Turistlərin bayram seçimi: Qusarda Şahdağ, Qubada Qəçrəş

Turistlərin bayram seçimi: Qusarda Şahdağ, Qubada Qəçrəş
16:53 4 Yanvar 2016
45 Digər
Ölkə mətbuatı
A- A+


Qusar, 4 yanvar, Elxan Yusifli, AZƏRTAC
Qusar rayonunda yerləşən “Şahdağ” Turizm Mərkəzinə bayram günlərində gələn turistlərin sayı 10 mindən çox olub.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə elan olunan qeyri-iş günlərində istirahət kompleksində dincələn qonaqların əksəriyyətini yerli turistlər təşkil etsə də ziyarətçilər arasında xeyli sayda əcnəbi də olub.
“Şahdağ” Turizm Mərkəzinin satış və marketinq şöbəsinin müdiri Elnarə Fərzəliyeva AZƏRTAC-a bildirib ki, bayram günlərində mərkəz ərazisində olan otellərdə 1700 nəfərə yaxın turist yerləşdirilib. Bu, ötən ilin son günü və yeni ilin ilk 3 günündə qeydə alınan göstəricidir.
Hər il olduğu kimi, bu il də turizm mərkəzində qış mövsümündə qonaqların mükəmməl istirahətini təmin etmək məqsədilə müvafiq hazırlıq işləri həyata keçirilib. Hazırda ağappaq qarla örtülmüş Şahdağın yamacları xizək və snoubord həvəskarlarının ixtiyarına verilib. Turizm mərkəzində 160 süni qar generatoru fəaliyyət göstərir. Bu generatorlar 128 hektar sahənin və ümumi uzunluğu 16,8 kilometr məsafədən ibarət 11 xizək enişinin daim hamar və möhkəm qar örtüyü ilə örtülməsini təmin edir. Qonaqların rahatlığını təmin etmək üçün xizək kirayəsi və satışı məntəqəsinə yeni xizək ləvazimatları gətirilib.
“Şahdağ” Turizm Mərkəzinə bu qış mövsümündə təqribən 120 min turistin gələcəyi proqnozlaşdırılır.
Bayram günlərində Quba rayonuna gələn turistlər isə daha çox Qəçrəş istirahət zonasına üz tutublar. Şimal bölgəsinə yağan güclü qar səbəbindən təbiətin ağ örpəyə bürünməsi onların daha çox diqqətini çəkib.
Quba Turizm İnformasiya Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə bu günlərdə rayona gələn turistlərin sayı adi vaxtlardakından 50-60 faiz çox olub.
Bayram günləri ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışan mərkəzdə “qaynar xətt” yaradılıb. Əcnəbi və yerli turistlər (070) 530-76-70 nömrəsinə zəng edərək istirahət mərkəzləri, turizm marşrutları barədə ətraflı məlumat ala bilərlər.









Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turistlerin_bayram_sechimi_Qusarda_Sahdag_Qubada_Qechres-916049

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR