Hər şey özümüzdən asılıdır...

Hər şey özümüzdən asılıdır...
11:17 4 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+

2016-cı il çətin il olacaq, amma onun sonda uğurlu olub-olmayacağı, əsasən, özümüzdən asılıdır.

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov bildirib.

Onun sözlərinə görə, inkişaf etmiş bazarlardakı maliyyə və iqtisadi böhrana keçməkdə olan geriləmə, eləcə də güclənən terror təhdidləri tədricən ölkəmizə doğru yaxınlaşır.

Manatın məzənnəsinin düşməsi, enerji resurslarının qiymətlərindəki enişin davam etməsi, Qarabağ probleminin həlli ilə bağlı danışıqların dalana dirənməsi, Rusiya-Türkiyə münasibətlərində artan gərginlik, Suriya və İraqda davam edən müharibə və qarışıqlıq bizi heç də nikbinliyə ruhlandırmır, amma bəzi siyasətçi və analitiklərin bədbin proqnozları da heç də hər şeyi əvvəlcədən təyin etmir.

R.Musabəyov qeyd edib ki, xarici xoşagəlməz şərtlər zamanı onların mənfi təsirlərinin minimuma endirilməsi və Azərbaycanın davamlı inkişafını saxlamaq çox vacibdir. Təbii ki, yaxın keçmişdəki yüksək inkişaf templərini və yeni irimiqyaslı layihələri bir müddət unutmaq lazım gələcək. Lakin onlardan əsas sərmayə qoyulanları (TANAP, Şahdəniz-2, "Bakı-Tbilisi-Qars" dəmiryolu, Ələtdə yeni dəniz limanı və s.) vaxtında bitirmək, ölkənin nüfuzu üçün vacib olan tədbirləri (Formula-1, Dünya Şahmat Olimpiadası, BMT-nin sivilizasilararası Alyansı Qlobal Forumu) yüksək səviyyədə keçirmək lazımdır:

"Çin dilində böhran sözü iki heroqlifdən ibarətdir. Onlardan biri "təhlükə"ni, digəri isə "imkan"ı ifadə edir. Böhranla çulğalaşmış təhlükələri nəzərdən qaçırmaq olmaz, lakin diqqəti imkanlar üzərində cəmləşdirmək lazımdır. Azalmış büdcə gəlirləri onların optimallaşdırılmasına gətirib çıxarmalı, artıq və vacib olmayan xərclərin ləğv edilməsinə, səmərəli, lakin çox zaman görüntü yaradan obyekt və tədbirlərdənsə ayrılmış vasitə və resursların daha səmərəli istifadəsinə köklənmək lazımdır.

Mütəxəssislər iddia edirlər ki, dövri iqtisadi böhranlar dövlət xərclərinin artması və əksdövri tədbirlərin keçirilməsi ilə yumşaldılır. Lakin indiki böhran struktur xarakterli olduğundan onun dəf edilməsi üçün köklü islahatlar tələb olunur. Azərbaycan timsalında bu, dövlət idarəetməsi strukturlarında işləyənlərin sayının peşəkarlığın artırılması şərtilə azaldılması, nəzarətedici orqanlar tərəfindən biznesə təzyiqin azaldılması, gömrük və vergi inzibatçılığının köklü yaxşılaşdırılması, elektron hökumətin təsir dairəsinin genişləndirilməsi, korrupsiyanın məhv edilməsi deməkdir".

Millət vəkili hesab edir ki, nəqliyyat və kommunal isfrastrukturuna, energetikaya, təhsil və səhiyyəyə edilmiş dövlət investiyalarının geri dönüşünün yüksəldilməsi tapşırığı ön plana çıxır:

"Heç olmasa ilkin mərhələdə qiymətlər üzərində ciddi inzibati nəzarət olmalı, aztəminatlı ailələrə ünvanlı yardım edilməlidir. Bütün bu tədbirlər atıq ümumi olaraq hakimiyyət tərəfindən elan edilib. İndi onları qəti şəkildə həyata keçirmək lazımdır ki, bürokratik aparat və maraqlı qruplar sabotaj mexanizmini işə sala bilməsinlər. Düzdür, bürokratik aparatın ixtisarı və dövlət investisiyalarının azaldılması işsizliyin müəyən qədər artmasına gətirib çıxara bilər. Lakin necə deyərlər, "şər deməsən, xeyir gəlməz". Manatın devalvasiyası Azərbaycan məhsulunun və xidmətinin rəqabətə davamlılığını artırmalıdır. Kənd təsərrüfatının, kiçik və orta sahibkarlığın stimullaşdırılması tədbirləri ilə birgə bu, inkişafa təkan verə və əmək resurslarını özündə cəmləşdirə bilər".

Onun sözlərinə görə, indiki məqamda ölkədə siyasi stabilliyi və təhlükəsizliyi qorumaq həddən artıq vacibdir. Özü də bu, təkcə maliyyə-iqtisadi çətinliklərin dəf edilməsi üçün yox, həm də daxili siyasi məsələlərin həlli üçün də lazımdır.

Politoloqun fikrincə, Qarabağ probleminin həlli də artıq yeni müstəviyə keçib:
"Qarabağ məsələsinin tənzimlənməsi üzrə danışıqlar nəticə vermir, işğal edilmiş torpaqların hərbi yolla azad olunmasını isə böyük dövlətlər "tövsiyə" etmirlər. Ona görə də bizim Ermənistanla qarşıdurmamız bir-birini əldən salmaq, zəiflətmək müstəvisinə keçib.

İndi məsələ belə qoyulur: harada hakimiyyət sosial problemlərin yükü altındadırsa və əhalinin narazılığı varsa, həmin tərəf birinci olaraq çökəcək, məğlub olacaq və elan edilmiş möqelərindən geri çəkilməyə başlayacaq, yaxud da qısamüddətli müharibədə məhv ediləcək. Əgər dözüm və iradəmiz olsa, bizim ermənilərdən üstün olmağımız üçün iqtisadi, demoqrafik, indi isə həm də hərbi üstünlüyümüz və bütün imkanlarımız var".  

Son olaraq millət vəkili hesab edir ki, cari ilin nə dərəcə uğurlu alınıb-alınmaması özümüzdən asılı olacaq:

"Dünyada və regionda yaranmış vəziyyət sadə deyil. Yeni risk və böhranların olacağı istisna edilmir. Amerikalı analitik Maykl Ledin deyir: "İşlər heç zaman o dərəcədə pis gedə bilməz ki, ondan da betər olmasın". Amma çətin 2016-cı ilin uğursuz olmaması, sonda hətta nisbətən uğurlu olması çox şeydə özümüzdən asılıdır".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395053.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR