2015-in ən mühüm sosial hadisələri

2015-in ən mühüm sosial hadisələri
19:57 31 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

Bu il də ölkənin sosial həyatında hadisələrin bolluğu ilə yadda qaldı.

Əvvəlcə başlayaq özümüzdən. Özümüz deyəndə, Kütləvi İnformasiya Vasitələrinin bir qolu olan televiziyalardan. İlin bəlkə də ən çox cərimə kəsiləni onlar oldu. Belə ki, Milli Televiziya və Radio Şurası əvvəlcə xəbərdarlıq etdi, sonra cərimələdi. İlk qalmaqal elə ilin ilk ayında yaşandı.  "Xəzər" TV-nin aparıcıları Sevinc və Sevil bacılarının efirdə Azərbaycan manatını cırmaları geniş mübahisə və müzakirələrə səbəb oldu. MTRŞ aparıcılarınefirdə milli valyutanı cırmalarının, ən azından, milli-mənəvi dəyərlərə zidd olduğunu açıqladı. Aparıcılar telekanalın daxili qaydaları əsasında cəzalandırıldılar.
Milli.Az publika.az-a istinadən bildirir ki, ilin əvvəlində xəbərdarlıq "Space" və "Lider"in payına düşsə də, pul və yayımın dayandırılması cəzası ANS və ATV-yə kəsildi. Belə ki, ANS televiziyasında yayımlanan "Sən tək deyilsən", "Xoşqədəmlə axtarıram səni" verilişləri tamamilə, "Salam Azərbaycan" verilişinin isə yayımı 10 günlük dayandırıldı.
 
Qiymətlər endi, dərmanlar yoxa çıxdı...

 
İlin ən çox gözlənilən sosial yeniliyi isə dərmanlarla bağlı oldu. Əslində, bu yeniliyi illərdir gözləyirdik deyə bilərik. İlk mərhələdə həyati vacib və daha çox tələbat olan 25 təsiredici maddə üzrə 250-dən çox dərman vasitəsinin qiyməti təsdiq edildi. Sonuncu tənzimləməni də nəzərə alsaq, ümumilikdə 3540 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti tənzimləndi.
İndiyədək qiymətləri tənzimlənmiş dərman vasitələrinin satışda olan qiymətləri ilə müqayisədə 46 %-nin qiyməti 2 dəfədən çox, 24 %-nin qiyməti 3 dəfədən çox aşağı salındı, ümumilikdə 95 %-nin  qiyməti endirildi.
Amma bu endirim daha çox kağız üzərində qaldı. Qiymətlər artan kimi apteklərdən dərmanlar qeybə çəkildi. Əvvəl qiymətə görə aptekləri gəzənlər indi dərman axtarışına çıxmalı oldu. İş o yerə çatdı ki, baha da olsa, dərman tapanlar hallarına şükür etməli oldular. Aidiyyatı qurumlar isə əvvəlcə qıtlığı qəbul etməsə də, sonradan razılaşmalı oldular. Məsələdən çıxış yolu kimi alıcılara eyni tərkibə malik digər dərmanları almağı məsləhət gördülər.
İlin son günlərində "üzən məzənnə" rejiminə keçilməsi ilə əlaqədar manatın 50 faiz dəyər itirməsi ilə bağlı dərmanların qiymətinə yenidən baxıldı və bahalaşdırıldı.
Səhiyyədə digər yenilik reseptlərdə dərmanın ticari adı ilə deyil, təsiredici maddənin adının yazılması idi. Bu yenilik də birmənalı qarşılanmadı. Bir vaxtlar həkim-firma işbirliyinin indi aptek-firma işbirliyinə çevrilməsini əsas gətirənlər də oldu, aptek işçilərinin dərmanların təsiredici maddəsi ilə bağlı məlumatsız olduğunu deyənlər də...
 
Sağlam ailə, sağlam nəsil...
 
Bu il nəhayət ki, uzun müddətdir müzakirə mövzusuna çevrilən nikahdan əvvəl icbari tibbi müayinənin tətbiqinə başlanıldı. Nikaha girmək istəyən cütlüklər talassemiya, sifilis və İİV-ə qarşı müayinədən keçdilər. Bu ilin 6 ayı ərzində ümumilikdə 75 000 nəfər müayinə olundu. 5034 nəfərdə talassemiya daşıyıcılığı, 183 nəfərdə sifilis, 51 nəfərdə isə İİV virusu aşkarlandı.
 
Yeni qatarlar, təzə avtobuslar...

 
Paytaxt sakinlərinin əzəli və əbədi problemi olan avtobuslardakı narahatlıq, sürücü kobudluğu, minib-düşmə probleminin həlli üçün də bu il bir sıra işlər görüldü. Yeni "BakuBus" avtobuslarınınistifadəyə verilməsi  ilə nəqliyyatda mövcud problemlərin həlli istiqamətində mühüm addım atıldı. Bu avtobusların 14 marşrut xətti üzrə istifadəyə veriləcəyi gözlənilsə də, hələ ki, proses tam başa çatmayıb.
 
Bir sıra marşrutların xətlərində də dəyişikliklər edildi. Bundan ən çox zərəri isə sərnişinlər çəkdi. Əvvəl bir-iki avtobusla mənzil başına çatanlar indi ən azı 3 nəqliyyat vasitəsi dəyişməli oldular.Lakin əhalinin narazılığı nəzərə alınaraq bəzi marşrutların xətləri bərpa edildi.
 
Nəqliyyatda yeniliklər bununla bitmədi. Nəhayət, sərnişinlərin çoxdan gözlədiyi yenilik -metroya yeni kondisionerliqatarların gətirilməsi də bu il reallaşdı.
 
"Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti isə ölkəyə ikimərtəbəli qatarlar gətirdi. Onlar yeni açılan Bakı-Sumqayıt xətti üzrə hərəkət edirlər.
 
İllərdir müzakirə olunsa da, nəhayət, bu il nəqliyyatda vahid kartın tətbiqinə başlanıldı. Avqustun 15-dən "Bakıkart"istifadəyə verildi. Sərnişinlər metroda və hələ ki,yalnız "BakuBus" avtobuslarında vahid kartla ödəniş edirlər. Gələcəkdə vahid kartın bütün avtobuslarda istifadəsi gözlənilir.
 
İlin sonuna yaxın avtobus və taksilərlə bağlı yeni standartlar qəbul edildi. Yeni standarta əsasən, taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlərin avtomobillərinin "yaşı" 15-dən çox olmamalıır.
Yaxın gələcəkdə bütün avtobusların içində avtonəqliyyat vasitəsinin və daşıyıcının adı, sürücünün adı, atasının adı və soyadı, tibb qutusunun yeri, şəhərin marşrut şəbəkəsinin sxemi və s. məlumatlar olmalıdır.
Taksi minik avtomobilinin damında isə "Taksi" tanınma nişanı olan müvafiq fənər, hər iki tərəfdən qabaq və arxa qapılarının üzərində şahmat qaydasında düzülmüş dördbucaqlardan ibarət kompozisiyalı fərqləndirici nişan olmalıdır. Hüquqi şəxslərin, habelə iki və daha artıq minik avtomobili ilə sərnişin daşımalarını həyata keçirən fiziki şəxslərin daşımalarda istifadə etdiyi taksi minik avtomobilləri sarı, ağ və ya bənövşəyi rəngdə olmalıdır.
Bu standart ən çox taksi sürücülərinin narazılığına səbəb oldu.  Onlar bu yenilikləri sürücülər üçün əlavə xərc kimi dəyərləndirdilər. Lakin ilin sonunda prezidentin sərəncamı ilə taksi fəaliyyəti ilə məşğul olanlar üçün lisenziyanın ləğv edilməsi sürücülərin ürəyincə oldu.
 
Hər kəsə təqaüd...
 
Təhsil ili də xeyli rəngarəng oldu. Bu il də buraxılış imtahanlarında istər paytaxt, istərsə də regionlarda ana dili və riyaziyyatdan "2", "3" alanlar çoxaldı. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının açıqladığı rəqəmləri Təhsil Nazirliyi araşdıracağına söz verdi. Lakin araşdırma nəticəsində hansı tədbir görüldüyü açıqlanmadı.
Lakin yararsız fəaliyyətinə görə Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filialları ləğv edildi. İlin sonuna yaxın Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması barədə Prezident Sərəncam imzaladı.
 
Təkcə paytaxtda deyil, regionlarda da müəllimlərin maaşlarının artırılması gündəmə gəldi. Paytaxtla yanaşı 12 rayon və şəhərdə müəllimlərin diaqnostik qiymətləndirilməsi tələb edildi. Bakıda qiymətləndirmədə 2403 nəfər müəllim iştirak etdi,uğursuz nəticə göstərən olmadı.
 
Bəzi ixtisasların ləğv olunduğu, müəllimlərin imtahana çəkildiyi vaxtda ödənişli təhsil alan tələbələr sevindi. Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında prezident sərəncam imzaladı. Təqaüdlər ali təhsil və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alanlara dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq veriləcək. Əlbəttə, bu zaman ümumi orta müvəffəqiyyət göstərici, fənlər üzrə akademik nailiyyətlər nəzərə alınacaq.
 
Xaricdə təhsilə qadağa...
 
İlin sonuna yaxın ölkədə baş verən bir sıra hadisələr, Milli Məclisin "Dini etiqad azadlığı haqqında"Qanuna dəyişiklik etməsini gündəmə gətirdi. Xaricdə təhsil alıb vətənə qayıdanların müxtəlif ölkələrin maraqlarını təbliğ etməsində ehtimallar nəzərə alınaraq qanunun 21-ci maddəsinə yeni redaktə verildi. Xaricdə dini təhsil alanların, ümumiyyətlə, Azərbaycanda dini ayin və mərasimlər aparmasına qadağa qoyuldu. Dəyişiklikdə, həmçinin, İslam dininə aid ayin və mərasimləri yalnız Azərbaycan vətəndaşlarının həyata keçirə biləcəyi vurğulandı.
İbadət yerlərindən kənarda, ictimai yerlərdə dini şüar və atributun nümayişi də yasaq sayılır (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla). Dini bayraqlar yalnız ibadətgah, dini mərkəz və idarələrin qapalı yerlərində yerləşdirilə bilər.
Bu dəyişikliklə bağlı Cinayət Məcəlləsinə də əlavə (168-1 maddə) edildi. Yeni qaydalara görə, İslam dininə aid ayin və mərasimləri Azərbaycan Respublikasının xaricdə dini təhsil alan vətəndaşı apararsa, onu 1000 manatdan 5 000 manatadək cərimə və ya 1 ilədək həbs cəzası gözləyir.
 
Pasport almaq "ASAN"laşdı...
 
Bir çox rəsmi sənədləşmədə bürokratik əngəlləri aradan qaldıran "ASAN xidmət"in göstərdiyi xidmətlərin sırasına bu il yeniləri əlavə edildi. Onlardan biri də vətəndaşlara ölkə üzrə qeydiyyat məhdudiyyəti olmadan istənilən "ASAN xidmət" mərkəzlərinə müraciət edərək ümumvətəndaş  pasportlarının verilməsi və dəyişdirilməsi xidməti oldu. Paytaxtda və bölgələrdə göstərdiyi xidmətlərə görə, "ASAN xidmət" istifadəçilərinin sayı 7 000 000-nu keçdi.
 
Dalaşan qurumlar...
 
"ASAN"-ın işləri asan keçsə də,digər dövlət qurumlarının daxili mübahisələri qışın qapıda olduğu vaxtda insanları donmağa məcbur etdi.
Noyabr ayının 15-dən ölkədə qış rejiminə keçilməli və binalara istilik verilməli idi. Lakin hər il olduğu kimi, bu il də mövsüm başlayanda məlum oldu ki, əslində, qurumlar hələ hazır deyilmiş.
Məsələdə, "Azəristiliktəchizat"la"Azəriqaz" bir-birini qarşılıqlı ittiham etdilər. Sonda məlum oldu ki, əsas səbəb "Azəristiliktəchizat"ın "Azəriqaz"a yalnız bu il ərzində 8 milyon 400 min manata yaxın borcudur. Bu borc yüzlərlə ailəni donmağa məhkum etdi. Sonda Nazirlər Kabineti məsələyə müdaxilə edib müvəqqəti olaraq donmaqdan xilas etdi. Lakin "Azəristiliktəchizat" ASC-nin "Azəriqaz" İstehsalat Birliyinə 43 milyon manat məbləğində borcu var və onu yavaş-yavaş ödəməlidir.
 
Qızların sayı azaldı...
 
İlin ən çox müzakirə olunan məsələlərindən biri ölkədə qızların sayının azalması oldu. Məlum oldu ki,  bu il yanvar-oktyabr ayında 138,4 min körpə doğulub və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 17,4 təşkil edib. Doğulan körpələrin 53,3 faizini oğlan, 46,7 faizini qız uşaqları təşkil edib.
 
Bu problem bu gündən daha çox gələcəyə aid olsa da, oğlanların ailə qurmağa qız tapmaması kimi nəticə yaradacağından, həm də bu günün mövzusu oldu. Statistik rəqəmlər də ildən-ilə doğulan qızların sayında azalma müşahidəedildiyini göstərdi.
İli qalmaqallarla başlasaq da, bir çox problemləri həll etdik. Qalanlarını növbəti ildə həll etmək ümidi ilə...
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/394554.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR