Azərbaycan multikulturalizmi bu gün:  Portuqaliyadan İndoneziyayadək...

Azərbaycan multikulturalizmi bu gün:  Portuqaliyadan İndoneziyayadək...
14:23 2 Yanvar 2016
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 yanvar, AZƏRTAC
Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Ölkə Prezidenti İlham Əliyevin Azərbaycan multikulturalizminin elmi əsaslarla öyrənilməsi və dünyada təbliği istiqamətində göstərdiyi konkret hədəflərə çatmaq üçün atılan əməli addımlar dövlət qurumları, siyasətçilər, hökumət adamları ilə yanaşı, hər bir vətəndaşımızın üzərinə şərəfli vəzifə qoyur.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti də 2015-ci ildə fəaliyyətini dövlət başçısının daxili və xarici siyasətdə göstərdiyi konkret hədəflərə çatmaq istiqamətində qurub. İl ərzində ölkəmizdə yaşayan milli azlıqların hüquq və azadlıqlarının dövlət təminatı, dövlət-din münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə tənzimlənməsi, Azərbaycan multikulturalizminin dövlət siyasəti kimi ölkə daxilində və xaricdə təbliği, multikultural ənənələrin qorunması və müasir dövrün tələblərinə uyğun şəkildə inkişafı üçün Xidmət ardıcıl ideoloji-siyasi, həmçinin praktik fəaliyyət göstərib.
Qanunvericiliyimizdən və Azərbaycan multikulturalizminin özəl prinsiplərindən irəli gələrək icra edilən din siyasəti və ölkəmizdə yaşayan azsaylı xalqların, toplumların mədəniyyət nümunələrinin qorunması, hüquqlarının ali təminatı istiqamətində görülən işlərin dünya ictimaiyyətinə çatdırılması üçün Xidmət müəyyən layihələr həyata keçirib.
 
Azərbaycan multikulturalizmi
dünyanın müxtəlif ölkələrində
 
Xidmətin təşəbbüsü və dəstəyi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu gün dövlət siyasətinin vacib istiqamətlərindən biri olan Azərbaycan multikulturalizminin dünya ölkələrində təbliğini ən müxtəlif formalarda qurmağa çalışır.
İlk olaraq Xidmət tərəfindən “Multikulturalizmə giriş” (bakalavr pilləsi), “Azərbaycan multikulturalizmi” (magistr pilləsi) fənləri üzrə tədris proqramları hazırlanıb. Bununla paralel bu fənləri xarici dillərdə tədris edəcək müəllimlərin hazırlıq prosesi başlanıb. Qısa zaman kəsiyində bu fənn ölkəmizin 20 ali təhsil ocağında və 11 xarici ölkə universitetində tədris olunub. Onların sırasında Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti (Bolqarıstan), İvan Cavaxişvili adına Tbilisi Dövlət Universiteti (Gürcüstan), Ural Federal Universiteti (Rusiya Federasiyası), Litva Pedaqoji Universiteti (Litva), Praqa Karl Universiteti (Çexiya), Roma Sapienza Universiteti (İtaliya), Belarus Dövlət Universiteti (Belarus), Lusafona Universiteti (Portuqaliya), Ausburq Universiteti (Almaniya), Frayburq Universiteti (İsveçrə) və Sakarya Universitetində (Türkiyə) və başqalarını göstərmək olar. Bu universitetlərdə “Azərbaycan multikulturalizmi” fənni həm azərbaycanlı və həm də xarici müəllimlər tərəfindən tədris edilib.
Sülh və dostluq şəraitində yaşamın dünya üçün yeni modeli olan Azərbaycan multikulturalizmi xarici ölkələrdə təkcə universitetlərdə deyil, eyni zamanda müxtəlif təşkilatlarda kollokviumlar, seminarlar, “dəyirmi masa”lar formatında da təqdim edilib. Bu təqdimatlar Londondakı BBC-nin qərargahından tutmuş İndoneziyanın Coqyakarta şəhərindəki Ahmad Dahlan Universitetinə qədər olan geniş coğrafiyanı əhatə edib.
Azərbaycan mədəniyyətini, tarixini, dilini, ədəbiyyatını, iqtisadiyyatını, müasir ictimai-siyasi durumunu özündə kompleks şəkildə birləşdirən “Azərbaycan multikulturalizmi” fənni eyni zamanda ölkəmizdə, özəlliklə, texniki peşələr və dəqiq elmlər təmayüllü universitetlərdə, institutlarda və xüsusi tipli təhsil ocaqlarında tədris olunmağa başladı və bu gün də davam etməkdədir.
Bu istiqamətdə real ənənələri olan Bakı Slavyan Universitetində ölkədə ilk olaraq “Azərbaycan multikulturalizmi” kafedrası yaradıldı və fəaliyyəti təmin edildi.
 
Azərbaycana maraq Azərbaycana
məhəbbətə necə çevrilir?!
Keçən yay xarici ölkə universitetlərində və ölkəmizdəki təhsil ocaqlarında “Azərbaycan multikulturalizmi” fənnini yüksək qiymətlərlə başa vuran tələbələr “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş” devizi altında təşkil olunan yay məktəbinə dəvət olunmuşdular. Xarici tələbələrin bu fənni seçməklə Azərbaycana göstərdikləri maraq ölkəmizi gəlib gördükdən və buradakı reallığın həqiqi şahidləri olduqdan sonra Azərbaycana məhəbbətə çevrildi. Bakıda, Qubada, Qusarda, Xaçmazda gördükləri multikultural əhval və insanlara sevgi, dostluq hissləri ilə dolu həyat onlarda Azərbaycanla bağlı dərin təəssüratlar yaratdı. Onlar bu gün öz ölkələrində Azərbaycanın yeni dostları, Azərbaycanın maraqlarını müdafiə edəcək şəxslər və daima ölkəmizə məhəbbətlərini izhar edən gənclərdir. Onlar Azərbaycana qarşı baş verən istənilən ədalətsizliyə anında sərt reaksiyalar verir və Azərbaycan reallığının ölkəmizə qarşı ikili standartlar sərgiləyən dövlətlərin və beynəlxalq təşkilatların hesabatlarında təqdim edilən şəkildə olmadığı fikrini başqaları ilə bölüşür və bütün bunları dönə-dönə ifadə etməkdən çəkinmirlər. Onlar Azərbaycanı həqiqi dost kimi sevirlər. Bu yaxınlarda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəvəti ilə Los-Ancelesdəki Sinay sinaqoqunun 50 nəfər üzvü baş rahib David Volpenin rəhbərliyi ilə Azərbaycana səfər etmişdi. Səfərdən sonra hörmətli David Volpe Amerikanın “Time” jurnalında Azərbaycana məhəbbət və heyranlıq dolu bir məqalə dərc etdirdi. Əslində, o, Azərbaycan həqiqətini Amerika oxucusuna çatdırmaq istəyirdi. Amma nə baş verdi?! Bu məqalə erməni lobbisinin haqsız hücumlarına məruz qaldı. Bu haqsız hücumların qarşısına isə biz azərbaycanlılardan əvvəl yay məktəbinin iştirakçıları olmuş gənclər çıxdı və onlar David Volpeni müdafiə etdilər. Həm öz ölkələrindəki media orqanlarında, həm də sosial şəbəkələrdə onların verdiyi reaksiya, əslində, bir azərbaycanlının verə biləcəyi reaksiya qədər səmimi və kəsərli idi.
 
Milli mənsubiyyət – qürur,
Azərbaycanlı olmaq – fəxarətdir
 
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin söylədiyi “Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” ifadəsi bu gün hər bir ləyaqətli ölkə vətəndaşının həyat düsturuna çevrilib.
Xidmət bu il ərzində də ölkədə milli azlıqların hüquq və azadlıqlarının müdafiəsi, onların mədəni-mənəvi irsinin qorunması və dini etiqad azadlığının təminatı ilə bağlı yerli icra hakimiyyəti orqanları və digər dövlət strukturları ilə öz işini sıx şəkildə qurdu. Milli azlıqların dil və mədəniyyətinin qorunub saxlanması və inkişafı, onlara məxsus milli özünəməxsusluğun, adət-ənənələrin gələcək nəsillərə çatdırılması, eyni zamanda onların sıx yaşadığı bölgələrdə Azərbaycanın dövlət müstəqilliyinin və azərbaycançılıq ideyalarının təbliği, hərbi vətənpərvərlik, vahid dövlətçilik, vətənə sədaqət hislərinin gücləndirilməsi istiqamətində müvafiq dövlət qurumları və azlıqların milli-mədəni təşkilatları ilə birgə ardıcıl fəaliyyət həyata keçirdi. Xidmətin təşəbbüsü ilə fəaliyyətə başlayan “Kultura+” internet televiziyasında milli azlıqların dil və mədəniyyətinin qorunub saxlanması üçün müxtəlif verilişlər və milli azlıqların dillərinin virtual tədrisini həyata keçirən proqramlar hazırlandı və kulturaplus.az saytında yerləşdirildi. Həmçinin bu saytda Azərbaycanın xaricdəki dostları öz dillərində Azərbaycana məhəbbətlərini ifadə etdilər və bu xoş sözlər dünyanın bir çox ölkələrində izləndi. “Kultura+” vasitəsilə bu gün ən uzaq ölkələrdə belə Azərbaycanın multikultural durumu barədə real təsəvvür yaranmaqdadır.
 
Xınalqdan Çinədək
Prezident İlham Əliyevin bu ilin əvvəlində imzaladığı “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi” ilə bağlı xüsusi Sərəncam təkcə bu dastanı deyil, həm də Azərbaycan mədəniyyətini, ədəbiyyatını, tarixini dünya elm adamlarının və gəncliyinin bir daha diqqət mərkəzinə çevirdi. Bir daha bu Sərəncamın işığında Fransa, Almaniya, İngiltərə, ABŞ, Portuqaliya, Rusiya, Türkiyə, İtaliya və başqa ölkələrdə Azərbaycan mədəniyyəti bir daha dünya ictimaiyyətinə təqdim olundu. Və məhz ölkə başçısının böyük uzaqgörənliklə imzaladığı bu Sərəncam sayəsində görkəmli alman şərqşünas alimi və diplomatı Henrix Fridrix fon Ditsin 200 il əvvəl Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə bağlı qələmə aldığı çox dəyərli fikirlər və “Dədə Qorqud” dastanının ”Basat” boyu bir kəndin dili olan Xınalıq dilindən, yüz milyonların dili olan Çin dilinə qədər geniş bir coğrafiyaya yayılmış oldu. Kitab Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən Azərbaycan, türk, alman, ingilis, fransız, rus, çin, yapon, hind, ərəb, fars, yunan, yəhudi, gürcü, erməni, macar, italyan, ukrayna və başqa dillərdə çap edildi.
Bu Sərəncamdan ölkəmizdə yaşayan milli azlıqlara da sevinc dolu bir pay düşdü. Çünki qeyd edilən kitab eyni zamanda talış, tat, udi, ləzgi, kürd və xınalıq dillərinə də tərcümə edilərək çap edilmişdi. Beləliklə, hər bir Azərbaycan vətəndaşı ümumi ana kitabımız “Dədə Qorqud”u indi öz dilində oxuyur.
Hər qarışında Qorqud izi
Xidmət öz fəaliyyətində Prezident İlham Əliyevin şəxsi nümunəsini əsas götürərək, təkcə paytaxtda deyil, bölgələrimizdə yaşayan insanlarla birbaşa sıx ünsiyyət qurub. Xidmət əməkdaşları bu il ərzində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla ölkəmizin əksər bölgələrində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə çoxsaylı yerli əhalinin qatıldığı müxtəlif tədbirlərdə iştirak edib. Biz “Dədə Qorqud” dastanının ölkəmizin müxtəlif guşələrinə səpələnmiş izlərinə düşüb Xocavənd-Nərgiztəpə, Ağdam, Füzuli, Tərtər, Tovuz, Qazax, Quba, Qusar, Zaqatala, Qax, Balakən, Lənkəran, Yardımlı, Zərdab, Göyçay, Şamaxı, Qəbələ, Şəki və başqa rayonlarımızda yerli məktəblilərin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə saysız-hesabsız tədbirlər təşkil etdik. Bu tədbirlərdə malakanlar ingiloyların, ləzgilər talışların, saxurlar axısxa türklərinin, həmçinin bakılılar tovuzluların, ağdamlılar qubalıların, qazaxlılar şəkililərin, astaralılar maştağalıların evlərində qonaq qaldılar. Hər yerdə Azərbaycançılıq məfkurəsi hökm sürdü. Bu məfkurənin əsl təntənəsi baş verdi. Və bütün bunlar əsl qardaşlıq və vətəndaşlıq nümunəsinə çevrilirdi.
Qafqaz Albaniyasının renessansı
Akademik Ramiz Mehdiyevin öz əsərlərində dəfələrlə erməni fitnəsi və saxtakarlığına qarşı ortaya qoyduğu prinsipial elmi mövqe və bədxahlarımızın əsassız iddialarını elmi-tarixi mənbələr əsasında puça çıxarması Dövlət müşavirliyi xidmətinin işində də yeni istiqamətin meydana gəlməsinə vəsilə oldu. Erməni yalanlarını üzə çıxaracaq qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının tarixini təkcə yerli və bölgə əhəmiyyətli mənbələr əsasında deyil, xarici ölkə alimlərinin fikirləri, şərhləri və tərtib etdikləri tarixi arayışlar, xəritələr əsasında sistemli tədqiq etmək və bunu beynəlxalq elmi ictimaiyyətin diqqətinə çatdırmaq ötən il Xidmətin əsas işlərindən biri oldu. Bu məqsədlə bölgələrimizdəki Qafqaz Albaniyasına məxsus abidələrin tədqiqinin əsil renessansı başladı. Ermənilərin əsassız Qarabağ iddialarına öz varlığı ilə böyük zərbə vuran qədim Bərdə İmamzadəsi təmir və bərpa olunaraq yenidən insanların istifadəsinə verildi. İmamzadə təkcə dini sitayiş yeri kimi deyil, həm də özündə zəngin tarixi izləri qoruyub saxlayan bir muzey kimi də insanların üzünə öz qapılarını açdı. Bu abidələr məktəblilərin ziyarət edəcəkləri tarixi məkanlara çevrildi. Çünki onlar real olaraq Azərbaycan tarixinin müəyyən səhifələrini yaşadırdılar. Təsadüfi deyil ki, elə buna görə də təkcə ölkəmizdə deyil, xaricdə, məsələn, İtaliyada albanşünasların iştirakı ilə bu istiqamətdə müxtəlif konfranslar, “dəyirmi masa”lar və ictimai müzakirələr keçirildi. “Kultura+” internet televiziyası burada da öz missiyasını yerinə yetirdi. Bu internet TV-də erməni yalanlarını ifşa edən sanballı verilişlər və sənədli filmlər hazırlandı. Və bu iş bu gün də Azərbaycan və xarici ölkə ziyalıları tərəfindən davam etdirilir.
 
İstinad yerimiz – qaynaqlar
Dövlət başçısı İlham Əliyev dəfələrlə öz çıxışlarında vurğulayır ki, multikulturalizm Azərbaycanda tarixən olub və bu gün də var. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır. Bu mənada Xidmətin təşəbbüsü ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyasının və ölkə universitetlərinin mütəxəssislərinin birgə iştirakı ilə “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları”, “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və publisistik qaynaqları”, “Azərbaycan multikulturalizminin siyasi qaynaqları” adlı monoqrafiyalar hazırlanır. Təbii ki, adı çəkilən əsərlərlə bu iş bitməyəcəkdir. Əslində, son dərəcə faydalı və zəruri bir elmi nəşr seriyası işıq üzü görməkdədir. Onun müxtəlif dillərə tərcüməsi, yeni-yeni mahiyyətlər və istiqamətlərlə zənginləşdirilməsi nəzərdə tutulur.
Bununla yanaşı, Xidmətin intellektual dəstəyi ilə “Azərbaycan Multikulturalizmi” adlı dərsliyin hazırlanması işinə də start verilib. Bu dərslik həm xaricdə, həm də Azərbaycanda “Azərbaycan multikulturalizmi” fənnini öyrənən tələbələr üçün xüsusi bir əhəmiyyət daşıyan vəsait olacaq. Onu da qeyd etmək istərdim ki, bu dərsliyin səhifələrində eyni zamanda xarici mütəxəssislər də öz ölkələrindəki multikultural dəyər və əhvalı vətənimizdəkilərlə müqayisə etmək imkanına malik olacaqlar. Məsələn, bu müqayisəli prinsip alman, italyan, rus, gürcü universitetlərində artıq həyata keçirilir. Belədə hər iki ölkəni daha aydın şəkildə "görmək" üçün eyni baxış bucaqları formalaşır.
Azərbaycanda olan tolerant və multikultural reallığın təkcə azərbaycanlıların deyil, xarici ölkə alimlərinin, görkəmli elm xadimlərinin, siyasət nümayəndələrinin, həmçinin tələbələrin gözü ilə dünyaya təqdim edilməsi də müsbət ənənəyə çevrilməkdədir. Bu məqsədlə Xidmət tərəfindən hələlik 4 virtual “dəyirmi masa” təşkil olunub. “Müasir dövrdə Azərbaycanda sosial-iqtisadi və mənəvi inkişafın harmoniyası”, “Multikultural təhlükəsizlik”, “Xarici ölkə universitetlərində “Azərbaycan multikkulturalizmi” fənninin tədrisi: problemlər və perspektivlər”, “Azərbaycana maraq Azərbaycana məhəbbətə çevrilir (Azərbaycan multikulturalizmi yerli və əcnəbi tələbələrin gözü ilə)” mövzusunda olan bu “dəyirmi masa”ların materialları Azərbaycan, rus və ingilis dillərində dərc edilərək ölkə daxilində və xaricdə paylanıb. Virtual “dəyirmi masa”larda Braziliyadan, Amerikadan, İtaliyadan, Litvadan, Bolqarıstandan, Türkiyədən, Rusiyadan, Gücüstandan, Misirdən, İordaniyadan və başqa ölkələrdən tanınmış alimlər, ictimai xadimlər və tələbələr iştirak edib.
 
Portuqaliyadan İndoneziyaya qədər
İl ərzində Azərbaycanda olan sabit və demokratik mühiti, insan haqlarının ali təminatını həzm edə bilməyən və öz qərəzli hesabatları, ölkəmizə qarşı ikili standartları ilə gündəmə gələn bəzi beynəlxalq QHT-lər və təşkilatlara da ölkəmizdəki milli azlıqların hüquqlarının qorunması və dini etiqad azadlığı sahəsində həyata keçirilən dövlət siyasəti haqqında yetəri qədər informasiyalar verilib. ATƏT- in İnsan Ölçüsü Komitəsinin Vyanada keçirilən iclasında “Tolerantlıq və qeyri ayrı-seçkilik: Azərbaycan təcrübəsi” mövzusunda ölkəmizdəki multikultural və tolerant mühit haqda Xidmət tərəfindən xüsusi təqdimat edilib. Ölkəmiz haqqında həqiqətləri öyrənmək üçün qərəzli məruzəçilər və bu təşkilatların nümayəndələri Azərbaycanı yaxından tanımaq və reallıqları öz gözləri ilə görmək üçün ölkəmizə dəvət edilib. Xidmətin həm təklikdə, həm də müxtəlif dövlət qurumları ilə birgə Almaniya, İsveç, İngiltərə, Gürcüstan, Rusiya, İtaliya, Türkiyə və başqa ölkələrdə təşkil etdiyi tədbirlər Azərbaycan multikulturalizmini dünyaya təqdim etməklə yanaşı, həm də Azərbaycan tarixini, mədəniyyətini, dövlətçiliyini və bu gün ölkəmizdə həyata keçirilən uğurlu daxili və xarici siyasəti dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Bu tədbirlərdə ürək genişliyi ilə ölkəmizin müsəlman, xristian, yəhudi kinfessiyalarının rəhbərləri iştirak etdiblər və Şeyxülislam hacı Allahşükür Paşazadənin xaricdəki məclislərin birində tribunadan dediyi kimi müsəlmanların (həm sünni, həm də şiələrin), yəhudilərin, pravoslavların, katoliklərin və digər din və məzhəb nümayəndələrinin qardaş kimi yaşadığı Azərbaycan bir model kimi bu gün həqiqətən dünya üçün bir örnəkdir. Qeyd edim ki, dini liderin bu sözləri ilə razılaşmayanlar yox idi.
Belə bir özəl modelin yaranmasına səbəb isə müxtəlif dinlərə və onların nümayəndələrinə ölkə rəhbərliyi, şəxsən Prezident İlham Əliyev tərəfindən yönəlmiş bərabər siyasi münasibətdir. Azərbaycanda heç bir səmavi dinin başqasından üstünlüyü olmadığı kimi, modelin başqa yaranma üsulu da yoxdur.
Bu gün Portuqaliyadan İndoneziyaya qədər ən müxtəlif ölkələrin universitetlərində, intellektual dairələrində və ictimai-siyasi qurumlarında Azərbaycan dəyərləri müzakirə edilir. Biz sual-cavabların içindəyik. Maraqlıdır ki, opponentlərimizə cavablar yavaş-yavaş daha çox xaricdəki Azərbaycansevərlər tərəfindən verilir. Onlar artıq püxtələşmiş və nə etdiklərini şüurlu şəkildə bilən intellektual qüvvələrdir. Ölkəmizin xeyirxahlarının sayı çoxalır, dostlarının sayı artır. İnanıram ki, onların səsi getdikcə daha aydın və məqsədyönlü şəkildə eşidiləcək. Bunun üçün Azərbaycandaxili mümkün olan və hətta mümkün olmayan koordinasiya məqamlarının gücünü artırmalı, məqsəd və vəzifələri daha aydın şəkildə qarşımıza qoymalıyıq.
Azərbaycan Prezidentinin dəqiqliklə göstərdiyi ideoloji hədəflərə doğru daha qəti addımlarla irəliləmək əzmindəyik.
Kamal Abdullayev,
Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Tanınmış şoumen qumarda 500 min uddu

22 Avqust 2017 13:09

Rus Dram Teatrında "Mərasim" tamaşasının premyerası keçiriləcək

22 Avqust 2017 13:07

Livanlı modellər alt paltarlarında ŞOU göstərdi - FOTO

22 Avqust 2017 13:03

Küçədən hərbi sursatlar tapıldı

22 Avqust 2017 13:03

Gürcüstan prezidenti İlham Əliyev və Ərdoğana təşəkkür edib

22 Avqust 2017 12:59

Vüsalə Əlizadə bu görüntüləri ilə gündəm oldu

22 Avqust 2017 12:59

Tanınmış aşığın adı TORPAQ QALMAQALINDA - Sakinləri məhkəməyə verdi

22 Avqust 2017 12:58

“Palçıq pilpiləsi” yatağında bir özül əsaslı təmirdən sonra istismara verilib

22 Avqust 2017 12:57

Günün oyunları bu kanallarda - AFİŞA

22 Avqust 2017 12:57

İki min yeni Azərbaycan manatı və şəmkirli milyonçular - Səbuhi Məmmədli yazır

22 Avqust 2017 12:54

Gədəbəydə hərbi silah-sursat aşkar edilib

22 Avqust 2017 12:52

Qaradağ sakini həmyerlisini yumruqla vuraraq öldürüb

22 Avqust 2017 12:52

Törətdiyi cinayəti gizlətmək üçün polisə yalan məlumat verən şəxs saxlanılıb

22 Avqust 2017 12:47

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub

22 Avqust 2017 12:47

KİV: Türkiyə və İranın terrorçu PKK-ya qarşı birgə əməliyyat planının bəzi detalları açıqlanıb

22 Avqust 2017 12:47

Sabaha olan hava proqnozu

22 Avqust 2017 12:44

Ermənistan ordusunda növbəti RÜSVAYÇILIQ

22 Avqust 2017 12:43

Lənkəranda yol qəzası olub, xəsarət alanlar var

22 Avqust 2017 12:42

Bakıda ev sahibini döyərək pul tələb edən şəxslər tutulub

22 Avqust 2017 12:42

Sabirabadda 94 kiloqram çətənə kolları aşkar olunub

22 Avqust 2017 12:42

4 nəfər yol qəzasında ölüb - DÜNƏN

22 Avqust 2017 12:39

Sərnişin qatarlarına minik istiqaməti dəyişdirilir

22 Avqust 2017 12:38

Biləcəri-Keşlə dəmir yolu texniki fasiləyə bağlanır

22 Avqust 2017 12:37

Xəyalə ilə xəbər saatı

22 Avqust 2017 12:30

Azərbaycanın ABŞ-dan qüdrətli olduğu vaxtlar - NADİR KADRLAR - VİDEO

22 Avqust 2017 12:28

O qatarların minik yeriş dəyişdirildi - ƏHALİNİN NƏZƏRİNƏ

22 Avqust 2017 12:24

"Xəzinə Palace"-ın sahibi namaz qılan ofisiantı işdən qovdu: "Namazını məsciddə qılsın"

22 Avqust 2017 12:23

"Gənclər üçün Krizis telefon xətti" bərpa olunub

22 Avqust 2017 12:22

Türkiyə millisinin keçmiş qapıçısı saxlanıldı - FETÖ-çü İMİŞ

22 Avqust 2017 12:19

ABŞ Şimali Koreyaya hücum edə bilər?

22 Avqust 2017 12:19

İsmayıllıda kütləvi davada 3 nəfər bıçaqlanıb

22 Avqust 2017 12:17

Artıq piylərdən xilas olmaq üçün bunu için

22 Avqust 2017 12:14

Emmanuel Makron: 100 GÜN - FOTOLAR

22 Avqust 2017 12:13

Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib

22 Avqust 2017 12:12

“Azərbaycan Mikro-Kredit” BOKT manatla istiqraz buraxır

22 Avqust 2017 12:12

Lionel Messi “Barselona” ilə yeni müqavilə üçün tələsməməyə qərar verib

22 Avqust 2017 12:12

Sabah Bakıda 37, rayonlarda 39 dərəcə isti olacaq

22 Avqust 2017 12:12

Türkiyə yığmasının sabiq futbolçusu həbs edilib

22 Avqust 2017 12:12

Noyabrda OPEC+ anlaşmasının daha da uzadılması müzakirə ediləcək

22 Avqust 2017 12:12

Flora Kərimova Metbuat.az-ın qonağı olacaq

22 Avqust 2017 12:08

Azərbaycanlının qardaşı da adamdöyən çıxdı – YENİ TƏFƏRRÜATLAR

22 Avqust 2017 12:03

Bakıda qızıl alverçilərinə qarşı dələduzluq etməkdə təqsirləndirilən qadının vəsatəti təmin edilməyib

22 Avqust 2017 12:02

Azərbaycanda daha 13 dövlət əmlakı özəlləşdirilib

22 Avqust 2017 12:02

Direktor: "Bakıdakı beş ulduzlu otellərdə "ABAD" sərgi-satış mərkəzləri fəaliyyət göstərəcək"

22 Avqust 2017 12:02

Elçibəyə fərari deyəkmi?

22 Avqust 2017 11:59

Məşhur milyarderin qızına verdiyi hədiyyə DODAQ UÇUQLATDI - FOTO

22 Avqust 2017 11:58

Analitiklər: Cekson Hol sammitində ciddi açıqlamalar gözlənilmir

22 Avqust 2017 11:57

Səmra Rəhimli hansı idmançı ilə sevgilidi? - FOTOLAR

22 Avqust 2017 11:57

Rusiyada azərbaycanlı ata uşaqlarını qaçırıb: “Onları Dağıstandan Şəkiyə keçirə bilər”

22 Avqust 2017 11:54

Türkiyə və İran ordusu böyük hücuma hazırlaşır

22 Avqust 2017 11:54