Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dövlət Sərhəd Xidmətinin aviasiya dəstəsinə Döyüş Bayrağı təqdim edilib (FOTO)

Dövlət Sərhəd Xidmətinin aviasiya dəstəsinə Döyüş Bayrağı təqdim edilib (FOTO)

Date: 31 December 2015 13:33

Bakı. Trend:

Dövlət Sərhəd Xidmətinin aviasiya dəstəsinə Döyüş Bayrağının təqdim edilməsi, dəstənin yeni inşa olunmuş qarnizon kompleksinin, əsaslı şəkildə yenidən qurulmuş texniki-istismar sahəsinin istifadəyə verilməsi və yeni alınmış xüsusi texnikalara baxış keçirilməsi məqsədilə təntənəli mərasim keçirilib.

Xidmətin mətbuat mərkəzindən Trend-ə bildiriblər ki, mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev şəxsi heyəti hərbi hissənin yeni qarnizon kompleksinin və texniki-istismar sahələrinin xidməti istifadəyə verilməsi, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, hərbi hissənin şərəf, şöhrət və şücaət rəmzi olan Döyüş Bayrağını təqdim edib.

Tədbirdə dahi öndər Heydər Əliyevin göstərişinə əsasən Səngəçal hərbi aerodromunun 2002-ci ildə Dövlət Sərhəd Xidmətinə verilməsi ilə Azərbaycan Sərhəd Mühafizəsi tarixində ilk dəfə aviasiya dəstəsinin yaradılması, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Sərhəd Mühafizəsinə göstərdiyi diqqət və qayğı sayəsində aviasiya dəstəsinin maddi-texniki bazasının xeyli möhkəmləndirilməsi, şəxsi heyət üçün yüksək xidmət və məişət şəraitinin yaradılması xüsusi qeyd edilib. Əsaslı tikinti və təmirdən sonra ən müasir tələblərə cavab verən qarnizon kompleksinin istifadəyə verilməsinin bu diqqətin növbəti təzahürü olduğu vurğulanıb.

General-polkovnik Elçin Quliyev hərbi hissənin qərargahına, kazarma binasına, əsgər yeməkxanasına, istirahət otağına və zabit yeməkxanasına baxış keçirib, şəxsi heyət üçün yaradılmış şəraitlə tanış olub.

Yeni inşa olunmuş avtomobil parkında xüsusi təyinatlı müxtəlif avto-texnikanın təqdimatı olub. Sonra yeni çəkilmiş avtomobil yolu ilə helikopter anqarlarına hərəkət zamanı hərbi hissənin idman meydançasının, yeni yaradılmış qalxma və enmə zolaqlarının, eləcə də digər yeni tikililərin təqdimatı keçirilib.

Xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltif olunub.

Sonda Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev şəxsi heyətlə birgə nahar edib.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Dövlət Sərhəd Xidmətinin aviasiya dəstəsinə Döyüş Bayrağı təqdim edilib FOTO

RƏYLƏR


Top news