Millət vəkili Flora Qasımova ilə “Həyat dərsi”

Millət vəkili Flora Qasımova ilə “Həyat dərsi”
12:29 5 Yanvar 2016
34 Sosial
Ölkə mətbuatı
A- A+

Flora Qasımova: “6 ay üçotaqlı evdə 13 nəfər yaşadıq”

 

…Ailəmin, oxuduğum məktəbin müəllimlərinin, ümumiyyətlə, bəlkə də, özümün həyata baxışım, bir riyaziyyatçı kimi təhliletmə qabiliyyətim, “nəyə qadir ola bilərəm”, “nəyin öhdəsindən gələ bilərəm” - deyə düşünməyim məni bu səviyyəyə gətirib çıxarıb. Valideynlərim məni əvvəl daha çox həkim kimi görmək istəyirdilər, lakin, mən orta məktəbdə riyaziyyatçı kimi tanınırdım, məktəb üzrə ən yaxşı riyaziyyatçı hesab olunurdum. Riyaziyyat müəllimim mərhum Eldar Quliyev həmişə deyirdi ki, sən Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsinə get. Elə oldu ki, valideynlərimin istəyi ilə sənədlərimi  Azərbaycan Tibb Universitetinə verdim. O vaxt xəstəlik keçirdim, onunla əlaqədar yaxşı hazırlaşa bilmədim, nəticədə, müsabiqədən keçmədim. Sonrakı ildə isə getdim Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil oldum...

 

…Yaxşı işçi olmaq üçün insandan, əvvəla, yüksək bilik, daha sonra isə yüksək əxlaqi keyfiyyət tələb olunur. Yəni insan həyatda özünü elə aparmalıdır ki, başqalarına nümunə olsun. Xüsusilə, müəllim şagirdlərə daha çox  nümunə olmalıdır. Bizim ədəbiyyat müəllimimizi - Validə Əliyevanı unuda bilmərəm. O bizi, demək olar ki, həyata hazırladı. Azərbaycan yazıçılarının ən son kitablarını bizə oxudurdu və biz onları təhlil edirdik. Məktəbdə vaxt olmayanda,  yazılarımızı evinə aparırdıq, o, düzəliş edirdi. Yazılarımızda bir kitab cümləsindən belə istifadə etməyə qoymazdı. O, bizə zəhmətkeşliyi, düzlüyü öyrədirdi. Heç kəs heç nədən və heç kimdən  köçürə bilməzdi…

… Bilirsinizmi, mənim yoldaşım polkovnik-leytenant Şirin Mirzəyev həlak olanda Azərbaycanda ən çətin dövr idi. Bütün qohum-əqrəba yurd-yuvasından, evindən məcburən köçürülürdü. Xaos var idi. Mənim yoldaşım ön cəbhədə, Ağdam cəbhəsində idi və demək olar ki, tez-tez oradan ölüm xəbərləri gəlirdi. Hərdən olurdu, ağlıma gəlirdi ki, birdən, belə bir xəbər bizə də çata bilər. Dururdum eyvanı silirdim, süpürürdüm, ortalığı yığışdırırdım. Çünki vəziyyət pis idi. Ən çətin dövrdə bu xəbər gəldi və üstəlik bütün köçkünlər qohum-əqrəba Bakıya axışdı… Altı aya kimi bizim üçotaqlı evdə 13 nəfər yaşadıq. O vaxt ailənin  ən yaxın dostu mənə kömək oldu. Mən qorxmadım...

 

…Hərdən uşaqlar deyirdilər ki, ana, biz sənin üzünü görmürük heç. Gedirdim məktəbə, gəlirdim, bazara qaç və s. və çox fikirləşirdim. İstəyirdim tez yatım və heç nəyi yadıma salmayım, ancaq olmurdu. Səhər açılmalıdır axı… Və bu köməkliyin sayəsində, mən, demək olar ki, ayağa qalxdım. Ancaq öz gücümün, bacarığımın sayəsində. Bunun üçün də ən əvvəl təhsil, bilik olmalıdır. Bəlkə də, riyaziyyatçı kimi təhlil etməyi bacardığım, “nəyin öhdəsindən gələ bilərəm, nəyi edə bilərəm…” suallarına cavab tapdığım üçün vəziyyətdən, müəyyən qədər çıxa bildim. Həyat hər şeyə məcbur edir insanı. Məcburiyyət qarşısında ən çətin yolu seçdim, zəhmətkeş oldum, ailəni fikirləşdim, gücümü ancaq uşaqlarımın oxumağına yönəltdim və belə-belə, həyat gəldi keçdi.

 …Bilirsiniz, uşağın tərbiyəsində, mən elə bilirəm ki, ən əvvəl ananın böyük rolu var. Düzdür, ata da məsuliyyət daşıyır, xüsusilə, oğlan uşaqlarının tərbiyəsində atanın  zəhmi, atanın sözü keçərlidir, ancaq ananın böyük əməyi olur.  Mən ancaq öz təcrübəmdən danışıram, heç kəsə dərs vermək istəmirəm. Mənə elə gəlir ki, bizim qızlarımızın təhsil alması çox vacibdir, valideynlər ən əvvəl qızlarımızın təhsili ilə maraqlanmalıdırlar. Mən əgər uşağıma, çətinliyi olanda evdə kömək eləməsəm, bu çətinliklər üst-üstə toplanır və axırda uşaq məktəbdən, dərsdən soyuyur, çətinliyə düşür və çətinliyi də hər uşaq dəf eləyə bilmir. Uşaqlarımın məktəbi qurtarmasında, demək olar, elə bir əziyyətim olmadı. Bilmirəm, nədən irəli gəldi, hərəsi öz dərsi ilə məşğul oldu və mən heç vaxt deyim ki, bir çətinliyə düşdüm? Yox! Əgər uşaq çətinlik çəkirdisə, kömək eləyirdim, xüsusən, riyaziyyatdan. Oğlum ən çox riyaziyyat təmayüllü idi, ancaq qızım humanitar fənləri daha yaxşı bilirdi.

…Uşaqlarım hələ indi də mənim səsimin tonunda dəyişiklik hiss edəndə, o saat bir-birilərinə zəng eləyirlər ki, anam nəyə əsəbiləşib. Hər dəqiqə danlamazdım mən. Onlar ailə quranda da, öz iradələri ilə qurublar, yəni, məcbur eləməmişəm. Ancaq hər üzünü demişəm ki, bax belə ola bilər, eelə ola bilər, özünüz nəticə çıxardın. Uşaqlarıma  təzyiq eləməmişəm ki, bunu alma, buna getmə. Özünüz sonra əziyyət çəksəniz, deməyin ki, ana, niyə demədin, mən bunları sizə deyirəm başa salıram, qalanı sizlikdir. İndi şükür Allaha, hərəsinin öz ailəsi var.

…23 yaşında Vilayət Sovetinin və indi də Milli Məclisin deputatı olmağıma gəldikdə isə, deyirlər, tale, qismət var. Bəlkə də bunun nəticəsidir. Amma atalar deyir, səndən hərəkət, məndən bərəkət. Gərək hərəkət edəsən, nümunəvi davranışınla, fəallığınla. Məsələn, mən orta məktəbdə məktəb komsomol təşkilatının sədri idim, sonradan məni seçdilər vilayət komsomol komitəsinin üzvü, bütün plenumlarda iştirak edirdim. Məktəbdə bir riyaziyyat müəllimi kimi hörmət qazanmışdım. Şagirdlər məni çox istəyirdilər, amma, həm də çox çəkinirdilər. Demirəm, qorxurdular, yox, hörmət edirdilər. 23 yaşımda Vilayət Sovetinin deputatı seçildim və sonradan Xankəndi şəhər Partiya Komitəsində təlimatçı kimi işə başladım. Ailə qurdum və Xankəndindən çıxdım.

 

…Ailə qurmaqla bağlı seçimdə çətinlik çəkirdim. Gələcək həyat yoldaşım mənə, demək olar ki, birinci kursdan məktub yazırdı. Biz bir sinifdə oxumuşduq, ancaq qərar verə bilmirdim. Çünki hərbçi idi. Nənəm həmişə danışırdı ki, mənim bir hərbçi dayım olub, həmişə Ukraynada yaşayıb, pensiyaya çıxandan sonra da Ukraynada qalıb. Nənəm həmişə durardı pəncərədən dua eləyərdi onun üçün. Dayımın hərbçilik fəaliyyəti 2-ci dünya müharibəsinə təsadüf etmişdi. Çox çətinlikləri olmuşdu. Anam həmişə onun həsrətini çəkmişdi. Məni istəyən oğlan - Şirin Mirzəyev də  hərbiçi olduğuna görə qərar verə bilmirdim. Fikirləşirdim ki, mən də belə çətinliyə düçar olacağam. Evdəkilər narahat qalacaqlar və başqasına da ürək edib “hə” deyə bilmirdim. Çünki çox yaxşı insan idi, çox savadlı oğlan idi, təmiz idi, mədəniyyəti yüksək idi, dünyagörüşü geniş idi, çox adamı öz fəaliyyəti ilə düzgün yola çəkən adam idi. O hərəkəti ilə, davranışı ilə müəllimlərin hörmətini qazanmışdı. Sinifdə yeganə adam idi ki, inşa yazanda sərbəst mövzunu Şirin  yazırdı. Həmişə də məzmundan “5” alırdı, amma hərf səhvi buraxardı. Birdən görürdün, ona  “5/ 2” qiymət qoyulurdu, qrammatikadan “2” ya “3”. Çox vaxtı belə olurdu, amma sərbəst mövzudan “5” alırdı. Belə bir adamı da pis vəziyyətdə qoya bilmirdim. Düz 9 il məni gözləmişdi, ona görə də gec ailə qurduq.

 

…Karyera dalınca qaçan qızlara demək istəyirəm ki, ailə vacibdir. Tələsməsinlər. Bizim elimizin adət-ənənəsi var. İndi ən çox cəmiyyətimizi narahat edən məsələlərdən biri boşanmalardır. Mən elə bilirəm ki, ilk tanışlıqdan, “internetdə tanış oldum, qiyabi tanış oldum” - deyib ailə qurmaq o qədər də özünü doğrultmur. İndi, bəlkə, içində xoşbəxt olanları da var. Ancaq bizim elimizin adət-ənənəsi var. Həmişə axtarırdıq nəsli, kökü… Niyə axtarırdıq? İndi bax məcbur edirlər, sağlamlıq kağızı istəyirlər. Bəli, bunun ailəsində tərbiyə məsələləri var, genetik məsələlər var, xəstəlik məsələsi  var və s. Sonra ailələrin bir-biri ilə münasibəti, səviyyəsi, xasiyyətlərinin tutması kimi məsələlər də var. Mən hər halda istərdim ki, ata-ananın xeyir duasını da alsınlar.

 

…Xankəndindən millət vəkili olmaq çox çətindir. Seçicilər təxminən, 38-40 rayonda yerləşiblər. Xankəndinin adı ilə bağlı bir dairəmiz var idi - 122 saylı dairəmiz. Başqa heç bir müəssisəmiz, təhsil müəssisəsi, belə bir təşkilatımız yox idi. Qarşımda çox çətin işlər dayanırdı və onların müəyyən hissəsini demək olar ki, etmişəm. Bəzi hissələr qalıb. İlk əvvəl bizim bir təhsil ocağımız var idi. Xankəndi, Nizami adına 4 nömrəli məktəb. Təkcə, Xankəndində yaşayanlar yox, ətrafda yerləşən azərbaycanlılar da orta məktəbi gəlib Xankəndində qurtarırdılar. Onlarınkı ancaq 8 illik məktəb idi. Demək olar ki, yeganə təhsil və tərbiyə məktəbi idi, mədəniyyət mərkəzi idi bu məktəb. Çünki, bundan başqa azərbaycanlıların yığışacağı başqa bir yer yox idi. Yəni teatrımız yox idi, musiqi məktəbimiz yox idi və s. Yeganə məktəb idi ki, azərbaycançılığı təbliğ edirdi. Bu məktəbi 23 ildən sonra bərpa elədik, çox sevindilər və buna görə prezidentimizə təşəkkür edirəm. Xankəndi ilə bağlı bir poçt yaratdıq. Çünki, Xankəndi poçtunun indeksini vermişdik, ancaq Xankəndi poçtunu heç harada bərpa etməmişdik. İlk Xankəndi indeksi ilə yaratdıq poçtu. Bunun bizə nə köməyi dəyirdi? Bu poçt vasitəsilə Azərbaycandan dünyanın müxtəlif nöqtələrinə pul köçürmələri olurdu, məktublar da göndərilirdi və indeks Xankəndi indeksi ilə gedirdi. Ad təbliğ olunurdu, bilirdilər ki, bu poçt Azərbaycan ərazisindədir və Xankəndinə aiddir.

…Sonradan biz Xankəndi ilə bağlı bir film hazırladıq, arxiv sənədlərinə əsasən çəkilmiş belə bir film bizə çox vacib idi. Çünki ermənilər sayca ən çox Xankəndində yerləşirlər və bütün dünyaya Xankəndini Stepanakert adı ilə tanıdırlar, dünyanın tanınmış adamlarını çağırır, təbliğ edirlər. Biz niyə geri qalaq, öz şəhərimizə yiyə durmayaq?

…İndi bizim qarşımızda başqa bir məsələ də dayanıb. Xankəndi icra strukturunun və Qarabağ TV-nin yaradılması.

Niyə bizə Qarabağ TV lazımdır və vacibdir? Dağlıq Qarabağda yaşayan yaşlı ermənilər, hamısı azərbaycanca bilirlər, AzTV-yə baxırlar. Gündəlik xəbərim də var, bilirəm ki, baxırlar. Amma yeni yaranan nəsil Azərbaycan dilini bilmir. Biz onlara erməni dilində öz mövqeyimizi bildirsək, Azərbaycanın inkişafını göstərsək, azərbaycanlılarla ermənilərin vaxtilə mehriban yaşadıqlarını göstərsək və işğal olunmuş torpaqlarımız azad olsa, Qarabağımızın hansı səviyyəyə çatmasını onlara erməni dilində - öz dillərində başa salsaq və başa salsaq ki, bu heç də erməni torpağı deyil, tarixən Azərbaycan torpağıdır və burada azərbaycanlılar yaşayıb, siz buradan azərbaycanlıları son nəfərədək qovmaqla, bu torpaqda uzun müddət qala bilməzsiniz, yəqin ki, müəyyən nəticə əldə edə bilərik.  Bunu təbliğ etmək üçün mütləq bizə lazımdır ki, TV olsun. Onu da “Qarabağ TV” adlandıraq. Niyə bunlar özlərini “Naqornaya Karabaxskaya Respublika” adlandırırlar. Deyən gərəkdir ki,  heç Qarabağ sözü və anlayışı  də sizə  aid deyil. Bu, bütöv Qarabağın dağlıq hissəsidir. Biz də Qarabağ TV-ni yaratmalı və özümüzü təbliğ etməliyik.

 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227521

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR