“Açıq qapı” günü: əsgər valideynləri hərbi hissədə yaradılan şəraitdən razı qalıblar

14:33 31 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+


Ağcabədi, 31 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müvafiq göstərişinə əsasən, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə Ağcabədi rayonundakı N saylı hərbi hissədə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin rəsmi hissəsində çıxış edən hərbi hissənin komandiri görüşün məqsədi barədə məlumat verib, son vaxtlar ordumuzun döyüş və mənəvi-psixoloji hazırlığının daha da gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işlərdən, xalqla ordunun monolit birliyindən danışıb. Bildirib ki, xalq orduya, ordu xalqa arxalanır.
Valideynlər günü-gündən qüdrətlənən Azərbaycan Ordusu ilə fəxr etdiklərini, silahlı qüvvələrimizə inandıqlrını, güvəndiklərini bildirib, əsgərlərimizə Vətənə şərəflə xidmət etməyi, torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanmağı və işğal altında olan torpaqlarımızın azadlığı uğrunda Ali Baş komandanın əmri ilə hər an döyüşə qalxmağa hazır olmağı tövsiyə ediblər.
Hərbi hissə komandanlığı tərəfindən xidmətdə fərqlənən hərbi qulluqçular təltif edilib, valideynlərə təşəkkür məktubları təqdim olunub.
Ziyarətçilər hərbi hissədə şəxsi heyətin yaşayış və məişəti üçün yaradılan şəraitlə maraqlanıb, yataq yerləri, hamam-camaşirxana və yeməkxanaya baş çəkiblər. Valideynləri maraqlandıran suallar hərbi hissə komandanlığı tərəfindən cavablandırılıb.
Bakı şəhərindən gəlmiş valideyn Məzahir Vəliyev hərbi hissə ilə bağlı təssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüb: “Bu gün biz hərbi hissədə zabit və əsgərlər üçün yaradılmış şəraitlə, övladlarımızın xidməti ilə yaxından tanış olduq. Bir valideyn kimi övladımın belə bir hərbi hissədə xidmət etməsindən sevinirəm. Ordumuza göstərilən yüksək qayğıya, hərbçilərimiz üçün yaradılan bu şəraitə görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.
Digər valideyn – Natiq Fərzəliyev isə deyib: “Mən bu gün Azərbaycan Ordusunun qüdrətinin bir daha şahidi oldum. Zabit və əsgərlər üçün yaradılan şərait bir vətəndaş kimi məni qürurlandırdı. Hərbi xidmət hər bir Azərbaycan gənci üçün böyük məktəbdir. İnanıram ki, gənclərimiz Azərbaycan Ordusunda xidmətlərini şərəflə yerinə yetirəcəklər”.
Əsgər anası Mehriban Kərimova fikirlərini belə ifadə edib: “Əsgər anası kimi oğlumdan nigaran idim. Bu gün əsgərlərin xidmət və məişət şəraiti ilə tanış oldum. Əsgərlər isti geyimlə təmin olunublar. Onlara verilən yeməklərdən də çox razı qaldım. Artıq oğlum üçün heç bir narahatlığım qalmadı. Bütün bunlara görə dövlətimizə, Ali Baş komandana minnətdaram”.
Qarabağ Muğam Mərkəzinin müəllim və şagirdlərinin ifasında rəngarəng konsert proqramı əsgər və valideynlərdə əsl bayram əhval-ruhiyyəsi yaradıb. Qonaqlar əsgərlərlə birgə rəqs edib, şənləniblər. Sonra bayram süfrəsi arxasında birgə nahar təşkil olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Achiq_qapi_gunu_esger_valideynleri_herbi_hissede_yaradilan_seraitden_razi_qaliblar-915726

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR