Zakir Həsənov: Zərbələr düşməni sarsıdıb (FOTO)

Zakir Həsənov: Zərbələr düşməni sarsıdıb (FOTO)
16:06 31 Dekabr 2015
57 Digər
Ölkə mətbuatı
A- A+

"İl ərzində bütün istiqamətlərdə düşmənə vurulan zərbələr onu sarsıdıb. Cəbhədə çoxsaylı itkilər verən, erməni tərəfi mənəvi-psixoloji cəhətdən ağır vəziyyətə düşüb".
ANS PRESS-in məlumatına görə, bunu cəbhəboyu zonada yerləşən yeni tikilmiş daha üç hərbi hissənin açılışında iştirak edən müdafiə naziri Zakir Həsənov deyib.

Yeni və müasir avadalıqlarla tam təchiz edilmiş daha üç hərbi hissə Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən inşa edilib.

Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada yerləşən hərbi hissələrin açılışında iştirak edərək istifadəyə verilən qərargah, əsgər yataqxanaları, tədris kompleksi, döyüş texnikası üçün saxlanclar, qarovul şəhərciyi, sıra meydanı, tibb məntəqəsi, hamam-camaşırxana-qazanxana kompleksi və digər inzibati obyektlər ilə tanış olub.

General-polkovnik Zakir Həsənov şəxsi heyət qarşısında çıxış edərək bildirib ki, Silahlı Qüvvələrimiz daim Ali Baş Komandanımız İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Orduda həyata keçirilən islahatlar bütün istiqamətlər üzrə aparılır döyüş hazırlığı, şəxsi heyətin sosial-məişət şəraiti diqqət mərkəzində saxlanılır.

"Silahlanmada olan bütün silah-sursat, döyüş texnikası, hərbi təyinatlı avadanlıqlar yenilənib və modernizə edilərək hərbi hissələrə çatdırılıb. Əsas diqqət ön xəttdə yerləşən bölmələrə, cəbhəboyu zonadakı hərbi hissələrin təminatına və hazırlığına yönəldilib. Bütün bunlar şəxsi heyətin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması məqsədini daşıyır".

Nazir bildirib ki, ordumuz hərbi təlimlərdə, praktiki məşqlərdə, təlim mərkəzləri və poliqonlarda döyüş hazırlığını daim artırır. Silahlı Qüvvələrimizin şəxsi heyəti dövlət rəhbərliyi tərəfindən bizə göstərilən etimadı doğrultmaqla torpaqlarımızın işğaldan azad ediləcəyi günü yaxınlaşdırır.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə şəxsi heyəti təbrik edən Müdafiə naziri hərbi qulluqçulara xidmətdə uğurlar arzulayıb.
Şəxsi heyət təntənəli marşla tribuna önündən keçdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar edib.

Həmin gün Müdafiə naziri cəbhəboyu zonada yerləşən və tikintisi yekunlaşmaq üzrə olan digər hərbi hissələrdə olub, inşaat işlərinin sürətlə və keyfiyyətli aparılması ilə bağlı tapşırıqlarını verib.





















Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368623

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR