İlqar Qurbanov: "Etiraz edəsi deyiləm ki..." - Müsahibə

“Qarabağ” klubunun müdafiəçisi İlqar Qurbanovun apasport.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:


- Bayramları necə keçirdiniz?

- Həmişəki kimi, Bakıda, ailəmlə birgə. Dəyişən bir şey olmadı.

- Adətən futbolçular yorğunluğu və stress atmaq üçün ölkə xaricinə yollanırlar. Sizin fərqli qərar verməyiniz nə ilə bağlı idi?

- Geniş vaxtım olmadığı üçün Bakıda qalmağa üstünlük verdim.

- Devalvasiyanın qərarınıza təsiri oldumu?

- Devalvasiya hamıya mənfi təsir etdi. Mənə də istər-istəməz təsiri oldu. Bundan qaçmaq mümkün deyil.

- 2015-ci il sizin üçün nə ilə yadda qaldı?

- Konkret cavab versəm, yaxşı keçdiyini qeyd edə bilərəm. Klub üçün hər şey uğurlu alındı.

- Bəlkə yaxşı dediyiniz meyarları sadalayasınız?

- Ardıcıl ikinci dəfə çempion olduq, ölkə kubokunu qazandıq. Eyni zamanda, ikinci dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıq. Qış fasiləsinə lider yollandıq. Klub üçün hər şey əla alındı. Şəxsi həyatımızda da müsbət məqamlar çox oldu.

- Xüsusilə də, ilin sonuna doğru əsas heyətdə meydana çıxmağınızı necə, özünüz uçun uğur sayırsınızmı?

- Razıyam, ilin sonuna doğru mütəmadi oynadım. Hər bir futbolçu üçün bu sevindirici haldı. Futbolçu meydanda nə qədər çox olarsa, özünə inamı da artar. Ümumiləşdirsək, 2015-ci ilin pis keçmədiyini demək olar.

- Amma yaxşı və ya pis oynamağınızdan asılı olmayaraq, sizə daha çox ehtiyat qüvvə kimi baxırlar. Maksim Medvedev və ya Ansi Aqolli zədələnən zaman meydana çıxırsınız. Niyə?

- Bu, mənim işim deyil. Baş məşqçinin verdiyi qərardı. Komandanın üzvüyəm, çalışıram kömək edim. Buna görə gedib etiraz edəsi deyiləm ki. 5-6 ildi komandadayam. Heç bir problem görmürəm. Şans veriləndə oynayıram, verilməyəndə başımı aşağı salıb, işimi görürəm.

- Özünüz necə düşünürsünüz, mütəmadi 90 dəqiqə oynamağa qadirsinizmi?

- Çatışmazlıqlarım var, bunu bilirəm. Çalışıram məşq prosesində çox işləməklə bunları aradan qaldırım. İndi toplanışa yollanırıq. Bundan maksimum yararlanmalı, Bakıya hazır dönməliyəm.

- 2016-cı ildən nə gözləyirsiniz?

- Əvvəlcədən heç nəyi dəqiqliyi ilə söyləmək mümkün deyil. Uğur qazanmağımızı arzulayıram. Çalışacağıq 2015-ci ildə əldə etdiyimiz nəticələri yaxşılaşdıraq. Allah bircə bizi zədələrdən qorusun.

- Reallığı nəzərə alsaq, “Qarabağ”ın çempionluq yolunda yalnız qaldığını söyləmək olarmı?

- Hadisələri qabaqlamayaq. Qış fasiləsi ərəfəsində qeydə alınan nəticələri unutmaq olmaz. Ardıcıl heç-heçələr qeydə alındı. “Sumqayıt”a uduzurduq, sona yaxın heç-heçə etdik. “Qəbələ” ilə matçda da həmin şey yaşandı. “Zirə” ilə oyunu da unutmaq olmaz. Bunlar göstərdi ki, mübarizə sona qədər davam edəcək. 8 xallıq fərq elə də böyük deyil. 2-3 oyunda bu fərqi “əritmək” mümkündü. Kənardan kimlərəsə 8 xalın “əridilməz” olduğu kimi görünə bilər. Amma 3 xallıq sistemdə bu heç nədi.

- Devalvasiyadan sonra klubların durumu heç də yaxşı deyil. Əvvəlki kimi, güclü transferlər gözlənilmir, klubların əksəriyyəti ölkə xaricinə çıxa bilmir. Bu gedişat “Qarabağ”a necə təsir edəcək?

- Bu problem təkcə Azərbaycanda deyil, dünyanın əksər ölkələrində yaşanır. Özü də təkcə futbolda yox. Edəcəyimiz bir şey yoxdu. Futbolumuzu oynamalı və Allaha dua etməliyik ki, işlər qaydasına düşsün.

- Amma rəqabət azalacaq...

- Klubların durumundan xəbərim yoxdu. Amma belə olacağına da inanmıram.

- Sizdə maliyyə ilə bağlı vəziyyət necədi? Ödənişlər dollarla edilirdi, yoxsa manatla?

- Sabitdi, vaxtında maaşımızı alırıq. Dollarla da, manatla da alan var. Yəqin digər klublara olduğu kimi, devalvasiya bizə də təsir edəcək. Amma hələ ki, problem yoxdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR