PFL-in transfer qadağası nə dərəcədə mümkündür? - Rəy

Azərbaycan Premyer Liqasında çıxış edən klublar Peşəkar Futbol Liqasına (PFL) borcları üzündən transfer qadağası ilə üzləşdiklərinə dair qurumun prezidenti Ramin Musayevin açıqlamasına münasibət bildiriblər. R.Musayev "Xəzər TV"də yayımlanan "Futbol Saatı" verilişində "Qarabağ"dan başqa elitada çıxış edən 9 klubun cəzalandırıldığını söyləyib.

O, qadağanın borclar ödənilənədək davam edəcəyini vurğulayıb. "Xəzər Lənkəran" klubundan isə report.az-a bildirilib ki, PFL-in klubları cəzalandırmaq hüququ yoxdur. Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunun sözlərinə görə, PFL rəhbəri belə açıqlama verməmişdən öncə AFFA Nizamnaməsinə diqqət yetirməlidir:

"Baxsınlar, qadağa tətbiq edib-edə bilməyəcəklərini dəqiqləşdirsinlər. Bundan sonra digər məsələlər yoluna qoyula bilər. Nizamnamənin 12-ci maddəsində hər şey açıq şəkildə qeyd olunub. Bildirilib ki, Premyer LiqaI Divizionla əlaqədar hər hansı kommersiya, klublara lisenziya vermə, intizam, hakimlik, habelə televiziya məsələləri yalnız AFFA-nın səlahiyyətində qalır. AFFA çempionatın keçirilməsi və digər hüquqları PFL-ə onunla bağlanmış müqavilə əsasında verə bilər. Göründüyü kimi, bu hüquqlar PFL-də deyil. Hüquq olmayandan sonra necə qərar vermək olar? PFL dəqiqləşdirsin ki, qərarı hansı qurum verir. Borc ödənilməsi məsələsinə gəlincə, əvvəl klubların pulu ödənilməlidir ki, sonra biz borcumuzu ödəyək. Məsələn, teleyayıma görə klubların pulu verilməlidir, hanı?"

"Xəzər Lənkəran"dan fərqli olaraq "Neftçi" məsələyə loyal yanaşıb. Klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov borcların ödəniləcəyini deyib. İndiyədək heç bir transfer etməyən klubun rəsmisi qərara hörmətlə yanaşıldığını qeyd edib: "Neftçi" hələ ki, transfer etməyib. Bu borc hansısa işlərə qadağa qoyursa, onu müzakirə etmək mənasızdır. Qərar müzakirə olunmur. Dəqiq tarix deyə bilməyəcəyəm, amma müəyyən vaxta qədər bu məsələ həll olunacaq. Eynilə top məsələsini də qeyd etmək olar. Bu da öz həllini tapacaq".

Hələ ki, heyətinə heç bir futbolçu cəlb etməyən "Qəbələ"nin meneceri Səbuhi Səfiyarlı report.az-a deyib ki, borclar ödənilir və hazırda az miqdarda ödənilməmiş məbləğ qalıb. Transfer qadağasına gəlincə, Səfiyarlı rəsmi qərar olmadığı üçün R.Musayevin açıqlamasına fikir bildirməkdən imtina edib.

Klublarla yanaşı PFL rəsmisi də qurum rəhbərinin fikirlərinə münasibət bildirib. Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev açıqlamasında qadağanın hüquqi yolla tətbiq olunacağını deyib: "PFL olaraq öz aramızda bu məsələni müzakirə etmişik. Komandaların xallarının silinməsi təklif olunsa da, bu, qəbul olunmadı. Çünki futbolçular ilboyu əziyyət çəkirlər, xal qazanırlar. Bu məsələ Ramin müəllimin qeyd etdiyi kimi transfer qadağası ilə həll olunacaq. Buna da biz özümüz qərar vermirik. Həmin borclar arasında İntizam Komitəsinin çıxardığı qərarlarda qeyd olunan cərimələr də var. Klublar borcu ödəməyəcəyi təqdirdə, İntizam Komitəsinə müraciət olunacaq və Komitə hansısa qərarı qəbul edəcək. Üstəlik, klubların lisenziyalaşma məsələsi var. Klublar həm avrokubok, həm də ölkə çempionatında iştirak etmək üçün lisenziya alır. Burada əsas meyralardan bir maliyyə ilə bağlıdır. Onlar lisenziya almaq üçün PFL-ə borclu olmadıqlarını göstərən məktub təqdim etməlidirlər. Yəni, biz o məktubu müvafiq quruma təqdim etməsək, klublar lisenziya ala bilməyəcəklər".

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu "Report"a bildirib ki, PFL-in klubları cəzalandırmaq hüququ yoxdur. Onun sözlərinə görə, müraciət ediləcəyi təqdirdə, AFFA İntizam Komitəsi bu məsələyə baxa bilər. M.Nərimanoğlu indiyədək İntizam Komitəsinə belə bir müraciətin daxil olmadığını da əlavə edib. 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR