Azərbaycanın 8 rayon və şəhərində orta məktəb direktorlarının təyinatı yeni qayda ilə həyata keçiriləcək

12:03 5 Yanvar 2016
36 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Sumqayıt və Gəncə şəhərləri, Abşeron, Xızı, Göygöl, Samux, Goranboy və Daşkəsən rayonlarında ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinin tutulması müsabiqə yolu ilə həyata keçiriləcək.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, “Ümumi təhsil müəssisələri rəhbərlərinin hazırlanması və seçimi üzrə müsabiqənin keçirilməsi barədə” Azərbaycan Respublikası təhsil nazirinin əmrində qeyd edilib.

Yeni müsabiqə mexanizminin tətbiqinə bu il yanvar ayından başlanacaq. Məktəb rəhbərlərinin hazırlanması üzrə təlimlər adları qeyd edilən rayonlar əhatə edilməklə Sumqayıt və Gəncə şəhərlərində təşkil ediləcək.

Nazirin yeni əmrinə əsasən, Sumqayıt Şəhər Təhsil Şöbəsi, Gəncə Şəhər Təhsil İdarəsi, Abşeron, Xızı, Göygöl, Samux, Goranboy, Daşkəsən rayon təhsil şöbələrinə ümumtəhsil məktəblərində vakant direktor vəzifəsi ilə əlaqədar vəziyyəti təhlil etmək, vakant vəzifənin icrası müvəqqəti həvalə edilərkən həmin yerlərin yalnız Təhsil Nazirliyi tərəfindən təşkil edilən müsabiqə nəticəsində tutulacağını nəzərə almaq tapşırılıb. Vakant yerlərin tutulması üçün yeni qayda tətbiq edilənədək Təhsil Nazirliyinə təqdim etdikləri namizədlərin, eləcə də bu sahədə potensialı olan müəllimlərin və direktor müavinlərinin müsabiqədə iştirakı ilə bağlı maarifləndirmə tədbirlərini həyata keçiriləcək.

Təhsil Nazirliyi ümumi təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi istiqamətində 2013-2014-cü dərs ilindən etibarən Bakı şəhərində məktəb direktorlarının seçimi üzrə yeni mexanizmin tətbiqinə başlanılıb. Bu vəzifədə işləmək arzusunda olan pedaqoji kadrlar üçün mərhələli müsabiqə təşkil edilmiş, sənədlərin qəbulu, ilkin seçimin aparılması, təlimlərin keçirilməsi, yekun imtahan və müsahibə ilə nəticələnən prosedurlar tətbiq edilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2476800.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR