Rövnəq Abdullayev: "Qənaət rejiminə keçid prosesi sürətləndirilməlidir"

Rövnəq Abdullayev: "Qənaət rejiminə keçid prosesi sürətləndirilməlidir"
19:32 31 Dekabr 2015
58 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 31-də SOCAR-ın baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.

Milli.Az SOCAR-ın saytına istinadən məlumat verir ki, yığıncaqda dekabrın 4-də təbii fəlakət zamanı "Günəşli" yatağındakı 10 saylı, Neft Daşlarındakı 501 saylı dəniz özüllərində baş vermiş qəza nəticəsində həlak olmuş və itkin düşmüş neftçilər anılıb. SOCAR-ın prezidenti R.Abdullayev bu hadisələrin neftçilərin əhvali-ruhiyyəsinə təsir etdiyini söyləyib, itkin düşənlərin axtarışı və yanğının söndürülməsi istiqamətində aparılan işlər haqqında ən son məlumatları iştirakçiların diqqətinə çatdırıb.

Daha sonra 2015-ci ilə yekun vuran R.Abdullayev dünyada mövcud iqtisadi durumla əlaqədar ötən ilin bütün iri neft və qaz şirkətləri üçün ağır keçdiyini söyləyib. Bütün çətinliklərə baxmayaraq, SOCAR prezidenti dünyada yaranmış mövcud iqtisadi durum fonunda 2015-ci ilin istehsalat nəticələrinin qənaətbəxş olduğunu qeyd edib. Son on ildə şirkətin xarici ölkələrdə həyata keçirdiyi investisiya layihələri üzərində dayanan

R.Abdullayev TANAP, STAR zavodunun, Petkim limanın tikintilərinin vacibliyini qeyd edib, habelə Azərbaycanda həyata keçirilən layihələrin uğurla davam etdiyini diqqətə çatdıraraq, şirkətdə aparılan xərclərin optimallaşdırılması və qənaət rejiminə keçid proseslərinin sürətləndirilməsinin vacibliyini vurğulayıb.

R.Abdullayev neft və qaz yataqlarında həyata keçirilən əməliyyatlarda insanların təhlükəsizliyinin prioritet vəzifə olduğunu diqqətə çatdırıb və qeyd edib ki, qənaət rejiminin tətbiq edilmədiyi yeganə sahə - məhz təhlükəsizlik məsələləri olmalıdır.

Daha sonra 2016-cı ildə qarşıda duran vəzifələrdən danışan şirkət prezidenti dünyada yaranmış mövcud iqtisadi durumla əlaqədar SOCAR-ın dayanıqlığının qorunması və saxlanılması üçün prioritet istiqamətləri qeyd edib.

Yığıncaqda SOCAR-ın idarə və müəssisələrinin maddi-texniki təchizat siyasətinə yenidən baxılması, anbar təsərrüfatında ciddi inventarizasiyanın keçirilməsi, xərclərin və idarəetmə sisteminin optimallaşdırılması, qənaət rejiminin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Şirkətin vitse-prezidentləri Tofiq Qəhrəmanov, Süleyman Qasımov, Rəhman Qurbanov, Mikayıl İsmayılov, David Məmmədov, Xalik Məmmədov, "Azneft" İB-nin baş direktoru Daşqın İsgəndərov, Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev, Kompleks Qazma İşləri Trestinin müdiri İskəndər Şirəli və başqaları 2016-ci ildə qarşıda duran vəzifələr haqqında müzakirələrdə iştirak ediblər.

Yığıncağa yekun vuran SOCAR prezidenti R.Abdullayev səslənən fikirlərlə əlaqədar konkret tapşırıqlar verib, şirkətin dayanıqlığının artırılması istiqamətində vəzifələr qoyub.

Sonda ölkəmizin iqtisadiyyatında xüsusi rolu olan çoxminli neftçilər ailəsini Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib, yeni ildə çətin və şərəfli işlərində müvəffəqiyyətlər arzulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/394549.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR