Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Partlayışda ölən və yaralananların adları bilindi

Partlayışda ölən və yaralananların adları bilindi

Date: 4 January 2016 17:21

Balakəndə zavodda baş vermiş partlayış zamanı ölən və yaralananların adları məlum olub.

Balakən Mərkəzi Rayon Xəstəxanasının baş həkiminin müavini Əhməd Yadigarovun ANS PRESS-ə verdiyi məlumata görə, partlayış nəticəsində “Azəryem Sənaye MMC”-nin işçisi Qullar kənd sakini, 1990-cı il təvəllüdlü Elçin Əliməmməd oğlu Əliyev aldığı xəsarətlərdən hadisə yerində keçinib.

" Partlayış nəticəsində iki nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanamıza gətirilib. Bunlar- 1982-ci il təvəllüdlü, Balakənin Qazma kənd sakini Anar Süleyman oğlu Budurov və Qullar kənd sakini, 1990-cı il təvəllüdlü Novruz Məhəmməd oğlu Nastakalovdur. Hazırda yaralıların vəziyyəti stabildir", -deyə baş həkimin müavini bildirdi.


Partlayış baş verən MMC

Bu gün səhər saat 10:30 radələrində Balakəndə zavodda partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə bu barədə məlumat daxil olub. Məlumatda bildirilir ki, yanvarın 4-də təxminən, saat 10:30-da Balakən şəhərində “Azəryem Sənaye MMC”-yə məxsus zavodun ərazisindəki qazanxanada partlayış baş verib. Hadisə nəticəsində 1 nəfərin öldüyü və 2 nəfərin xəsarət alması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə nəticəsində yanğın baş verməyib.


Eldar Sultanov- Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri

Zavodda baş verən partlayışla əlaqədar cinayət işi də başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov ANS PRESS-ə bildirib ki, “Azəryem Sənaye” MMC-yə məxsus zavodun ərazisində bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən hadisə ilə əlaqədar Balakən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Prokurorluq, Fövqəladə Hallar Nazirliyi, “Azəriqaz”QSC, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin mütəxəssislərinin və Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspertinin iştirakı ilə hadisə yeri və meyitə baxış keçirilib. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün müvafiq ekspertizalar təyin edilib.

Hazırda rayon Prokurorluğunda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Tags:  Partlayışda ölən yaralananların adları bilindi

RƏYLƏR


Top news