Azərbaycanda bu peşə "arxivə göndərilə" bilər

Azərbaycanda bu peşə "arxivə göndərilə" bilər
07:37 2 Yanvar 2016
10 Digər
Ölkə mətbuatı
A- A+

Qeyri-ənənəvi poçt xidmətləri Azərbaycanda poçt sahəsinin gəlirlərini artırsa da, obyektiv səbəblərdən ənənəvi xidmətlərə tələbatın zəifləməsi poçtalyonların sayına təsir göstərib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Dövlət Statistika Komitəsinin yeni nəşri olan "Azərbaycan rəqəmlərdə 2015" bülletenindəki statistik məlumatlar göstərir ki, poçt xidmətlərindən əldə olunan gəlir 2014-cü ildə 40,1 milyon manat təşkil edib. Halbuki 2010-cu ildə poçt xidmətlərindən əldə olunan gəlir 21,5 milyon manat olub.

Poçtalyonların sayı 2010-cu ildə 1342, 2014-cü ildə isə 1171 nəfərə düşüb

Poçt sahəsində qeyri-ənənəvi, o cümlədən yeni maliyyə xidmətlərinin genişlənməsi bu sahənin rentabelli fəaliyyətinə təkan verən əsas səbəblərdən biridir. Eyni zamanda 2014-cü ildə poçt şöbələrinin sayı 1 616, kənd yerlərində isə 1 236 vahid təşkil edib. Amma ənənəvi poçt xidmətlərinin geriləməsi, eyni zamanda kağız məktubların e-mail ünvanlardan göndərilən məktublarla əvəzlənməsi kimi səbəblər poçtalyonların sayına da təsirsiz ötüşməyib. Belə ki, poçtalyonların sayı 2010-cu ildə 1342, 2011-ci ildə 1316, 2012-ci ildə 1223, 2013-cü ildə 1230, 2014-cü ildə isə 1171 nəfər təşkil edib. Həmçinin kənd yerlərində bu rəqəm son 5 ildə illər üzrə analoji olaraq, 387, 437, 445, 476 və 413 nəfər təşkil edib. Göndərilən qəzet və jurnalların sayı 2010-cu ildə 5,3 milyon ədəd idisə, 2014-cü ildə 2,7 ədəd olub. Bundan başqa, göndərilən məktubların sayı 2010-cu ildə 7,1 milyon ədəd olduğu halda, 2014-cü ildə 6,1 milyona düşüb. Bağlamalar 2010-cu ildə 162,0 min ədədlə ölçülübsə, 2014-cü ildə 117,1 min ədədə enib.

Qlobal hədəf - milli poçtların inkişafı

Bütün bunlara rəğmən, bu gün dünyada milli poçtların inkişaf etdirilməsi diqqət mərkəzindədir. Təsadüfi deyil ki, bu gün qlobal poçt dünyası yeni yolların, həll və xidmətlərin axtarışındadır. Ümumiyyətlə, poçt ən qədim tarixə malik bir rabitə, əlaqə, kommunikasiya və ünsiyyət vasitəsidir. Müxtəlif dövlətlər və millətlər arasında poçt əlaqələri min illərdir ki, mövcuddur. Poçt daim inkişaf edir və təkmilləşir. Bu sahədə yeni texnologiyalar tətbiq olunur, qeyri-ənənəvi xidmət növləri yaranır. İnformasiya texnologiyalarının son dövrlər sıçrayışla inkişaf etməsi poçt sahəsinə də kəskin təsir etməkdədir. Əhali arasında elektron ünsiyyət vasitələrinin - internetin, mobil telefonların sayının artması adi məktubların sayının azalmasına səbəb olsa da, poçt yeni yaranmış şəraitə daim adaptasiya olunaraq yeni xidmətlər (logistika, elektron ticarət, bank-maliyyə və s.) təklif etməyə başlayıb. Poçt sahəsi cəmiyyətdə kəskin dəyişən mühitə uyğunlaşaraq öz formasını dəyişir, eyni zamanda aktuallığını saxlamaqdadır. Bu xidmət növü dövlətin, iqtisadiyyatın sosial yönümlü sahələrindən biridir. Məsələn, Universal poçt xidmətlərinin (UPX) göstərilməsi qeyri-rentabellidir, lakin əhaliyə onun göstərilməsi məcburidir.

Poçtalyon peşəsi "arxivləşdirilir"

Buna baxmayaraq, poçtalyon peşəsinə tələbat getdikcə azalır. Yeni texnologiyalar bəzi ixtisasları, eləcə də mütəxəssisləri artıq "arxivə göndərir". Belə ki, analitiklər kompüter texnologiyalarının hazırda qismən əvəzlədiyi bəzi ixtisaslara çox yaxın gələcəkdə ehtiyac qalmayacağını bildirirlər. Təxmini tərtib edilən siyahının ilk yerində poçtalyon peşəsi durur. Hesab olunur ki, məktubların elektron qaydada göndərilməsi ilə kağız sənədlərə, o cümlədən, onları daşıyan və paylayan şəxsə praktiki olaraq tələbat ortadan qalxır. Amma o da qeyd edilir ki, bu peşə sahiblərinə tələbat yalnız bir halda tamamilə yox ola bilər. Bunun üçün bütün pensiyaçılar təqaüdlərini bank kartlarına köçürmələr vasitəsilə almalıdırlar. Düzdür, Azərbaycanda 5 il ərzində poçtalyonların sayının 171 nəfər azalması ciddi görünməyə bilər, amma bu fakt gələcəkdə poçtalyon peşəsinin sıradan çıxmayacağını da istisna etmir.

"Rusiya Poçtu" son 10 ilin ən böyük ixtisarını planlaşdırır

Bu gün poçtalyonlara tələbatın azalmasını formalaşdıran digər amillər də var. Buna səbəb ilk növbədə insanların yeni həyat tərzinə uyğunlaşmasıdır. Məsələn, əvvəllər dünyada və ölkə daxilində baş verən ictimai, siyasi, mədəni hadisələrlə bağlı məlumatlar əsasən qəzet və jurnallardan alınırdı, abunə edilmiş mətbu nəşrlər isə poçtalyon vasitəsilə ünvanına çatdırılırdı. Bu, bayram və digər münasibətlə yazılan təbrik açıqcalarına da aiddir. Eyni zamanda texnologiyaların bütün sahələrə tətbiqi ilə proseslərin avtomatlaşdırılması insan əməyinin minimuma endirilməsinə şərait yaradır. Analoji hal bütün ölkələrdə müşahidə edilir. Məsələn, Rusiyada federal müəssisə son illər ərzində ən böyük personal ixtisarını planlaşdırır: "Rusiya Poçtu" üzrə ştat 10 il ərzində 1/3-ə qədər azalacaq.

ABŞ-da poçt çeşidləyiciləri də keçmişdə qalacaqlar, poçtalyon isə tələb olunmayan peşələr siyahısına düşüb

ABŞ-da isə poçt çeşidləyiciləri də keçmişdə qalacaqlar: 2018-ci ilə bu sahədə 30 faiz və ya 54,5 min insanın ixtisarı gözlənilir. Poçtalyon peşəsi, həmçinin ABŞ-da ən tələb olunmayan peşələr siyahısına düşüb. İnformasiya vasitələrinin gəlişi, o cümlədən internet və mobil rabitələrin hesabına "piyada poçtalyon" işi 26 faiz azalacaq. Eyni zamanda "Washingtonpost"un yazdığına görə, Birləşmiş Ştatlar Poçt Xidməti (USPS) uzun illər ağır maliyyə gərginliyi altında olub.

NALC: "Bu, iş qatilliyidir"

Statisktik rəqəmlər də təsdiq edir ki, ABŞ-da 2009-cu ildən 2014-cü ilə qədər həm şəhər, həm də kəndlərdə məktubdaşıyanların sayı 7 faiz azalıb. Çətin maliyyə səbəbləri üzündən USPS poçt xidmətində şənbə çatdırılmasını aradan qaldırmağın tərəfdarıdır. Məktub Daşıyıcılarının Milli Assosiasiyası (National Association of Letter Carriers - NALC) isə qeyd edir: "Bu, iş qatilliyidir. Şənbə günü çatdırılmasının ləğvi şəhərlərdə və kənd yerlərində 80 min poçt iş yerini aradan qaldıracaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/394710.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR