Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Musiqili Teatrın yaradıcılıq müsabiqəsi başa çatdı

Musiqili Teatrın yaradıcılıq müsabiqəsi başa çatdı

Date: 2 January 2016 16:33

Bakı. Trend:

Azərbaycan Dövlət Musiqili Teatrının keçirdiyi yaradıcılıq müsabiqəsinə yekun vurulub.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, müsabiqə teatra yeni istedadlı gənclərin cəlb edilməsi məqsədilə keçirilib. Sənəd təqdim edənlər bu günlərdə müsabiqə komissiyasının üzvləri qarşısında çıxış ediblər.

Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib ki, təqribən 70 nəfər müsabiqədə iştirak etmək üçün müraciət edib: “Onlardan yalnız 8 nəfəri ilk mərhələdə müsabiqə komissiyasının üzvlərini qane edib. Amma bu da həmin 8 gəncin teatrda işlə təmin olunmasında yetərli deyil. Onlar təcrübə toplamaq üçün teatrımızın Yaradıcılıq studiyasında müəyyən dövr ərzində məşğul olacaqlar. Bu gənclər əməkdar incəsənət xadimi, rejissor Əsgər Əsgərovun rəhbərlik etdiyi studiyada təcrübə keçdikdən, nəzəri-praktik səviyyələrini təkmilləşdirdikdən sonra yenidən komissiya üzvlərinə öz istedadlarını göstərəcək, vacib tələblərə cavab verənlər Musiqili Teatrın kolletivinin sıralarına qəbul olunacaqlar".

Onun sözlərinə görə, müsabiqəyə 70-ə yaxın şəxsin müraciət etməsi bir daha göstərdi ki, cəmiyyətimizdə, əsasən də gənclərdə teatra, sənətə çox böyük maraq var: "Başqa teatrlardan fərqli olaraq, Musiqili Teatrda işləmək üçün mütləq xüsusi göstəricilərə malik olmaq lazımdır. Burada çalışanların səs imkanları, rəqqaslıq qabiliyyəti və təbii ki, aktyorluq məharəti çox vacibdir. Qeyd edim ki, istedadlı gənclərimizi axtarıb üzə çıxarmaq üçünmütəmadi olaraq belə müsabiqələri keçirməyi planlaşdırırıq”.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Musiqili Teatrın yaradıcılıq müsabiqəsi başa çatdı

RƏYLƏR


Top news