AZAL məktəblilər üçün ekskursiya təşkil edib

AZAL məktəblilər üçün ekskursiya təşkil edib
11:38 5 Yanvar 2016
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 yanvar, AZƏRTAC
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı şəhəri 160 saylı klassik gimnaziyanın 4-ci sinif şagirdləri üçün bir sıra mülki aviasiya obyektlərinə ekskursiya təşkil edib.
“Azərbaycan Hava Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, ilk öncə məktəblilər bütün hava gəmilərinə müasir dünya standartları səviyyəsində texniki xidmət göstərmək üçün hər cür şəraiti olan "Silkway Technics" şirkətinin anqar kompleksi ilə tanış olublar.
Bundan sonra məktəblilər aerovağzal ərazisini gəziblər. Burada aviasiya təhlükəsizliyi kinoloji xidmətinin işçiləri uşaqlara itlərin saxlanılması və təlimi və "insanın etibarlı dostlarının" sərnişinlərin təhlükəsizliyinin təmin olunması və qaçaqmalçılıq ilə mübarizədə köməyi barədə uşaqlara məlumat veriblər.
Ekskursiyanın növbəti məkanı aeroportun yanğınsöndürmə xidməti olub. Yanğınsöndürmə xidmətinin nümayəndələri uşaqlara yanğınsöndürmə maşınının quruluşu barədə danışıb, yanğınsöndürənlərin döyüş geyimi, yanğın xilasedici qurğuları nümayiş etdirib, su və köpüyün necə vurulduğunu göstəriblər. Söhbət zamanı uşaqların əksəriyyəti yanğınsöndürənlərin yanğın baş verdiyi halda hansı telefon nömrəsini yığmalı və təhlükəli vəziyyətdə nə etməli kimi suallara cavab verərkən yüksək bilik nümayiş etdiriblər.
Ekskursiya dünyanın ən müasir sərnişin təyyarələrindən biri - Boeing 787 Dreamliner təyyarəsi ilə tanışlıqla başa çatıb. Uşaqları "Azərbaycan Hava Yolları”nın pilot və təyyarə bələdçiləri qarşılayıb, onları təyyarənin quruluşu, birinci sinif, biznes və ekonom sinif salonları ilə tanış ediblər. Həmçinin məktəblilər pilot kabinəsində olmaq şansı qazanıblar.
 












Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AZAL_mektebliler_uchun_ekskursiya_teskil_edib-916108

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR