Marketinq və satış işinin düzgün qurulması yeni uğurlara rəvac verir

Marketinq və satış işinin düzgün qurulması yeni uğurlara rəvac verir
17:23 5 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 5 yanvar, AZƏRTAC
“Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı bazar iqtisadiyyatının tələblərinə uyğun keyfiyyətli məhsul istehsal etməklə yanaşı, istehsal edilən məhsulların tələb olunan şəraitdə saxlanılması və ayrı-ayrı ticarət obyektlərinə vaxtında və keyfiyyətlə çatdırılması, istehlakçılara təqdim olunması istiqamətində böyük nailiyyətlərə imza atıb.
Şirkətlər İttifaqının müxtəlif müəssisələrində istehsal edilən, “Badamlı”, “Bərəkət”, “Mirvari” və “Qızıl damla” əmtəə nişanları ilə satışa çıxarılan kaqor, kəmşirin, ağ və qırmızı süfrə şərabları, təbii mineral süfrə suyu, meyvə nektarları, halva, un, müxtəlif çeşiddə çörək, makaron, ət və süd, eləcə də şirniyyat kimi sənaye məhsulları keyfiyyət göstəriciləri ilə seçilir, alıcılar tərəfindən rəğbətlə qarşılanır. 2010-cu ildə yaradılan Gəmiqaya “Bərəkət Bazarlama” Məhdud Məsuliyyətli Cəmiyyəti isə marketinq və satış işini günün tələbləri səviyyəsində qurmaqla məhsulların alıcılara təqdim olunmasında və çatdırılmasında uğurlu nəticələr əldə edib.
Marketinq və satış şöbələrinin fəaliyyət göstərdiyi müəssisəyə xaricdə təhsil almış və təcrübə keçmiş gənc mütəxəssislər cəlb olunublar. Həmin mütəxəssislər daxili bazarın tələbatını öyrənir, yerli məhsulların tanıdılması məqsədilə təbliğat işləri aparırlar. Qida məhsullarının satış qiymətlərində endirim edilir, daha çox yerli məhsul alan müştərilərə hədiyyələr verilir. Gediş-gəliş çox olan ərazilərdə yerli məhsullardan ibarət səyyar sərgilər təşkil olunur.
Gəmiqaya “Bərəkət Bazarlama” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən satışa çıxarılan qida məhsullarının və müəssisədə fəaliyyət göstərən “qaynar xətt” telefon nömrələrinin əks olunduğu lövhələr bütün ticarət obyektlərində alıcıların diqqətini cəlb edən guşələrdə asılıb. Yerli qida məhsulları ilə bağlı müəssisəyə daxil olan bütün telefon zəngləri və təkliflər diqqətlə araşdırılır. Qida məhsullarının bütün növlərinin ayrı-ayrılıqda satışına nəzarət olunur. Nəticələr müzakirə edilir, satışında azalma müşahidə olunan sahələr müəyyənləşdirilir və azalmanı doğuran səbəblər aradan qaldırılır.
“Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının qida qrupuna daxil olan sənaye müəssisələrində istehsal edilən yerli məhsulların keyfiyyətlə saxlanılması və ticarət obyektlərinə çatdırılmasına da əlverişli şərait yaradılıb. Naxçıvan şəhərində qida məhsullarını mənfi 15 dərəcəyədək saxlamaq imkanı olan soyuducu anbar istifadəyə verilib, ayrı-ayrı rayonlarda satış bazaları yaradılıb. Müəssisənin Naxçıvan şəhərində fəaliyyət göstərən mərkəzi bazasına daxil olan qida məhsulları yük avtomobilləri ilə rayon mərkəzlərində yerləşən satış bazalarına daşınıb həftəlik ehtiyat yaradılır.
“Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal etdiyi müxtəlif çeşiddə çörəklər isə gündəlik olaraq Naxçıvan şəhərindən, ayrı-ayrı rayon mərkəzlərindən başlayaraq ucqar dağ və sərhəd kəndlərinədək bütün yaşayış məntəqələrində fəaliyyət göstərən ticarət obyektlərinə çatdırılır. Qida məhsullarının müəyyən olunmuş şəraitdə saxlanması üçün həmin ticarət obyektləri soyuducularla təmin edilib. Məhsulların soyuducularda saxlanmasına və düzülüşünə nəzarət məqsədilə xüsusi dizaynerlər qrupu yaradılıb.
Müəssisədə fəaliyyət göstərən satış şöbəsində də xidmət günün tələbləri səviyyəsində qurulub, muxtar respublikanın şəhər və rayonları yerləşdiyi əraziyə uyğun olaraq 3 qrup üzrə komplektləşdirilib. Naxçıvan-Babək-Şahbuz, Kəngərli-Şərur-Sədərək, Ordubad-Culfa bölgələri üzrə təyin olunan ticarət nümayəndələri həmin rayonlar üzrə tələbatı öyrənib müəssisəyə sifarişlər verirlər. Qida məhsulları rayon bazaları vasitəsilə bütün ticarət obyektlərinə vaxtında çatdırılır.
Əvvəllər ucqar dağ və sərhəd kəndlərinə məhsullar ticarətçi tərəfindən alınıb sərnişin avtobuslarında aparılırdısa, indi bu problem də aradan qaldırılıb. Bu, həm istehsalçı, həm istehlakçı, həm də ticarətçi üçün olduqca əlverişlidir. Çünki istehsalçı məhsulun satışına, istehlakçı keyfiyyətli və münasib qiymətə məhsul almağa, ticarətçi isə əlavə daşıma xərci çəkməməyə maraqlıdır.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Marketinq_ve_satis_isinin_duzgun_qurulmasi_yeni_ugurlara_revac_verir-916216

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR