Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

27 illik sirrin gizlinləri - GİZLİ TARİX

27 illik sirrin gizlinləri - GİZLİ TARİX

Date: 1 January 2016 20:27

Sokrat deyirdi ki, bütün sirlər gec-tez açılır. Və bu, əlbəttə ki, təsdiqlənmiş həqiqətdir. Hətta üzərindən əsrlər keçsə də, bir çox mətləblər üzə çıxır. Yaxın keçmişimizdə baş verən hadisələrin üzərindəki sirr pərdəsini götürmək isə daha asandır. Çünki əksər hallarda hadisələrin şahidləri sağ olur və bir yolla informasiya sızdırılır.

1988-ci ilin 21 dekabrında Londondan Nyu-Yorka 103 saylı reyslə uçan, səmada partlayaraq Şotlandiyanın Lokerbi kəndində düşən "Boeing 747" təyyarəsi ilə bağlı müəmmaların açılmasında da belə olub.
Əsl səbəbi bu yaxınlarda məlum olan terror aktı nəticəsində 270 insan (259 sərnişin, ekipaj üzvləri və 11 yerli sakin) dünyasını dəyişib. Onlardan 189 nəfəri Yeni İli doğmaları ilə qarşılamağa gedən ABŞ vətəndaşları idi.
Təyyarənin qalıqlarının böyük əraziyə səpələnməsi onun yerə düşərkən aldığı zərbədən deyil, səmada partlamasından xəbər verirdi...
 
 
Milli.Az bildirir ki, publika.az bu müəmmalı terror aktı ilə bağlı üzə çıxan versiyaları təqdim edir.
 
 
Britaniya Nəqliyyat Nazirliyinin mütəxəssislərinin araşdırmaları zamanı məlum oldu ki, əvvəlcə təyyarənin mərkəzi korpusu qanadlardan, sonra isə ön hissəsi korpusdan ayrılıb. Təyyarə yerə düşərkən 90 ton yanacaq geniş ərazidə ətrafa dağılıb. Nəticədə yanğın baş verib və kənddəki bir neçə ev sakinləri ilə birlikdə yanıb.
Bir neçə gün sonrakı araşdırmalar nəticəsində 103 saylı reyslə uçan təyyarənin 38 dəqiqə sonra partladıldığı aşkarlandı. Kriminal ekspertlər dərhal onun qalıqlarının olduğu  yerdə təhqiqatlara başladılar. Yanmış əşyaların analizləri, yük yerinin metal hissələri partlayışın plastik "Semteks" partlayıcısı ilə törədildiyini göstərirdi.
Həmin vaxta qədər misli görünməmiş terror aktının motivlərinin araşdırılması üçün 3 il vaxt lazım gəldi. Lakin bu müəmma 3 illik təqhiqatlardan sonra da tam açılmadı. Belə ki, terror aktının baş verməsindən 27 il ötməsinə baxmayaraq, 103 nömrəli reysin Lokerbidə nə üçün partladılmasının əsl səbəbləri hələ də tam müəyyən olunmayıb. Çünki bu illər ərzində baş vermiş siyasi oyunlar obyektiv təhqiqatların aparılmasına mane oldu və sonda prosesi dondurdu.
 
 
"Semteks"in izi ilə
 
 
ABŞ-ın Federal Təhqiqat Bürosunun "Lokerbi işi" təhqiqatları ilə bağlı rəsmi açıqlamasına əsasən "Semteks" partlayıcısı "Тoshiba" qəbuledicisinin içinə yerləşdirilib. Qəhvəyi rəngli çemodanın içində gizlədilmiş radioqəbuledici isə təyyarənin yük yerinə Maltadan olan sərnişin tərəfindən verilib.
Hadisə yerində aparılan araşdırmalar zamanı radioqəbuledici və "Samsonite" çemodanı ilə yanaşı, 850 kvadratmil ərazidə partlayıcının plastik bir detalı aşkar edildi.
Çemodandakı əşyalar arasında tapılmış şalvar və çətir Maltadakı "Luka" aeroportundakı mağazadan alınmışdı. Mağazanın sahibi, "Lokerbi işi" üzrə əsas şahid hesab edilən Toni Qauçi çətinliklə də olsa, alıcının kim olduğunu xatırlaya bildi...
"Meister & Bollier" İsveç kompaniyasının əməkdaşı Ulrix Lampert isə etiraf etdi ki, partlayıcı qurğunun saatının detalını Liviya kəşfiyyatının sifarişi ilə onlar hazırlayıb.
Bu arada başqa bir maraqlı fakt da ortaya çıxdı. Çexoslovakiya prezidenti Vatslav Havel 1980-ci illərin sonlarına ölkəsinin kommunist rejiminin Liviyaya "Semteks" partlaycıları göndərdiyini müəyyən etdi. Hansı  ki, həmin partlayıcıdan Lokerbidə təyyarənin məhv edilməsində istifadə olunmuşdu. Amma nədənsə prezident İngiltərə və ABŞ rəhbərlərinə bu haqda məlumat verməmişdi.
Təhqiqatların sonunda -1991-ci ilin 13 noyabrında Lokerbidəki terror aktını Liviyadan olan iki terrorçunun törətməsi məlum oldu. Onlardan biri "Libyan Arab Airlines" aviakompaniyasının təhlükəsizlik xidmətinin rəhbəri Əl Meqrahi həm də Liviya lideri Müəmmər Qəddafinin yaxın qohumu və bu ölkənin xüsusi xidmət orqanının əməkdaşı idi.
Terror aktında şübhəli bilinən ikinci şəxs isə Lamin Xəlif Fxima idi.
Liviya terror aktında şübhəli bilinən iki vətəndaşını beynəlxalq məhkəməyə təqdim etməkdən imtina etdi. Bundan sonra Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Qəddafini terrorizmə dəstək verməkdə ittiham edərək onun rəhbərlik etdiyi ölkəyə qarşı iqtisadi sanksiyalar tətbiq etdi. Bu ölkəyə silah və neft avadanlıqlarının satışı və digər qadağalar tətbiq olundu.
 
 
"Səhra aslanı" adlandırılan Qəddafinin rəhbərlik etdiyi dövlət ətraf aləmdən və müttəfiqlərindən təcrid edildi. Qadağalar 8 il qüvvədə qaldı. Liviya Cəmahiriyyəsinin lideri yalnız 1999-cu ildə əl Meqrahini və onun əlaltısını şotland polisinə təhvil verdi. Lakin bir şərtlə -məhkəmə prosesi neytral ölkədə keçirilməli idi.
Məhkəmə ABŞ-ın keçmiş hərbi bazasında, Hollandiyanın Utrext şəhərində şotland qanunları əsasında keçirildi. Proses 2011-ci ilin 31 yanvarında başa çatdı. Hökmə əsasən, əl Meqrahi azadlıqdan ömürlük məhrum olundu. Lamin Xəlif Fxima isə günahsız elan olunaraq azadlığa buraxıldı.
2003-cü il avqustun 13-də İsveçrənin Bazel şəhərində əldə edilmiş razılaşmaya görə bank hesabı açıldı və terror aktında həlak olmuş sərnişinlərin hər birinin ailələrinə 10 milyon dollar ödənilməklə ümumilikdə 2,7 milyard dollar ayrıldı. Vəsait ABŞ, İngiltərə və Liviya  tərəfindən öənilməli idi.
ABŞ, Böyük Britaniya və Liviya arasındakı razılaşmaya görə, 1988-ci ilin 21 dekabr terror aktında Liviyanın rəsmi şəxsləri müqəssir hesab edildi. Tərəflər bununla yanaşı, partlayışda ölmüş sərnişinlərin ailələrinə kompensasiyanın ödənilməsi şərtlərini razılaşdırdılar.
Lakin əl-Meqrahi həbsxanada ömrünün sonlarına qədər qalmadı. Xərçəng xəstəliyindən əziyyət çəkən məhbus ömrünün 10 ilini Şotlandiya həbsxanasında keçirdikdən sonra 2009-cu ildə azadlığa buraxıldı. Vətənə qayıdan terrorçunun şərəfinə Tripolidə təntənəli tədbir təşkil edildi. Əllərində bayraqlar və şüarlar tutmuş minlərlə insan onu qəhrəman kimi qarşıladı. ƏI-Meqrahi azadlığa çıxdıqdan sonra cəmi 3 il yaşadı və 2012-ci ildə dünyasını dəyişdi.  
Bir çox ölkələr bu terrorda Qəddafini ittiham etməyə başladılar. Lakin polkovnikin belə addımı atması üçün əlində əsas vardı. Çünki İsrailin Hərbi Hava Qüvvələrinə məxsus qırıcı 1973-cü ilin 21 fevralında Sinay yarımadasında "Libyan Arab Airlines" kompaniyasına məxsus mülki təyyarəni vurmuşdu. Nəticədə 108 nəfər həlak olmuşdu.
Belə olduqda, ortaya sual çıxdı: "Liviya lideri niyə bu qisas üçün 15 il gözləmişdi? Üstəlik, qisas əməliyyatında ABŞ-ın günahı nə idi? Axı, Liviya təyyarəsini İsrail vurmuşdu.
İntiqamın motivində başqa səbəblər də vardı...
 
 
İran versiyası
 
 
1988-ci ilin 3 iyulunda Fars körfəzində Amerikanın "Vinsens" kreyserindən atılan raket İrana məxsus olan, Tehrandan Dubaya uçan "A300" sərnişin təyyarəsini vurdu. Nəticədə 290 nəfər həlak oldu. Onlardan 65-i uşaq olmaqla, əksəriyyəti iranlılar idi.
ABŞ rəhbərliyi isə bu addımına haqq qazandırmağa çalışdı.
Halbuki sərnişin təyyarəsi günün günorta çağı səmaya qalxmışdı və müəyyən məsafədə, təyin edilmiş marşrut üzrə uçurdu. Bütün bunlara rəğmən amerikalılar üzrxahlıq etməkdən imtina etdilər.
"Faktların nəyi izah etməsinin mənimçün heç bir fərqi yoxdur. Birləşmiş Ştatlar adından heç vaxt üzrxahlıq etməyəcəm", -deyə həmin vaxt prezident seçkilərində namizədliyini irəli sürmüş Corc Buş (ata)  bəyan etdi. Onun bu açıqlaması seçkilərdə respublikaçıların namizədinə dividend gətirdi -Buş prezident seçildi.
 
 
İran hakimiyyəti onlarla vətəndaşının həlak olduğu qəzanın bədbəxt hadisə olmasını qəbul etmədi. Buna əsası da vardı -1988-ci ilin 18 aprelində "Enterprayz" gəmilərindən səmaya qalxan təyyarələr İran ərazisini birinci dəfə bombardman etməyə başladılar.
Elə həmin ilin avqustunda İran hökuməti BMT-nin təklifi ilə hərbi əməliyyatları dayandıraraq İraqla 8 il davam edən müharibəyə son qoydu. İndi yeni düşmən ABŞ idi. Rəsmi Tehran özünün hərbi doktrinasına yenidən baxmağa başladı. İran əslən Pakistandan olan, nüvə mafiyasının rəhbəri Əbdül Qadir Xanla əməkdaşlığa başladı.
Lakin Amerikadan qisas almağa zaman lazım idi. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Robert Ber istefaya çıxdıqdan sonra bildirdi ki, Amerikanın bütün kəşfiyyat qurumlarında İranın ABŞ avialaynerini partlatmaq, vurulmuş təyyarənin qisasını almaq planları haqda xəbərlər vardı: "Biz bu barədə məlumatlı idik".
İran rəsmiləri isə vurulmuş təyyarəyə görə qisas almağa tələsirdilər. Bu ölkənin həmin dövrdəki daxili işlər naziri Əli Əkbər Möhtəşəmi bəyan etdi ki, amerikalılardan intiqam alınacaq. Düşmən dövlətin  səmasından qanlı yağış yağacaq. Nazir hətta bununla bağlı "İntiqam" adlı yeni terror aktını da hazırlamışdı.
Tezliklə ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinə daha bir həyəcanlı xəbər ötürüldü -Möhtəşəmi İranın vurulmuş təyyarəsinin qisasını almaq məqsədilə  Beyrutdakı terrorçu qruplaşmalara "Pan Am"ın 103 saylı reysi ilə uçan təyyarədə partlayış törətmək üçün 10 milyon dollar ödəməyə hazırlaşır. Xəbəri "Vaşinqton post" qəzeti də ictimailəşdirdi.
Elə bu məqsədlə də İran hökumətinin bir neçə yüksək vəzifəli təmsilçisi Beyruta səfər etdi. Onlar Fələstin Azadlıq Təşkilatının ali rütbəli zabiti Əhməd Cibrillə görüşdülər.
Almaniya Federal Polisi "Herbstlaub" ("Payız yarpaqları") əməliyyatı ilə Əhməd Cibrilin Qərbi Almaniyanın Noys şəhərində qeyri-adi bomba istehsalı ilə məşğul olduğunu müəyyənləşdirdi. Bu işdə onun müavini Dalkamani də müəyyən rol oynayırdı. Bombaların hazırlanmasına isə iordaniyalı mütəxəssis Maruan Kxreezat rəhbərlik edirdi. O, bombaları radioqəbuledicilərin içinə quraşdıraraq hazırlıq vəziyyətinə gətirirdi. Plana əsasən partlayış təyyarə müəyyən yüksəkliyə qalxdıqdan sonra baş verməli idi.
1989-cu ildə ABŞ-ın Federal Kəşfiyyat Bürosunun əməkdaşları Əmmanda Kxreezatı sorğu-sual etməyə müvəffəq ola bildilər. O, ifadələrində beş barometr bombası hazırladığını etiraf etdi. Hətta onların yerini də dedi. Bombalardan dördü alman polisi tərəfindən Noysda Dalkamaninin qohumlarının evində tapıldı. Lakin beşinci bombanın yerini müəyyənləşdirmək mümkün olmadı. Beləcə, alman polisi "Тoshiba" radioqəbuledicilərinin içərisində quraşdırılmış, Britaniya, ABŞ rəsmilərinin məhvinə hesablanmış bombaların yerlərini 1988-ci ilin payızında müəyyənləşdirdi.
 
 
 
Lokerbidəki terror aktından təxminən bir il sonra məlum oldu ki, İran ordusuna silah satan silah alverçisi Devid Lavdcoy İran səfirliyinə 103 saylı reysdə Amerikaya uçan sərnişinlər arasında ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin və Müdafiə Nazirliyinin əməkdaşının olması haqda məlumat ötürüb. Bu şəxsin Mərkəzi Kəşfiyyat İdarəsindəki ləqəbi "Qozqıran" idi. Lakin agent hər iki tərəfə işləyirdi.
Onun satqınlığı 1988-ci ilin noyabr və dekabrında ABŞ-ın Lavdcoydan Hüseyn Niknama və İranın Beyrutdakı əlaltılarına telefon zəngləri siyahısını ələ keçirməsindən sonra üzə çıxdı. Lavdcoy sonuncu dəfə dekabrın 20-də zəng etmişdi.
1989-cu ilin aprelində ABŞ-ın Federal Təhqiqat Bürosu çemodanında təyyarənin bortuna bomba gətirmiş sərnişinin şəxsiyyəti haqda xəbərləri mətbuata  açıqladı. Bu, Livan əsilli Amerika vətəndaşı, 21 yaşlı Xalid Cəfər idi. Bomba onun çemodanına Fələstin Azadlıq Təşkilatının Baş Komandanlığının məxfi əməkdaşı tərəfindən qoyulmuşdu...
 
 
"Pan Am" aviakompaniyasının 103 saylı reysi ilə uçan təyyarənin partladılmasından sonra İsrail kəşfiyyatı İranın daxili işlər naziri Möhtəşəminin ölkəsinin Beyrutdakı səfiri ilə danışığını ələ keçirdi. Nazir telefon söhbətində təyyarənin partladılması əməliyyatının uğurla başa çatmasına görə səfiri təbrik edirdi və Fələstin Azadlıq Təşkilatının Baş Komandanlığının Beyrutdakı əməkdaşlarına vəd edilmiş pulun qalan hissəsini ödəməyi tapşırırdı.
Yeri gəlmişkən, İsrail Lokerbi terror aktının təşkilatçıları məsələsində heç vaxt ABŞ-la razılaşmırdı. Bu ölkənin rəsmiləri Amerikanın Liviyanın iki yüksəkvəzifəli şəxsini terrorda ittiham etməsindən bir neçə gün sonra bəyan etdilər ki, Təl-Əviv olayın Cibrilin əlaltıları tərəfindən törədiləcəyi haqda ABŞ-ı xəbərdar edib.
 
 
 
Şotlandiyada qaldırılmış cinayət işini araşdıran komissiya da təsdiq etdi ki, Fələstin Azadlıq Təşkilatının Baş Komandanlığına 1988-ci ilin 23 dekabrında 11 milyon dollar ödənilib. Pullar əvvəlcə Fələstin Azadlıq Təşkilatının Baş Komandanlığının Lozannadakı (İsveçrə) bank hesabına, sonra isə təşkilatın "Banque Nationale de Paris" bankındakı hesabına, buradan da Macarıstanın İnkişaf Bankına köçürülmüşdü.
Terror aktının müəmmalı məqamlarından biri də olayda itkilərin sayının az olmasıdır. Ekspertlər bildirirdilər ki, insan itkisi daha çox ola bilərdi.
Hadisə baş verən gün Londondan Nyu-Yorka uçan təyyarənin sərnişinlə dolmaması mütəxəssislərin diqqətini cəlb etdi. Sonuncu reysdə 165 boş yer qalmışdı.
 
 
Dövlət rəsmiləri təyyarəyə niyə minmədilər?
 
 
Terror aktının təhqiqatı məsələsində ortaya çıxmış bir fakt da diqqəti cəlb edir: "Pan Am" aviakompaniyası bayramqabağı uçuşlarla əlaqədar müqayisəli informasiyaları verməkdən imtina etmişdi. Şirkət bunu kommersiya sirri ilə əsaslandırırdı.
Lakin qərar etirazla qarşılanmışdı. Yeri gəlmişkən, bu yeniliyi etirazla qarşılayan sərnişinlərin kimliyi maraqlıdır.
ABŞ prezidenti yanında komissiya bəyan etdi ki, Birləşmiş Ştatların Moskvadakı səfirliyinin əməkdaşlarının 80 faizi Frankfurtdan Londona uçan reysin biletlərini əvvəlcədən alırdılar. Lakin onlar məlum qərardan sonra 103 saylı reysin xidmətindən imtina etmişdilər.
103 saylı reysin xidmətlərindən imtina edib həmin təyyarəyə minməyənlər arasında Cənubi Afrikadan olan nümayəndələr də vardı. Onlar qeydiyyatdan cəmi bir neçə saat əvvəl uçuşdan imtina etmişdilər. CAR-ın xarici işlər naziri Pik Bot həmin təyyarə ilə ABŞ-a uçmalı, BMT-də Namibiyanın müstəqilliyinin tanınması sazişinə imza atmalı idi. Həmin vaxt ABŞ-ın Livandakı səfiri Con Makkarti, Kris Revell, Federal Təhqiqat Bürosu direktorunun köməkçisinin oğlu Oliver Revell, ABŞ kəşfiyyatının Narkotiklərə Qarşı Mübarizə Bölməsi rəhbərinin köməkçisi Stiven Qrin də "Pan Am" aviakompaniyasının 103 saylı reysi ilə uçmaqdan imtina etdilər.
Sual olunur: adlarıçəkilən şəxslər, hökumət nümayəndələri təyyarənin terror aktı ilə partladılacağını əvvəldən hiss etmişdilər, yoxsa son anda bu barədə nəsə öyrənmişdilər? Olmaya bu şəxslərin "bəxti gətirmişdi"? Sualların cavabı bu günə kimi açıq qalır...
 
 
Olayla bağlı bəzi müəmmalar zaman keçdikcə açıldı. Məlum oldu ki, 1988-ci ilin 18 noyabrında "Pan Am" ABŞ-ın Federal Aviasiya İdarəsindən təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin zəruriliyi ilə bağlı rəsmi bildiriş məktubu alıb. Sənəddə Almaniya ərazisində Şərqi Avropadan gəlmiş terrorçu qruplaşmanın müəyyən edilməsi, dəstə üzvlərində təyyarələrdə partlayış törətmək üçün xüsusi bombanın olması xəbər verilib.
"Pan Am" həm də bombanın yerinin müəyyən edilməməsi haqda xəbərdar edilmişdi. Çünki introskop onun yerini tapa bilməmişdi.
Dekabrın 5-də ABŞ-ın Helsinkidəki səfirliyinin telefonuna naməlum şəxs tərəfindən zəng edildi. O, diplomatik korpusun əməkdaşlarına təhlükəsizlik tədbirlərini gücləndirməyin zərurliyi haqda xəbərdarlıq etdi. Səfirliyə zəng etmiş şəxs ərəb aksenti ilə danışaraq xəbərdarlıq etdi ki, "Pan Am" kompaniyasının Frankfurtdan ABŞ-a uçan təyyarəsi yaxın 2 həftə ərzində partladılacaq. Terror aktını isə Fələstindən olan bir nəfər həyata keçirəcək.
 
 
Dekabrın 8-də "Pan Am" aviakompaniyasının təhlükəsizlik xidmətinin əməkdaşı Cim Bervik Helsinki şəhərinə gələrək ABŞ kəşfiyyatının agenti ilə görüşdü. Lakin kəşfiyyatçı terror aktı xəbərdarlığının saxta olduğunu bildirdi.
Elə həmin gün İsrail xüsusitəyinatlıları Livanda -Fələstin Azadlıq Təşkilatının Damur yaxınlığındakı mənzil qərargahında əməliyyat keçirdilər. Yoxlamalar zamanı aviakompaniyanın təyyarəsində terror aktına hazırlıq planının olduğu sənəd tapıldı. Sənəddə olayın dekabrın sonlarına planlaşdırıldığı və onun Frankfurtdan uçan təyyarədə həyata keçiriləcəyi qeyd olunmuşdu. İnformasiya dərhal ABŞ-a və Almaniyaya göndərildi.
Xəbərdarlıq dekabrın 13-də bülleten formasında ABŞ-ın Moskvadakı səfirliyinə də göndərildi və daha sonra ictimaiyyətə, o cümlədən, jurnalistlərə və biznesmenlərə açıqlandı.
Nəhayət, dekabrın 18-də Almaniya Federal Polisi yaxın 2-3 gün ərzində terror aktının həyata keçiriləcəyi haqda məxfi informasiya əldə etdi. İnformasiyada bildirilirdi ki, terror aktı "Pan Am"ın 103 saylı reysində baş verəcək. Məlumat ABŞ-ın Bonndakı səfirliyinə göndərildi. Dövlət Departamenti isə bu həyəcanlı xəbəri ABŞ-ın ayrı-ayrı ölkələrdəki səfirliklərinə  göndərərək onları xəbərdar etdi.
Bütün bunlardan sonra 103 saylı reysin yük yeri, haradasa, mikroskopla yoxlanılmalı idi. Lakin nədənsə belə olmadı.
 
 
MKİ yubandı
 
 
İtkilər ABŞ-a baha başa gəldi. Pan Amın 103 saylı reysində baş vermiş terror aktı nəticəsində ölənlər arasında ABŞ kəşfiyyatının bir neçə zabiti də vardı. Mayor Makki amerikalı girovların yerini müəyyənləşdirmək üçün göndərildiyi Beyrutdan geri qayıdırdı. Mak Ki Mərkəzi Kəşfiyyat İdarəsinin Beyrutdakı rezidensiyası rəisinin müavini Metyu Qennonla birlikdə bayram tətilinə qayıdırdı.
Bütün bunlardan da görünür ki, Mərkəzi Kəşfiyyat İdarəsi bütün sədləri aşaraq Lokerbi faciəsinin əsl müqəssirlərini müəyyənləşdirməli və cəzalandırmalı idi. Lakin Ağ Evdə və Dövlət Departamentindəki siyasi oyunlar korporativ həmrəylikdən daha yüksəkdə dayanırdı.
ABŞ və Böyük Britaniya əvvəlcə olayın İran versiyasına daha çox inandılar. Lakin ABŞ-ın 1990-cı ildə İraqa hücumu hər şeyi dəyişdi. İraqda uğurlu hücum əməliyyatları üçün İranın və Suriyanın dəstəyi olduqca vacib idi. Buna görə də terror aktına görə ancaq Liviya lideri Qəddafi ittiham edildi.
Sual olunur: bu məsələdə hansı kəşfiyyat sirləri vardı? Məsələ burasındadır ki, Amerika vertolyotları hadisə yerinə çox tez -1 saat 25 dəqiqəyə çatdı. Bəziləri bunu onların hadisədən xəbərdar olmaları ilə əsaslandırdı. Şotlandiyanın Damfis və Hallouey əyalətlərinin yerli polis zabitləri isə Lokerbidə həddən çox Amerika polisi olmasından narahat idi. Onlar hesab edirdilər ki, amerikalılar təyyarə qalıqlarından bəzi vacib detalları məhv edə bilərlər.
Təyyarə faciəsində əsas şahidlərdən sayılan Maltadakı mağazanın rəhbəri, terror aktında şübhəli bilinən Liviya vətəndaşının əleyhinə ifadə vermiş Toni Qauçi əl Meqraxinin məhkəmə prosesindən sonra ABŞ-ın Ədliyyə Nazirliyinin "Rewards for Justice" proqramı çərçivəsində 2 milyon dollar pul aldı. O, daha sonra həyat yoldaşı ilə birlikdə Avstraliyada vətəndaşlıq aldı.
2007-ci ildə Britaniya mətbuatı terror aktı ilə bağlı sensasion material yayımladı. İsveçrəli mühəndis Ulrix Lampert məhkəmədə and içərək bildirdi ki, təyyarənin məhv edilməsi üçün istifadə olunmuş bomba saatını partlayışdan bir müddət əvvəl terror aktının təhqiqatı ilə məşğul olan şəxslərdən birinə verib. Həmin saatın qalığı "Lokerbi" işinin araşdırılması üçün əsas detallardan biri idi. Lampert bildirdi ki, özünün təhlükəsizliyi naminə bunları açıqlamayıb və susmağa üstünlük verib.
Təhqiqat işində maddi sübut kimi istifadə edilən saatların istehsalçısı, İsveçrənin "Meister & Bollier" şirkətinin rəhbəri isə bəyan etdi ki, o, terror hadisəsindən bir neçə il əvvəl Liviya ordusuna bir neçə bomba saatı satıb. Lakin onlar məhkəmədə maddi sübut kimi istifadə edilən qəhvəyi deyil, yaşıl saatlar olub.
O da məlum idi ki, 103 saylı reysə partladıcı qurğu yerləşdirilməsi barədə çoxsaylı xəbərdarlıqlara baxmayaraq, təyyarənin yük yeri ciddi şəkildə yoxlanılmadı. Lakin təhqiqatçılar müəyyən etdilər ki, introskopun operatoru radioqəbuledicinin olduğu bütün çantaları təyyarənin yük yerindən götürmək barədə təlimat alıbmış. Operator isə ifadəsində heç bir çantada "Тоshiba" radioqəbuledicisini tapmadığını bildirdi.
Buradan belə nəticəyə gəlmək olar ki, partladıcı qurğu təyyarənin yük yerinə qeyri-adi üsulla qoyulub. Almaniya Federal Polisinin agentinin açıqlamasına görə, təyyarədə içində narkotik olan çemodan da olub. Lakin o, sonradan qəhvəyi rəngli "Samsonite" çemodanının içinə yerləçdirilib.
Federal polis orqanının əməkdaşları bu barədə MKİ-nin Visbadendəki qrupuna məlumat ötürüb. Qarşı tərəfdən gələn cavab mətni isə belə imiş: "Bundan narahat olmayın. Yükü saxlamayın, buraxın".
Belə çıxır ki, Lokerbidəki partlayışdan sonra baş verənlər -Maltadan olan şahid, liviyalıların ittiham edilməsi, milyardlarla kompensasiya MKİ-nin 189 Amerika vətəndaşının həlak olması ilə nəticələnmiş hadisənin əsl səbəblərinin araşdırılması ilə bağlı yubanmış əməliyyatları idi.
 
 
Sonda: ABŞ-ın sabiq prezidenti Reyqanın köməkçisi vəzifəsində işləmiş Edvard Lyuttvak "The Times Literary Supplement"də yazmışdı ki, MKİ-nin gizli əməliyyatlarını iki qrupa bölmək olar. Birinci qrup ictimaiyyətə daha çox aydındır. Onun nəticəsində kobud səhvlərə yol verilib.
İkinci qrup haqda isə geniş açıqlama verilməyib və o, gizli saxlanılır. "Lokerbi işi" sonuncuya aiddir.

Milli.Az


Tags:  illik sirrin gizlinləri GİZLİ TARİX

RƏYLƏR


Top news