Pəhriz saxlayanları gözləyən TƏHLÜKƏ

Pəhriz saxlayanları gözləyən TƏHLÜKƏ
15:57 4 Yanvar 2016
69 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az qastroenteroloq-hepatoloq Müslüm Nursoyun lent.az-a müsahibəsini təqdim edir.

- Qaraciyər orqanizmin biokmiyəvi laboratoriyası hesab olunur. Yəni, çox vacib orqandır. Hansı amillər qaraciyəri sıradan çıxara bilər?

- Bu gün ən geniş yayılmış problemlərdən biri virus hepatitləridir. Bu, qaraciyər serrozu, hətta qaraciyər xərçənginə də səbəb ola bilər. Qaraciyərin özünəxas metabolik, xolestatik, damar mənşəli vaskulyar xəstəlikləri də var. Bundan başqa, səbəbi olmayan kriptogen sirroz da var.
 
- İrsən keçən hər hansı amillər qaraciyərin funksiyalarına təsir göstərə bilərmi?

- Müəyyən metabolik xəstəliklər ola bilər. Virus hepatitləri irsən keçmir. Qaraciyər xərçəngi isə nəsildən-nəslə ötürülə bilər. Ancaq bu hala nadirən rast gəlinir.
 
- İnfeksiyaların qaraciyərə təsiri nə qədərdir?

- Bu, infeksiyanın növündən asılıdır. Qaraciyərə təsir göstərən müəyyən infeksiyalar və infeksion xəstəliklər var. Məsələn, elə virus hepatitləri, bruselyoz, malyariya və s. qaraciyərdə ciddi dəyişikliklərə səbəb ola bilər.
 
- Yəqin ki, qaraciyəri sıradan çıxaran amillər arasında zərərli vərdişlər ilk yerlərdə dayanır.

- Bəli. Qaraciyər nahaqdan orqanizmin biokimyəvi laboratoriyası adlanmır. Orqanizmə daxil olan bütün maddələr qaraciyərdən keçir. Buna görə də orqanizmə zərər vuracaq maddə daxil olanda bu, özünü ilk növbədə qaraciyərin funksionallığında büruzə verir.
 
- Qaraciyərə yad maddələr düşəndə əks reaksiya müşahidə olunurmu?

- İki orqan var ki, onları heç nə ilə əvəz etmək olmur. Bunlardan biri beyindir, digəri qaraciyər. Qaraciyər çox dözümlü orqandır, son ana qədər heç bir narahatlıq yaratmır.

- Yeri gəlmişkən, özü-özünü bərpa edən yeganə orqan da qaraciyərdir...

- Elə orqanlar var ki, hüceyrə səviyyəsində özü-özünü yeniləyir. Amma ümumi mənada digər orqanların özünü bərpa etmək xüsusiyyəti yoxdur. Qaraciyər isə məsələn, transplantasiya əməliyyatından sonra 3 ay müddətində bərpa olunur. Bu orqanın çatışmayan cəhəti odur ki, hər hansı problem zamanı heç bir simptomlar büruzə vermir. Belə deyək, yalnız 10%-i çalışsa belə, orqanizm üçün yetərli olur. Bu, həm yaxşı xüsusiyyətdir, həm də tibbi baxımdan çatışmazlıqdır. Çünki zamanında müdaxilə olunarsa, problem də tez zamanda həll olunar. Qaraciyər sıradan çıxarsa, müdaxilə etmək qeyri-mümkündür.
 
- Bəs elə xəstəliklər varmı ki, ilkin mərhələlərdə kiçik də olsa, simptomları bilinir?

- Bəli. Vaskulyar, yəni damar mənşəli xəstəliklərdə qaraciyərdə baş verən dəyişikliklər özünü kəskin şəkildə büruzə verir. Məsələn, qarına su toplanır. İnsanlar çox zaman bu şişkinliyi köplə əlaqələndirirlər. Yaxud, virus hepatitləri. Bu, yalnız 90% hallarda aşkarlanır. Elə insanlar var ki, bu problem ilkin olaraq sarılıqla bəlli olur. Həmçinin, ağızda qanama. Qaraciyərdə problem olduğu zaman qida borusu damarları genişlənir və qanama bu damarların partlaması nəticəsində baş verir. Yaxud yuxululuq, günləri qarışdırmaq, insanları tanımamaq kimi hallar müşahidə olunmağa başlayır. Bunlar son mərhələdə bəlli olan əlamətlərdir.
 
- Qaraciyər xəstəliklərində ölüm riski nə qədərdir?

- Qaraciyər sirrozunun sonu ölümdür. Sirroz xərçəngə də səbəb ola bilər. Müalicə olunmazsa, ölümə gətirib çıxarır.
 
- İmmun sisteminin vəziyyəti necə, qaraciyərin funksiyasına təsir göstərə bilərmi?

- Çox böyük önəmi var. Məsələn, virus hepatitinə yoluxma zamanı yaş faktoru böyük əhəmiyyət kəsb edir. Yoluxma uşaqlıq dövründə baş veribsə, 90-95% hallarda xronikiləşir. Və müdaxilə olunmazsa, ölümlə nəticələnir. Daha yuxarı yaşlarda yoluxma isə daha az təhlükəlidir. Əksər hallarda, sağalmaq mümkündür. Bu, immun sistemindən asılıdır. Amma trombozda bu amil o qədər də əhəmiyyət kəsb etmir.
 
- Ümumiyyətlə, tibbi baxımdan hepatit nə deməkdir?

- Hepatit ümumi anlayışdır. Qaraciyərin iltihabı deməkdir. Bütün qaraciyər xəstəlikləri hepatitə səbəb ola bilər. Ən çox rast gəlinəni virus hepatitləridir. Hepatit nadir hallarda aşkarlanır. Çünki heç bir əlaməti yoxdur. Adətən, son mərhələdə müəyyən simptomlar bəlli olur. Bu zaman da heç nə etmək olmur. Müayinə zamanı hepatit aşkar olunmasa belə, peyvənd tövsiyə olunur. Hepatit C əleyhinə hələ ki, peyvənd yoxdur, amma Hepatit B əleyhinə var. Bu təhlükə gözəllik salonlarında, stomatoloji kabinetlərdə, bərbərxanalarda, hətta cərrahi əməliyyat zamanı yarana bilər. Hepatit yalnız qan yolu ilə keçir. Əgər hamilə qadında bu virus aşkarlanıbsa, doğuş zamanı uşağa keçmə ehtimalı var. Belə olan halda, mütləq 12 saat ərzində peyvənd vurulmalıdır.
 
- Son illər qaraciyərdə piylənmə problemi daha çox yayılıb. Səbəbləri hansılardır və hansı yaşlarda daha çox rast gəlinir?

- Əksər qaraciyər xəstəliklərində yağlanma müşahidə oluna bilər. Dünyada qaraciyərlə bağlı ən geniş yayılmış xəstəliklərdən biridir. Virus hepatitləri, metabolik xəstəliklər, dərman preparatları, alkoqol yağlanmaya səbəb olan faktorlardır. Eyni zamanda, qeyri-alkoqol mənşəli yağlanma da var. Təəssüf ki, insanlarımız bu xəstəliyə ciddi yanaşmırlar. Bəsit yağlanma o qədər də ağır fəsadlara gətirib çıxarmır. Amma nəzarət olmalıdır. Əks halda, daha ciddi fəsadlar əmələ gələ, hətta yağlanma ilə əlaqəli hepatit yarana bilər. Simptomları yorğunluq, sağ qabırğa altında ağrıdır.
 
- Pəhrizlər qaraciyərin funksiyasına necə təsir göstərir? Hər hansı fəsadlara səbəb ola bilərmi?

- Dietologiya sahəsi inkişaf edəndən biz dietoloqlarla əlaqəli işləyirik. Qaraciyərdə problem olduğu zaman hepatoloqlar adətən, heyvani yağlardan istifadə etməyi məsləhət görmürlər. Qırmızı ət, doşab kimi qidalar problemi olan orqana daha da zərər verə bilər. Şəxsi təcrübəmdə pəhrizə bağlı çox ciddi problemlərə rast gəlmişəm. İstər arıqlama, istərsə də kökəlmə üçün tətbiq olunan pəhrizlərdə müəyyən çaylar, qidalar ağır qaraciyər çatışmazlığından tutmuş, disfunksionallığa gətirib çıxara bilər. Bu, daha çox qadınlara aiddir. Kişilərdə isə idman yeməklərinin qəbulu zamanı bu hallar yaşana bilər. Odur ki, diqqətli olmaq, həkimlə məsləhətləşmək lazımdır. Unutmasınlar ki, qaraciyər çatışmazlığı ölümə də səbəb ola bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/395139.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR