Görkəmli tarixçi alimin yeni monoqrafiyası nəşr edilib

Görkəmli tarixçi alimin yeni monoqrafiyası nəşr edilib
17:53 5 Yanvar 2016
25 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı – Trend:

Görkəmli tarixçi alim, Milli Məclisin deputatı, professor Musa Qasımlının “Azərbaycan Respublikasının xarici siyasəti (1991-2003)” adlı iri həcmli monoqrafiyası nəşr edilib.

Trend-in məlumatına görə, bu il dövlət müstəqilliyimizin bərpa edilməsinin 25 illiyi tamam olur. Ötən dövr ərzində Azərbaycan dövləti xarici siyasət sahəsində böyük bir yol keçmişdir. Həmin tarixin araşdırılması Azərbaycan alimlərinin qarşısında dayanan vəzifələrdən biridir. Bu baxımdan görkəmli tarixçi alim, Milli Məclisin deputatı, professor Musa Qasımlının yaxınlarda nəşr edilmiş iri həcmli “Azərbaycan Respublikasının xarici siyasəti (1991-2003). 2 hissədə. I hissə. Bakı, Mütərcim nəşriyyati, 2015. - 648 səh.); II hissə. Bakı, Mütərcim nəşriyyati, 2015. - 664 səh.) monoqrafiyası Azərbaycan diplomatiya tarixi elminin uğurlarındandır.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin qərarı ilə “Azərbaycan Respub­lika­sının diplomatiya tarixi” seriyasından hazırlanan və iki hissədən ibarət olan bu əsər 1991-2003-cü illərin xarici siyasət tarixini əhatə edir. Monoqrafiyada Azərbaycan diplomatiyasının keçdiyi yol araşdırılmışdır. Müəllif Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə, ABŞ, Böyük Britaniyanın və digər ölkələrin ən mötəbər mənbələri, Praqada ATƏT arxivinin, Vyanada BMT kitabxanasının materialları əsasında Azərbaycan diplomatiya tarixinin bu illər ərzində keçdiyi yolu işıqlandırmışdır.

Əsərin I hissəsində XX əsrin sonlarında, dağılma ərəfəsində SSRİ-nin daxili ictimai-siyasi və beynəlxalq vəziyyəti, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan diplomatiyasının fəaliyyəti, Azərbaycanın enerji diplomatiyası, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində Azərbaycan diploma­tiyasının səyləri, Azərbaycanın qonşu ölkələr ilə münasibətlərinin qurulması və inkişafı problemləri araşdırılmışdır.

Monoqrafiyanın II hissəsində Azərbaycan Respublikasının Avropa dövlətləri və ABŞ, Asiya və Afrika ölkələri ilə münasibətləri, beynəlxalq təhlükəsizlik və əməkdaşlıq sistemində tutduğu yer, xarici siyasətində iqtisadyyat amilinin rolu və s. məsələlər tədqiq edilmişdir. Mənbələrin əksəriyyəti elmi dövriyyəyə ilk dəfə gətirilmişdir.

Əsər diplomatlar, siyasətçilər, beynəlxalq münasibətlər və diplomatiya tarixi ilə məşğul olan mütə­xəssislər, bu ixtisaslar üzrə təhsil alan bakalavr və magistrlar, Azərbaycan Respublikasının xarici siyasət və diplomatiya tarixi ilə maraq­lanan şəxslər üçün nəzərdə tutulmuşdur. Monoqrafiya gələcək tədqiqatlar üçün yeni istiqamətlər açır.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2476986.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR