Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

13 yaşına qədər 2 dəfə Nobelə namizəd dahi – DƏLİ DAHİLƏR

13 yaşına qədər 2 dəfə Nobelə namizəd dahi – DƏLİ DAHİLƏR

Date: 4 January 2016 14:04

 

 

Dahilərin doğulmasında təbiət xəsislik etsə də, dünyamız qeyri-adi insanlardan heç də kasadlıq çəkmir. Belə fövqəlinsanların bəziləri özlərini elə uşaqlıqdan büruzə verir. Bu yazımızda on üç yaşına qədər iki dəfə Nobel Sülh mükafatına namizəd olmuş, Amerikalı Qreqori Smitdən söz açacağıq.

 

Adı dünyanın 10 ən qeyri-adi vunderkind uşaqlar  siyahısına düşən Qreqori Smit 1990-cı ildə ABŞ-ın Florida ştatında anadan olub. O, hələ 14 aylığında olarkən riyazi məsələləri həll etməyi bacarır, iki yaşında isə artıq sərbəst yazıb-oxuyur, böyüklərin qramatik səhvlərini tuturdu. Qreq iki yaşlarında olarkən bir gün atası Bob Smit ondan oxuduğu kitabın məzmununu soruşur. Balaca dahi kitabı başdan ayağa əzbər danışmağa başlayır. Həmin gündən valideyinləri başa düşür ki, təbiət onlara qeyri-adi beyinə malik  övlad bəxş edib. Vunderkind uşaq elə həmin ərəfədən  ətraf mühit və təbiətlə dərindən tanış olmağa başlayır. Anası Janet ilə mağazada olarkən qablaşdırılmış toyuq ətini görən iki yaşlı Smit başı kəsilmiş quşun bu vəziyyətinə etiraz olaraq  vegeterian olmağa qərar verir. Beş yaşlı Qreqori uşaq bağçasında dostlarına bitkilərdə gedən fotosintez prosesini izah edərkən tərbiyəçi müəlliməni heyrətə gətirmişdi.

Altı yaşında orta məktəbin birinci sinfinə  qəbul olan Qreqori doqquz yaşında məktəbi əla qiymətlərlə bitirir və on yaşında Randolff Masson Kollecinə daxil olur. Üç ildən sonra tarix, riyaziyyat və biologiya ixtisasları üzrə bakalavr dərəcəsi alır. Tədris proqramlarını sürətlə öyrənib başa vurduğuna görə Qreqorinin valideynləri ölkə boyu onunla ayaqlaşacaq məktəb axtarmalı olurdular.   

On üç yaşlı Qreq riyaziyyat, aviakosmik texnika və biologiya-biotibb elmləri üzrə doktorluğa hazırlaşır.

Qreqori Smit elmi işləri ilə yanaşı beynəlxalq ictimai fəaliyyəti ilə də məşhurdu. O, doqquz yaşında olarkən dünyada uşaq hüquqlarını müdafiə edən Beynəlxalq Gənc Müdafiəçilər Assosiasiyasını yaradıb. Qreqori təşkilatın yaranma səbəbini belə açıqlayır:

“ Yeddi yaşımda bir videolentə baxdım. Dünyanın elə yerləri var ki, orada uşaqlar aclıqdan, xəstəliklərdən və müharibələrdən əziyyət çəkir.

Düşündüm ki, dünya sakini olaraq mən nəsə etməliyəm. Uşaqlar günahsızdı, onlar bu əzablara layiq deyillər. Odur ki, insanları uşaqların müdafiəsinə  çağırmağı qərara aldım”. Smit 13 yaşınadək beynəlxalq uşaqları müdafiə təşkilatının yaradıcısı və prezidenti kimi dünyada populyarlaşır. O, beynəlxalq tədbirlərdə iştirak edir, uşaqları müdafiə proqramlarını  açıqlayır. “BBC”, “CNN”, “American News”, “Voice of America”, kimi nəhəng teleradio companiyalarının verilişlərinə qatılan Qreqori Gənc Müdafiəçilər Assosiasiyasının nüfuz dairəsini genişləndirmək, təşkilata daha çox himayəçi və könüllü yığmaq üçün təbliğat aparır. O, BMT-nin xüsusi sessiyalarından birində Florida və Virciniyanın Uşaq Hüquqları üzrə xüsusi nümayəndəsi təyin olunur. BMT Təhlükəsizlik Şurasının sessiyasında çıxış edən Qreqori dünyada sülh və təhlükəsizlik problemlərinin həllində uşaqların arzu və ideyalarından istifadə etmək təklifini irəli sürür.

Gənc alimin beynəlxalq tribunalardan çağırışları böyük effekt doğurur. Gənc sülh missionerinin bu təşəbbüsünə  müxtəlif ölkələrin təşkilatları və fərdi şəxslər qatılırdı. Qreqori bir çox Nobel Sülh mükafatçıları, müxtəlif ölkələrin dövlət başçıları, dini qurum rəhbərləri ilə görüşərək, uşaq hüquqlarının qorunması, onların dini, irqi, siyasi qarşıdurmalardan sığortalanması, hər bir uşağın sağlam və savadlı yetişməsi üçün şərait yaradılması yönündə təklif və ideyalarla çıxış etmişdi. Siyasi istiqamətindən asılı olmayaraq, hər bir ölkədə uşaq hüquqlarını təmin edən fəaliyyət proqramlarının həyata keçirilməsi təşəbbüsünü irəli sürürdü. Qreqor Smitin görüşdüyü məşhurlar arasında ABŞ prezidenti Bill Klinton və keçmiş SSRİ rəhbəri M.Qorbaçov da var idi. O, Nobel Sülh mükafatçısı Betti Uilyams, Cənubi Afrikanın arxiyepiskopu Desmond Tutu, Şərqi Timurun przidenti Joze Ramos Horta ilə də görüşmüşdü.  Qreqori özünün müəllifi olduğu beynəlxalq sülh planını görüşdüyü dövlət başçılarının ölkəsində tətbiq etmək barədə danışıqlar aparırdı. Bu planın iki aparıcı xətti vardı: Sağlamlıq və təhsil. Qreqor Smitin beynəlxalq tədbirlərdə xarici dövlətlərin nümayəndələrinə yönəlik  çıxışları əsasən belə qurulurdu:“Xanımlar və cənablar! Sizin ölkənizdə ən böyük maddi və mənəvi sərvət uşaqlardı. Adətən, böyüklər onların istəklərinə əhəmiyyət vermir, problemləri öz ağılları çərçivəsində həll edirlər. Uşaqların düşüncə və hislərini kənara qoymaqla dünyanı öz istəklərimiz uğrunda intriqalar meydanına çevirmişik. Bəli, siyasətlə məşğul olmaq böyüklərin işidi. Lakin dünyamızın qorxu-hürküsüz bir vətənə çevrilməsi üçün biz, uşaqların ideya və arzularından istifadə etməliyik. Nə qədər ki, onlar uşaqdırlar, demək, nifrət və kindən uzaqdırlar. Uşaqlar cinsi, dini, milli ayrı-seçkiliyin nə olduğunu bilməzlər. Dünyanı zəhərləyən, beyinləri işğalçılıq, terrorizm, irqçilik və maddi ehtiraslarla yüklənmiş böyüklərdi. Düşünürəm ki, yaşadığımız Yer planetini qorumq üçün hərə öz ölkəsindən başlamalıdı. Gəlin, ölkələrimizin ən möcüzəli sərvəti olan uşaqların saf düşüncəsindən yararlanıb onların arzularını gerçəkləşdirək! Gəlin, uşaqlara qulaq asaq,  onlarla məsləhətləşək, dünyamızın xilası üçün uşaqların saf beynindən yararlanaq!..

”“Vegetarian Times” jurnalına verdiyi intervüdə Qreq belə deyir:“Uşaqların qorxusuz və azad yaşadığı bir dünyanı qurmaq mənim ən böyük arzumdu. Mədəniyyətlər, siyasətlər və dinlər arasında yalnız bir körpü var: uşaqlar!”Uşaq olsa da, bəşəriyyətin taleyini dəyişməyə iddialı olan Qreqori Smit, özünü ABŞ-ın gələcək prezidenti kimi görür: “Ən böyük arzum Amerikanın prezidenti olmaqdı. Həm öz ölkəmiz, həm də başqa ölkələr üçün yaxşı işlər görmək istəyirəm”.Beynəlxalq humanitar fəaliyyətinə baxmayaraq, Qreq elmi işlərini də eyni ehtirasla davam etdirir. Fizika, tarix, və tibb üzrə yüksək elmi dərəcələr qazanmasına baxmayaraq, onun qəlbi riyaziyyatla döyünür. Riyaziyyat barəsində deyir:

“Riyazi aktlar elm yolunu işıqlandırmaq üçün mayak, kainatın sirlərini açmaq üçünsə bir qapıdır. Hər yeni kursu öyrənib, digərinə keçdikcə, bu əlaqənin necə baş verdiyini görürəm. Bio elmlər arasındakı makro və mikro əlaqələrin olduğu kimi, kimya ilə fizika arasındakı əlaqə də riyaziyyatdı.  Məni riyaziyyatın arxasınca düşməyə vadar edən səbəb, məhz budur...” Qreqori Smit hazırda “İnformasiyaların Autentifikasiyası Alqoritmləri” (ABŞ-ın Riyaziyyat Assosiasiyası) RMC bölməsinin prezidenti, bir çox beynəlxalq elmi assosiasiyaların fəxri üzvü və Böyük Britaniya Kral Akademiyasının professorudu.   İki dəfə, 2002 və 2003-cü illərdə (12 və 13 yaşlarında) Nobel Sülh Mükafatına namizəd olub. IQ səviyyəsi 200-dür. Bu araşdırma yazımızda göstərilən faktlar və çalışmalar cənab Smitin həyatının yalnız 13 yaşına qədərki dövrünü əhatə edir. Planetin ən iti zəkalı insanının 13 yaşından sonrakı həyatı və fəaliyyəti barədə qərb mediasında informasiya qıtlığı hökm sürür. Gənc alimin şəxsi veb-saytı da fəaliyyətini bir neçə il bundan əvvəl dayandırıb. ABŞ mətbuatında dolaşan bəzi mülahizələrə görə, çoxlu sayda elmi kəşflərin müəllifi olan Qreqori Smitin adının, müəyyən dairələrin məxfi salonları istisna olmaqla, heç bir yerdə hallanmaması, onun haqqında istənilən informasiyanın dövlət əhəmiyyətli olduğundan xəbər verir.

 

P.S. Araşdırmada “Gənc Müdafiəçilər Assosiasiyası”nın (AYA)  saytında (www.starwheels.com) dərc olunmuş materiallardan istifadə olunub.

 








Tags:  yaşına dəfə Nobelə namizəd dahi DƏLİ DAHİLƏR

RƏYLƏR


Top news