

Gerçək bu idi: birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi çox qısa müddətdə fövqəladə dərəcədə genişmiqyaslı işlərin öhdəsindən gəlmişdi, Bakıda Olimpiya Oyunlarını belə, qəbul etməyə tam hazır idman qurğularının tikintisi, rekonstruksiyası və yenilənməsi layihələrini vaxtından əvvəl başa çatdırmış, Oyunlara qatılan ölkələrin nümayəndə heyətlərinin və komandalarının qəbulu, yerləşdirilməsi üçün zəruri infrastrukturu ən yüksək səviyyədə təhvil vermişdi.

Oyunların özü Azərbaycan komandasının çox uğurlu çıxışı, habelə idmançılarımızın əzm, qətiyyət və iradə ilə mübarizə aparmaları ilə yanaşı, "Fair Play" prinsipinə sadiq qalmaları ilə yadda qaldı.

1-ci Avropa Oyunlarının bu il Bakıda keçirilməsi Avropa Birliyi ilə əməkdaşlığı Azərbaycanın prioritet məsələlərdən biri saymasının göstəricisi, həmçinin də Avropa Birliyinin Bakıya verdiyi önəmin nişanəsi də sayıla bilər.
Və ilk Avropa Oyunlarına ev sahibliyi etmiş ölkəmiz 2017-ci ildə İslam Həmrəylik Oyunlarını qəbul etməyə hazırlıq görür.
Bu, multikulturalizm ideyalarının sırf nəzəriyyə müstəvisindən çıxarılaraq Azərbaycanda yaşam tərzinə çevrilməsini də göstərir.

Müdafiə potensialının gücləndirilməsi

Başa çatmaqda olan il Dağlıq Qarabağ münaqişəsi zonasında gərginlik, cəbhə xəttində və Ermənistan-Azərbaycan sərhədində düşmənin təxribatlarının dəfələrlə artması ilə səciyyələndi. Amma Dağlıq Qarabağdakı terrorçular və Ermənistan rəhbərliyi anladılar ki, onların atəşkəsi pozmaq cəhdlərinə, Azərbaycana tuşladıqları hər gülləyə və mərmiyə ən sərt şəkildə cavab verilir.

Məhz bu səbəbdən düşmən Dağlıq Qarabağ probleminin hərbi yolla həlli perspektivindən bu il olduğu kimi çəkinməmişdi, qorxmamışdı.
2015-ci il Azərbaycan üçün hərbi-müdafiə potensialının daha da güclənməsi, Milli Ordunun döyüş hazırlığı səviyyəsinin maksimal həddə çatdırıldığı sənə oldu.

Parlament seçkiləri və ATƏT-in destruksiyası

Noyabrın 1-də Azərbaycanda parlament seçkiləri baş tutdu və hakim Yeni Azərbaycan Partiyası seçkiləri qazandı.
Avropada əsas seçki monitorinq qurumu sayılan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda parlament seçkilərini müşahidə etməkdən imtina etdi.

DTİHB seçkiləri müşahidə etməyəcəyi barədə qərarını sentyabrın 11-də açıqlamışdı. "Azərbaycanın tətbiq etdiyi məhdudiyyətlərə görə parlament seçkiləri müşahidə missiyasını ləğv etmək məcburiyyətindəyik", - qurumun direktoru Mixael Qeorq Link demişdi.
Beləliklə, ATƏT-in seçki müşahidələri təşkilatı sayılan DTİHB tarixində ilk dəfə olaraq parlament seçkiləri keçirilmədən nəticələri "proqnozlaşdırdı" və "Vanqa davamçısı" olduğunu iddia etməklə kifayətlənməyərək Bakıya müşahidəçilər yollamadı.
Halbuki hər şey deyildiyi kimi deyildi. ATƏT Azərbaycandakı parlament seçkilərinə minimum 450 müşahidəçi yollamaq istəyirdi ki, "yerli şərait"də hər müşahidəçinin də 2-3 köməkçisi olacaqdı. Deputatlığa namizədlərin sayından 3 dəfə çox bu kontingentin müşahidələrdən daha çox, seçkilərlə bağlı subyektiv hesabatlar hazırlayacağı da əvvəlcədən anons edilmişdi.
DTİHB seçki keçirilmədən həmin seçkinin nəticələrini "bildiyini" bəyan etməklə yanaşı, Azərbaycan hakimiyyətini "pozuntu"larda suçlamışdı.
Başlamamış seçkinin nəticələrini şərh edən, olmayan pozuntulara görə narazılığını bildirən DTİHB sanki primitiv operettanı səhnələşdirmişdi.

Nardaran çağdaş zamana qaytarıldı

Noyabrın 26-da Nardaran qəsəbəsində polis əməliyyatı vaxtı silahlı qarşıdurma baş verdi, bu zaman iki polis əməkdaşı da daxil olmaqla 6 adam həlak oldu. İnsidentdən sonra qəsəbə sakinləri bir neçə gün etiraz aksiyası keçirdilər.
Silahlı insident vaxtı saxlanılan şəxslər barəsində 4 aylıq həbs - qəti imkan tədbiri seçilib və 14 nəfərə qarşı hakimiyyəti zorla ələ keçirmə, terrorçuluq və qəsdən adam öldürmə maddələri üzrə ittihamlar irəli sürülüb.

Dekabrın 1-də Daxili İşlər, Milli Təhlükəsizlik nazirlikləri və Baş Prokurorluq qəsəbədə xüsusi əməliyyata başlayıblar. Qəsəbədə divarlara yazılmış ifadələr silinib, plakatlar açılıb, qara bayraqlar endirilib.
Nardaran orta əsrlərin cəhalətindən, ekstremist bəyanatlar və radikal çıxışlarla gündəmdə qalmağa çalışan Tale Bağırzadənin başçılıq etdiyi "Müsəlman Birliyi Hərəkatı"nın əsarətindən qurtulub.
Qəsəbə sakinləri sürəkli olaraq işıq, qaz və su təminatı ilə bağlı problemlərindən danışırdılar. Lakin "Azərişıq" ASC bəyan etdi ki, sən demə, Nardaran sakinlərinin sadəcə, elektroenerjiyə görə 42 milyon manatdan artıq borcları varmış. Bu borcllar illərlə ödənməyən pullardı.
Nardaranda polis məntəqəsinin yeni binası tikildi, yollar təmir olunur, infrastruktur layihələrinin icrasına başlanıb.

TANAP-ın inşasına başlandı

Bu il martın 17-də Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Qars vilayətinin Səlim rayonunda TANAP layihəsinin təməlinin qoyulması ilə başlanan tikinti işlərində irəliləyiş davam edir.
1900 kilometrə yaxın uzunluğu olan xəttin 56 düymlük boruların uzanacağı hissəsində yolaçma işləri aparılır. Saxlama sahələrinə gətirilən təxminən 10 ton ağırlığında və 12 metr uzunluğunda polad borular qaynaq edilir. Borular tikinti sahələrinə daşınır və xətt boyunca düzülür.
Təxminən 10 milyard dollar dəyərində olan TANAP-ın tikinti işləri fasiləsiz irəliləyir. Qars vilayətinin Səlim bələdiyyəsinin sədri Coşkun Altun bildirib ki, kəmərin bu bölgədəki tikinti sahələrində işlər sürətlə irəliləyir.

TANAP "Cənub" qaz dəhlizinin ən uzun hissəsidir. Hazırda əsas tikinti sahələri onun marşrutunun keçdiyi Səlim bölgəsində aparılır. Ümumiyyətlə, layihənin həyata keçirilməsi prosesi uğurla və problemsiz gedir.  
TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ərdəhan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçəcək. O, Qars, Ərzurum, Gümüşhanə, Ərzincan və digər bölgələri arxada qoyaraq Türkiyənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq.
TANAP Türkiyə istehlakçıları üçün nəzərdə tutulmuş qazı Əskişəhərə 56 düymlük borularla nəql edəcək. Trakyada yerləşən ikinci çatdırılma məntəqəsinə qədər də həmin ölçülü borular uzanacaq. Əskişəhərdə onlara artıq diametri 48 düym olan borular calanacaq. Avropa istehlakçıları üçün isə qaz TAP-ın (Trans-Adriatik Qaz Boru Kəməri) Yunanıstanın giriş məntəqəsində yerləşən 48 düymlük kəmərilə nəql ediləcək.  Xatırladaq ki, TANAP üzrə Hökumətlərarası Sazişi 2012-ci ilin iyun ayında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Türkiyənin o vaxt baş naziri, indi isə prezidenti olan Rəcəb Tayyib Ərdoğan İstanbulda imzalamışlar. Bu, Azərbaycanın və Türkiyənin, dövlət başçılarının birgə səyi nəticəsində gerçəkliyə çevrilən bir layihədir.

Prezident İlham Əliyev layihəni belə səciyyələndirir: "Bu layihənin təşəbbüskarı Azərbaycan olmuşdur. Ən böyük maliyyə yükünü də biz öz üzərimizə götürmüşük. Bununla bərabər, bütün riskləri, bütün texniki riskləri Azərbaycan öz üzərinə götürmüşdür.  Biz, demək olar ki, bölgədə icra edilən bütün layihələrin təşəbbüskarı olmuşuq. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, ondan sonra Bakı-Novorossiysk boru kəmərlərinin tikintisi və bərpası layihələrinin təşəbbüskarı olmuşuq. Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsinin təşəbbüskarı olmuşuq. TANAP layihəsinin də təşəbbüskarı məhz Azərbaycandır. Bizim bu sahədəki liderliyimiz gözəl nəticələrə gətirib çıxarıb. Biz nəinki ölkəmizi inkişaf etdiririk, eyni zamanda, inkişafımız bölgəyə də müsbət təsir göstərir, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün bizə imkan yaradır".


"Cənub" qaz dəhlizinin əsas ehtiyat mənbəyi Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" yatağıdır. Həmin dəhlizlə "Şahdəniz"in işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılacaq qaz nəql olunacaq.
Dəhlizin əsas hissələrindən olan TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. Bu boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetr olacaq. Nəql edilən qazın 10 milyard kubmetri Avropa, 6 milyard kubmetri isə Türkiyə üçün nəzərdə tutulur. Kəmərin ötürücülük qabiliyyətinin 2023-cü ildə 23 milyard kubmetrə, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması gözlənilir. TANAP "Cənub" qaz dəhlizinin ən uzun hissəsidir.

Antalya sammiti

Noyabrın 15-də Türkiyənin Antalya şəhərində "Böyük İyirmilik" ölkələri liderlərinin sammiti keçirildi.
Dünyanın iqtisadi cəhətdən inkişaf etmiş və inkişafda olan ölkələrini birləşdirən "Böyük İyirmilik" (G20) qlobal dünyanı narahat edən müxtəlif çağırışlara cavab vermək gücünə malik əlverişli platformadır. Üstəlik, 2015-ci ildə "G-20"-yə Türkiyənin sədrlik etməsi bizim region ölkələri, o cümlədən Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir.

Rəsmi Bakı G-20 ilə əlaqələri inkişaf etdirmək, təşkilatla təmasları aktivləşdirmək niyyətindədir.
G-20 ilə Azərbaycanın əməkdaşlığının böyük perspektivləri var.
Azərbaycan həmin perspektivləri böyük işlərə və layihələrə çevirməyə hazırdır.
Növbə "Böyük İyirmilik"dədir.
Çünki Azərbaycan siyasi-iqtisadi vakuumda olan məkan deyil. Qlobal siyasi, iqtisadi və s. proseslərə, təbii ki, ölkəmiz də cəlb olunur, böhranlı durumlarda problemlərimiz artır, ümumi inkişaf fonunda isə iqtisadi irəliləyiş və sənaye məhsulunun artımı üçün əlverişli şərait yaranır.
Azərbaycan enerjidaşıyıcılarının satışından asılı ölkələrdən fərqli olaraq, 2014-cü ilin ortalarından bəri dünya bazarlarında xam neft və təbii qazın qiymətinin kəskin ucuzlaşmasının ziyanlarını minimallaşdırmaq üçün gərəkli bütün addımları atmaqda qərarlıdır.

Bu il onları itirdik

2015-ci ildə mədəniyyət və incəsət, siyasət, idman və başqa sahələrdə məşhur olan bir neçə şəxs dünyasını dəyişdi.
Məşhurların ölümü onların aid olduğu sahələr və onları sevənlər üçün böyük itki oldu.
Azərbaycan Dövlət Neft Akademiyasının rektoru, görkəmli alim Siyavuş Qarayev; ictimai-siyasi xadim, riyaziyyatçı alim, professor, məşhur 91-lərdən olan Zahid Qaralov; xalq şairi, dramaturq və publisist  Vaqif Səmədoğlu; Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Akif Hacıyev; tanınmış rəssam Hüseyn Axundov; filologiya elmləri doktoru, dilçi-türkoloq Həsən Mirzəyev; Azərbaycanın xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Nəriman Məmmədov; Azərbaycanın tanınmış bəstəkarı, xalq artisti Ramiz Mirişli; tanınmış politoloq, sabiq dövlət müşaviri Vəfa Quluzadə; "Neftçi"nin əfsanəvi 1960-cı illər nəslinin nümayəndələrindən biri olan məşhur futbolçu Ramiz Zeynalov; müasir Azərbaycan jurnalistikasının tanınmış simalarından biri olan Mahal İsmayıloğlu; aktyor Vəliəhd Vəliyev; görkəmli dilçi və türkoloq alim, akademik Ağamusa Axundov; Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti İlham Əsgərov; məşhur kaman ustası, xalq artisti Habil Əliyev; şair, tərcüməçi Məmməd Aslan; tanınmış diktor Davud Əhmədov; xalq artisti Nuriyyə Əhmədova; Musiqili Komediya teatrının aktrisası, əməkdar artist Gülnar Salmanova; AMEA Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev dünyalarını dəyişdilər...

Yeni ildə yeni işlər, yeni layihələr olacaq

Prezident İlham Əliyev bildirdi ki, bu il başlanan bütün layihələr gələn il də davam etdiriləcək. Vətəndaşların maddi rifah halının yaxşılaşdırılması, ölkə iqtisadiyyatının gücləndirilməsi, Azərbaycanın üzləşdiyi geosiyasi çağırışların hamısına adekvat cavablar verilməsi üçün bütün gərəkli addımlar atılacaq.

Azərbaycan Qərblə yanaşı, Şərqlə də əlaqələri gücləndirəcək, təmasları aktivləşdirəcək və bütün bu əlaqələrin qarşılıqlı maraqların təminatı, sayğı və daxili işlərə müdaxilənin istisnası şərtləri ilə reallaşdıracaq.
Rəsmi Bakı indiyədək yürütdüyü müstəqil siyasətindən  hansısa güclərin və ya dövlətlərin mənafelərinin gerçəkləşməsi üçün geri çəkilən, "imtiyaz"lar əldə etmək üçün güzəştlərə gedən deyil.
Suverenliyin qorunması, müstəqilliyin inkişafı və ölkənin tərəqqisi üçün 2016-cı il daha bir imkanlar sənəsi olacaq.

Gələn il Bakı beynəlxalq "Formula 1 Avropa Qran-Pri" yarışına və 2017-ci ildə 4-cü İslam Oyunlarına ev sahibliyi edəcək. Beynəlxalq səviyyədə çox yüksək dəyərləndirilən, nüfuzlu turnirlər beynəlxalq münasibətlərdə anlaşma, maraqların nəzərə alınması və qarşılıqlı sayğı prinsiplərinə əsaslanan siyasət yürüdən Azərbaycanın dünya birliyində tutduğu yerin, möhkəmləndirdiyi mövqelərin səbatlılığının daha bir izharı olacaq.

Orxan Hun
Milli.Az


Tags:  Başa çatan ilin önəmli HADİSƏLƏRİ

RƏYLƏR


Top news