Naxçıvan şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub

Naxçıvan şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub
16:28 1 Yanvar 2016
51 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 1 yanvar, AZƏRTAC
Ölkəmizdəki mövcud sabitlik və inkişaf insanların gələcəyə olan inamını daha da artırır, xalqımız qarşıdan gələn hər ili birlik və həmrəylik duyğuları ilə qarşılayır. Yola saldığımız 2015-ci il müstəqil Azərbaycanın tarixində uğurlu inkişaf dövrü kimi qalacaq. Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsi Naxçıvan Muxtar Respublikasında abadlıq-quruculuq işlərinin əhatə dairəsini genişləndirib, yaşayış məntəqələri daha müasir görkəmə qovuşub. İstifadəyə verilən yeni yollar, səhiyyə, təhsil və mədəniyyət müəssisələri, sənaye kompleksləri qədim diyarın inkişafında yeni mərhələnin əsasını qoyub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 31-də Naxçıvan şəhər sakinləri və şəhərin qonaqları həmrəylik bayramını və Yeni ilin gəlişini elliklə, qurub yaratmaq əzmi ilə, böyük ruh yüksəkliyi və bayram gəzintisi şəraitində qeyd etdilər.
Naxçıvan şəhəri günlər öncədən bayram libasına bürünmüşdü. İnsanların xoş çöhrəsi çilçıraqlı küçə və prospektlərdə, ağ örpəyə bürünmüş parklarda möhtəşəm bayram lövhələri yaratmışdı. Axşam saatlarında Heydər Əliyev prospektindəki mərkəzi meydanda konsert proqramı təşkil olunub, Vətənimizi, həmrəyliyi, Yeni ili tərənnüm edən mahnılar səslənib, gənclər rəqs edərək xoş anlar yaşayıblar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə bayram şənliyinə gəlib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına televiziya vasitəsilə təbriki mərkəzi meydanda və şəhərin digər yerlərində quraşdırılan monitorlar vasitəsilə yayımlanıb. Azərbaycan xalqına xoş arzularını çatdıran ölkə Prezidenti deyib: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz güclü dövlət qururuq, güclü iqtisadiyyat qururuq, eyni zamanda, insanların rifahı bizim üçün həmişə prioritet məsələ olubdur və olacaqdır… Azərbaycan demokratiya yolu ilə gedir, inkişaf yolu ilə gedir və bu, bizim şüurlu seçimimizdir. Xalq-iqtidar birliyi, milli həmrəylik bu gün ən yüksək səviyyədədir. Bizim əsas vəzifəmiz ondan ibarətdir ki, dövlətimizi daha da gücləndirək, Azərbaycan xalqının daha da yaxşı həyatını təmin edək”.
Gecə saatlarında Naxçıvan şəhərinin mərkəzi meydanında möhtəşəm bayram atəşfəşanlığı olub, Yeni il xoş ovqat və böyük təntənə ilə qarşılanıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Naxchivan_seherinde_Dunya_Azerbaycanlilarinin_Hemreylik_Gunu_ve_Yeni_il_bayrami_qeyd_olunub-915812

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR