SOCAR-da 2015-ci ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub

20:38 31 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 31 dekabr, Nihad Budaqov, AZƏRTAC
Dekabrın 31-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə 2015-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaq keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC bildirilib ki, yığıncaqda əvvəlcə dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağındakı 10 nömrəli, "Neft Daşları"ndakı 501 nömrəli dəniz özüllərində baş vermiş qəza nəticəsində həlak olmuş və itkin düşmüş neftçilərin xatirəsi anılıb.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev bu hadisələrin neftçilərin əhval-ruhiyyəsinə təsir etdiyini söyləyib, itkin düşənlərin axtarışı və yanğının söndürülməsi istiqamətində aparılan işlər haqqında ən son məlumatları iştirakçıların diqqətinə çatdırıb.
R.Abdullayev dünyada mövcud iqtisadi durumla əlaqədar ötən ilin bütün iri neft və qaz şirkətləri üçün ağır keçdiyini söyləyib. Bütün çətinliklərə baxmayaraq, SOCAR-ın prezidenti dünyada yaranmış mövcud iqtisadi durum fonunda 2015-ci ilin istehsalat nəticələrinin qənaətbəxş olduğunu qeyd edib. Son on ildə şirkətin xarici ölkələrdə həyata keçirdiyi investisiya layihələri əhəmiyyətini qeyd edən R.Abdullayev Trans-Anadolu qaz boru kəməri (TANAP), "Star" neft emalı zavodu və "Petlim" limanının tikintisinin vacibliyini vurğulayıb. SOCAR-ın prezidenti Azərbaycanda həyata keçirilən layihələrin də uğurla davam etdiyini diqqətə çatdıraraq, şirkətdə aparılan xərclərin optimallaşdırılması və qənaət rejiminə keçid proseslərinin sürətləndirilməsinin əhəmiyyətini qeyd edib. R.Abdullayev neft və qaz yataqlarında həyata keçirilən əməliyyatlarda insanların təhlükəsizliyinin prioritet vəzifə olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, qənaət rejiminin tətbiq edilmədiyi yeganə sahə məhz təhlükəsizlik məsələləri olmalıdır.
Daha sonra 2016-cı ildə qarşıda duran vəzifələrdən danışan R.Abdullayev dünyada yaranmış mövcud iqtisadi durumla əlaqədar SOCAR-ın dayanıqlığının qorunması və saxlanılması üçün prioritet istiqamətləri qeyd edib.
Yığıncaqda SOCAR-ın idarə və müəssisələrinin maddi-texniki təchizat siyasətinə yenidən baxılması, anbar təsərrüfatında ciddi inventarizasiyanın keçirilməsi, xərclərin və idarəetmə sisteminin optimallaşdırılması, qənaət rejiminin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Şirkətin vitse-prezidentləri, “Azneft” İB-nin baş direktoru Daşqın İsgəndərov, Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev, Kompleks Qazma İşləri Trestinin müdiri İskəndər Şirəli və başqaları 2016-ci ildə qarşıda duran vəzifələr haqqında müzakirələrdə iştirak ediblər.
Yığıncağa yekun vuran SOCAR-ın prezidenti R.Abdullayev şirkətin dayanıqlığının artırılması istiqamətində konkret tapşırıqlar verib.
R.Abdullayev ölkəmizin iqtisadiyyatında xüsusi rolu olan coxminli neftçilər ailəsini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib, onlara yeni ildə çətin və şərəfli işlərində müvəffəqiyyətlər arzulayıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/SOCAR_da_2015_ci_ilin_yekunlari_ve_qarsida_duran_vezifeler_muzakire_olunub-915745

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR