BANM-in tələbələri: "Biz "Günəşli" yatağında həlak olan neftçilərin yolunu davam etdirəcəyik"

BANM-in tələbələri: "Biz "Günəşli" yatağında həlak olan neftçilərin yolunu davam etdirəcəyik"
11:02 5 Yanvar 2016
11 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 5 yanvar. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri SOCAR-ın "Günəşli" yatağında təbii fəlakət zamanı baş vermiş qəza nəticəsində həlak olan neftçilərin xatirəsini hər zaman anırlar. BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a bildirilib ki, tələbələr gələcək neftçilər olaraq onların yolunu fəxrlə, sədaqətlə davam etdirəcəklərinə söz veriblər. 
Neftçi peşəsinin sirlərinə yiyələnən BANM-in tələbələri həlak olan qəhrəman neftçilərin davamçıları olmaqla qürur duyduqlarını bildirirlər.
- BANM-də təhsil almağınız sizə nə verir? Ali Məktəb sizin gələcəyin mütəxəssisi kimi yetişmənizdə nə kimi rol oynayır?
Gülnar Hüseynli, Neft-qaz mühəndisliyi ixtisası, 4-cü kurs
- Bu təhsil ocağında təhsil aldığım üçün böyük qürur hissi keçirirəm. Öncə onu qeyd edim ki, təhsil aldığım Ali Məktəb mənim gələcəkdə bir mütəxəssis kimi formalaşmağımda böyük önəm daşıyır. Burada aldığım nəzəri biliklər istehsalat təcrübəsində özünü bir daha doğruldur. Çünki bizim Ali Məktəbdə təhsil çox yüksək səviyyədədir.
Aytəkin Qasımova, Neft-qaz mühəndisliyi ixtisası, 4-cü kurs
- BANM daim biz tələbələrin gələcək karyera imkanlarına böyük təkan verir. Biz təhsil aldığımız müddətdə həm yerli, həm də beynəlxalq transmilli şirkətlərdə təcrübə keçirik. “Neft-qaz mühəndisliyi” ixtisasında təhsil alan tələbə olaraq, bu imkanlar məni sevindirir.
Elçin Allahverdili, Neft-Qaz mühəndisliyi ixtisası, 2-ci kurs
- BANM-də təhsil almaq bizə gələcəkdə peşəkar bir mühəndis olmaq və böyük neft şirkətlərində işləmək imkanı verir.
- Emil Məmmədov, Neft-Qaz Mühəndisliyi ixtisası, 1-ci kurs
- Burada oxumaq mənə seçdiyim sahə üzrə mütəxəssis kimi yetişmək üçün lazim olan bütün imkanları verir. Tədrisin bu sahədə ixtisaslaşmış müəllim və professorlar tərəfindən tədris edilməsi və təhsilin ingilis dilində olması neft-qaz sahəsində beynəlxalq biliklərə yiyələnməyə və tam mütəxəssis kimi yetişməyə kömək edir.
- Neft sahəsi üzrə oxumağınız sizin üçün hansı imkanlar, gələcək perspektivlər vəd edir, sizin fikrinizcə?
Gülnar Hüseynli, Neft-qaz mühəndisliyi ixtisası, 4-cü kurs
- Neft sahəsi üzrə təhsil almağım şəxsən mənə gözəl təminatlı gələcək, düzənli kariyera, ən əsası dövlətimiz, xalqımız üçün gərəkli şəxsiyyət olmağı vəd edir. Bir sözlə, məsuliyyətli və çətin bir sənət seçməyimin fərqindəyəm. Bu da məni daha yaxşı oxumağa, çalışmağa sövq edir.
Aytəkin Qasımova, Neft-qaz mühəndisliyi ixtisası, 4-cü kurs
- Az öncə də qeyd etdiyim kimi, biz tələbələr təhsil aldığımız müddət ərzində neft sektorunun bir çox sahələrində təcrübələr keçirik. Təcrübələr olduqca maraqlıdır. Biz neft qurğularının işləmə prinsipi, quruluşu və tətbiq edilən prosedurlarla əyani şəkildə tanış oluruq. Bu da bizim kimi gələcək kadrlar üçün böyük əhəmiyyət kəsb edir.
Elçin Allahverdili, Neft-Qaz mühəndisliyi ixtisası, 2-ci kurs
- BANM hər bir tələbəsinə gələcəkdə peşəkar bir mühəndis olması üçün lazımi hər şeyi təşkil edir. Təhsilin ingilis dilində olması, dərslərin və imtahanların professional professor-müəllim heyəti tərəfindən keçirilməsi, öz peşəsini daha da yaxşı mənimsəməsi üçün tələbələrin müxtəlif zavodlara təcrübəyə göndərilməsi, böyük neft şirkətlərinin rəhbərlərinin tələbələrlə görüşünün təşkil olunması və digərləri gələcəkdə uğurlu və peşəkar bir mütəxəssis olmaq üçün Ali Məktəbin bizə yaratdığı bir çox imkanlardan bir neçəsidir.
Emil Məmmədov “Neft-Qaz Mühəndisliyi” ixtisası, 1-ci kurs
- Neft sahəsində oxumaq qarşımızda beynəlxalq üfüqlər açır. Azərbaycan üçün faydalı və savadlı bir kadr kimi yetişmək əsas məqsədimdir. Mənim sahəm neft ve qaz mühəndisliyidir. Azərbaycanda isə qaz hasilatı neftdən sonra ikinci yeri tutur. Düşünürəm ki, seçdiyim sahə yaxın və uzaq gələcək üçün böyük perspektivlər vəd edir.
- Neftçi mühəndis əməyinin çətinliyi, bu peşənin zəhmət tələb edən bir sahə olması sizi qorxutmur ki?
Gülnar Hüseynli, Neft-qaz mühəndisliyi ixtisası, 4-cü kurs
- Mühəndis peşəsinin çətin olmasının canlı şahidiyəm. Çünki mən mühəndis ailəsində doğulmuşam. Atam uzun illərdir ki, qaz təsərrüfatı üzrə baş mühəndisdir. Bu sənətin necə ağır bir iş olduğunu bilirəm. Bu da məni əsla qorxutmur. Ona görə ki, bu sənəti sevərək seçmişəm.
Aytəkin Qasımova, Neft-qaz mühəndisliyi ixtisası, 4-cü kurs
- Ali Məktəbə daxil olmamışdan öncə neftçilərin işi barədə az-çox məlumatım var idi. Oxuduğum bədii kitablardan və izlədiyim kinofilmlərdən bilirdim. Bu gün sırf bu sənətin sirrlərini öyrənmək mənim üçün çox maraqlıdır. Neftçi sənətinin ağır zəhmət tələb edən bir sənət olmağı da məni əsla qorxutmur. Çünki mən bu sənəti ürəkdən sevirəm.
Elçin Allahverdili, Neft-Qaz mühəndisliyi ixtisası, 2-ci kurs
- Azərbaycan neft ölkəsidir və neftçi peşəsi də Azərbaycan xalqının milli peşəsidir. Təbii ki, neft ölkəsində neft mütəxəssisi olmaq da böyük bir şans və üstünlükdür. Neftçi peşəsi mədənçilikdən sonra ən çətin peşə hesab olunur. Amma bu, məni nəinki qorxutmur, əksinə öz peşəmi daha da çox sevməm üçün əlavə stimul verir. Çunki insanı çəkdiyi zəhmət, gördüyü çətinliklər ucaldır və möhkəmləndirir.
Emil Məmmədov “Neft-qaz mühəndisliyi” ixtisası 1-ci kurs
- Mən düşünürəm ki, zəhmət tələb etməyən sahə, ümumiyyətlə yoxdur. Əgər bir sahə üzrə tam formalaşmış mütəxəssis olmaq istəyirsənsə, o sahənin zəhmətinə də qatlaşmaq lazımdır. Ona görə daha əzmlə oxuyub öz sahəm üzrə nəzəri və təcrübi cəhətdən hazır olmaq istəyirəm.
“Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza sizi qorxutmadı ki? Gələcəyin neftçisi olmağa, mətin və cəsur olmağa, qəhrəmancasına öz peşə vəzifəsini yerinə yetirərkən həlak olan neftçilərin yolunu davam etdirməyə hazırsınızmı?
Gülnar Hüseynli, Neft-qaz mühəndisliyi, 4-cü kurs
- Təbii ki, "Günəşli" yatağındakı son hadisə hamı kimi məni də sarsıtdı. Mənim üçün bu daha ağır idi, çünki mən o insanların, canlarını peşəsinə qurban verən neftçilərin əksəriyyəti ilə tanış idim. Bu il Yay təcrübəsi zamanı "28 May" Neft və Qazçıxarma İdarəsində və bir neçə özüldə olmuşam. Bu təbii fəlakətdən yaranan qəza idi. Bütün dünyada hər il belə hadisələr, qəzalar baş verir. Əlbəttə, biz gələcəyin neftçiləri olaraq cəsur və mətin olmalıyıq. Neftçi peşəsinin çətin və şərəfli olduğunu bilirəm, mən bu sənəti seçmişəmsə, həmişə hər bir çətinliyə hazır olmalıyam. Mən qəhrəman neftçilərin yolunu davam etdirəcəyəm.
Aytəkin Qasımova, Neft-qaz mühəndisliyi ixtisası, 4-cü -cü kurs
- Bu, təbii fəlakət nəticəsində baş vermiş bir faciə idi. Onlarla neftçinin vəzifə başında qəhrəmancasına həlak olması xalqımız üçün ağır bir itki oldu. Neftçi peşəsinin çətin bir sənət kimi ağır günləri, məqamları mütləq və labüddür. Belə hadisələr hər yerdə ola bilər və müxtəlif ölkələrdə baş verir. Bütün bunları daha dərindən dərk etdiyim üçün bu peşə məni qorxutmur. Seçdiyim sənətin bütün çətinliklərini bilərək həmişə mətin, dözümlü olmağa çalışacağam. Çünki öz peşənin vurğunusansa, hər şeyə hazır olmalısan. Biz onların yolunu davam etdirəcəyik.
Elçin Allahverdili, Neft-Qaz mühəndisliyi ixtisası, 2-ci kurs
- Dünyada belə qəzalar tez-tez baş verir və insan itkisindən də qaçmaq mümkün olmur. Bu cür hadisələr bütün ölkələrdə olur. Mən neft mühəndisliyini seçərkən bu peşənin necə çətin və riskli bir peşə olduğunu bilirdim, çünki mən uşaqlıqdan mühəndis olmaq istəmişəm. Bu sahəni sevirəm və bu sahədə qarşılaşa biləcəyim heç bir çətinlik və zəhmət məni qorxutmur. Mən də gələcəyin bir neft mütəxəssisi kimi işimin bütün çətinliklərinə cəsarətlə sinə gərməyə hazıram. Mən qəhrəmancasına öz vəzifəsini yerinə yetirərkən, qəzada həlak olan cəsur neftçilərin yolu ilə gedəcəyəm, onların davamçısı olaraq neftçi adını qürurla daşıyacağam.
Emil Məmmədov “Neft-qaz mühəndisliyi” ixtisası, 1-ci kurs
- Mən əminəm ki, biz bu günün tələbəsi, sabahın isə neftçiləri olaraq onların işlərini davam etdirəcəyik. Qəhrəman neftçilərimiz bir daha sübut etdilər ki, neftçi əməyi çətin, məsuliyyətli olmaqla yanaşı, həm də çox şərəfli peşədir. Onlar öz qəhrəmanlıqları ilə bunu bizə bir daha göstərdilər. Biz onların ruhu qarşısında baş əyirik və həlak olan qəhrəman neftçilərin yolunu davam etdirməliyik. Çünki bu, gələcəyin neftçiləri olaraq bizim mənəvi borcumuzdur.




Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/biz-gunesli-yataginda-helak-olan-neftcilerin-yolunu-davam-etdireceyik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR