Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Horadiz əməliyyatının iştirakçısı: "Xeyli dostum şəhid oldu..."

Horadiz əməliyyatının iştirakçısı: "Xeyli dostum şəhid oldu..."

Date: 5 January 2016 18:44

Bu gün Horadiz şəhərinin və Füzuli rayonunun 21 kəndinin, eləcə də Cəbrayıl rayonunun Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan yeganə yaşayış məntəqəsi Cocuq Mərcanlı kəndinin erməni işğalçılarından azad olunduğu gündür.
 
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, 22 il əvvəl - 1994-cü il yanvarın 5-də Azərbaycan Ordusunun əsgərləri Horadizə daxil olaraq Azərbaycan bayrağını Horadiz şəhərinə sancıb.
 
Şakir Bayramov Azərbaycanın müasir hərb tarixinin ən uğurlu əməliyyatı hesab olunan “Horadiz əməliyyatı”nın iştirakçısı olub. Horadizdə onu "erməni bayrağını sökən Şakir" kimi tanıyırlar. Həmin döyüşlərdə tankçı olan Şakir Bayramov döyüşə-döyüşə şəhərə ilk daxil olanlardandır və ermənilərin bayrağını sökərək ayaqlar altına atıb: "Horadiz şəhəri alınanda biz döyüşə-döyüşə gəlirdik. Bizim sovetliyin qarşısında heykəl vardı, Leninin heykəli... Erməni bayrağını ora sanmışdı. O bayrağı mən ordan çıxartdım, "pasyolka"da çəkiliş vardı, apardım onların qarşılarına tulladım. Amma bu tərəfdə erməni bayrağını "qara polkovnik" vardı, o çıxartmışdı, bizim bayrağı sanmışdı".
 
Sərrast atıcılıq qabiliyyətinə malik olan qəhrəmanımız qatıldığı döyüşlərdə ermənilərin çoxlu sayda texnikasını və canlı qüvvəsini məhv edib: "O, mənim borcum idi, azərbaycanlılıq borcumdu. Getdim öz borcumu yerinə yetirdim".
 
Şakir Bayramov 1970-ci ildə Horadiz şəhərində doğulub. Sovetlər dönəmində hərbi xidmətini Monqolustanda başa vurub. 1992-ci ildən Birinci Qarabağ müharibəsində döyüşlərə qatılıb. Son döyüşü Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olub. 1996-cı ildə ordu sıralarından tərxis olunub. 1998-ci ildə ailə qurub, 2 övlad atasıdır. Keçirdiyi döyüş yolundan danışmağı sevmir. Çox, özü də lap çox dost itirdiyini deyir: "Yox, döyüşlərdən söhbət eləmirəm. Deyirəm gedəndə özün əsgərliyə, görərsən. Bir az söhbət edəndə o günlər yadıma düşür, adamın başı xarab olur. Oturub-durduğun oğlanlar sabah yoxdu, yanından getdi, şəhid oldu. Həyəcan keçirirəm yadıma düşəndə. Demək olar ki, bizim briqadada 3-4 dəfə təmizləmə olub. Hər dəfə xeyli oğlan şəhid oldu. Qəhrəmanlıq da ki, hamının vətəndaş borcudu. Mənim yerimə kim olsa, elə hərəkət edərdi. İnşallah, o torpaqlar alınar, yaxşı olar".
 
Şakir Bayramov hələ də canı bahasına xalqı və dövləti üçün çalışır. ANAMA-nın əməkdaşı kimi işğaldan azad olunan ərazilərdə və vaxtilə döyüşlər getmiş indiki cəbhə kəndlərində silah-sursatın təmizlənməsi əməliyyatlarında iştirak edir. Erməni bayrağını söküb, Azərbaycan bayrağını sancmağın qürurunu yaşasa da, üçrəngli Azərbaycan bayrağının sancılacağı çox yüksəkliklərin olduğunu düşünür. Yalnız həmin əraziləri də minalardan təmizləyib, gələcək nəsillərə ötürdükdən sonra rahatlıq tapacağını deyir.

Tags:  Horadiz əməliyyatının iştirakçısı Xeyli dostum şəhid oldu

RƏYLƏR


Top news