Danimarka sərhəd nəzarəti tətbiq etdi

Danimarka sərhəd nəzarəti tətbiq etdi
15:38 5 Yanvar 2016
12 Digər
Ölkə mətbuatı
A- A+


Stokholm, 5 yanvar, AZƏRTAC 
İsveç tərəfinin sərhədlərdə yoxlamalara başlamasından sonra Danimarka hökuməti Almaniya ilə sərhədində nəzarət tətbiq etdiyini bildirib. Ölkənin Baş naziri Lars Lekke Rasmussen bəyan edib ki, yoxlamaların başlanmasının əsas səbəbi qaçqınların sayını tənzimləmək cəhdidir. Onun sözlərinə görə, söhbət hələlik seçmə üsulu ilə sənədlərin yoxlanmasından və avtomobillərin polis əməkdaşları tərəfindən gözdən keçirilməsindən gedir. Bu, 10 gün davam edəcək. Lakin zərurət yaranarsa, 20 gün uzadıla bilər. Danimarka tərəfinin bu qərarı İsveç hökumətinin ölkəyə gələn hər kəsə pasport nəzarəti tətbiq etməsinin nəticəsidir. İsveç parlamentinin qəbul etdiyi yeni qanun artıq tətbiq edilir və 3 il qüvvədə qalacaq.
Norveç də sərhəd nəzarətini həyata keçirməyə başlayıb. Hökumət Danimarka və Almaniyadan gələn gəmilərin bütün sərnişinlərinin sənədlərini yoxlamağı tələb edir. Habelə İsveç-Norveç quru sərhədindən keçən maşınları seçmə üsulu ilə saxlayırlar.
Lars Lekke Rasmussen bildirib ki, Şimali Avropanın digər ölkələrinin sərhədlərini bağlamaq qərarı Danimarkaya ciddi təsir edə bilər, o cümlədən sığınacaq axtaranların sayının çoxalmasına gətirib çıxara bilər.
Danimarka hökuməti qərar barədə artıq Avropa Komissiyasına məktub göndərib. Lars Lekke Rasmussen isə qərar barədə Almaniya kansleri Angela Merkeli şəxsən məlumatlandırıb.
Qeyd edək ki, təkcə sentyabr ayında Almaniyadan Danimarkaya 90 mindən çox qaçqın keçib, lakin cəmi 13 mini immiqrasiya qanunvericiliyini olduqca sərtləşdirmiş ölkədən sığınacaq istəyib. Digər qaçqınlar Norveçə və İsveçə gediblər. İsveçə 2015-ci ildə 160 mindən çox qaçqın gəlib. Bu, 9,7 milyon əhalisi olan ölkə üçün böyük problem yaratdığından hökumət vəziyyətdən çıxış yolları tapmaq məcburiyyətində qalıb.
Hazırda müvəqqəti sərhəd nəzarəti Fransa, Almaniya, Norveç, İsveç və Avstriyada tətbiq edilir.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Danimarka_serhed_nezareti_tetbiq_etdi-916181

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR