Rio-de-Janeyro Olimpiadasında Azərbaycanı səkkiz cüdoçu təmsil edə bilər

Rio-de-Janeyro Olimpiadasında Azərbaycanı səkkiz cüdoçu təmsil edə bilər
19:23 5 Yanvar 2016
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 yanvar, AZƏRTAC
Beynəlxalq Cüdo Federasiyası Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarının lisenziyaları uğrunda mübarizə aparan idmançıların bütün xallarını və nəticələrini hesablayaraq, Olimpiya reytinqini açıqlayıb. Cari statistik göstəricilərə görə, Oyunlarda Azərbaycanın səkkiz cüdoçusu iştirak edə bilər. Özü də 60 kiloqramadək və 100 kiloqramadək çəki dərəcələrinin hər birində vakansiyalara iki cüdoçumuz iddialıdır.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, 60 kiloqramadək çəki dərəcəsində lisenziya uğrunda Orxan Səfərov və İlqar Muşkiyev mübarizə aparırlar. Aktivində 923 xal olan O.Səfərov təsnifatda on birinci yeri tutur. Abu-Dabidə keçirilən “Böyük dəbilqə” turnirində qələbəsi 2015-ci ildə Orxanın ən yaxşı nəticəsi olub. Bu turnir ona 250 xal qazandırıb. Nəzərə almaq lazımdır ki, Avropa Oyunlarının gümüş mükafatçısı, bu Oyunlarda zədə alan Orxan idman formasını indi-indi bərpa edir. İ.Muşkiyev (774 bal) on beşinci yerdədir, Sindaoda Qran-pri yarışlarında qələbəsi ona əlavə xal (300 xal) qazandırıb. Olimpiya təsnifatının yalnız may ayında başa çatacağını nəzərə alsaq, hər bir start idmançılar üçün müəyyən əhəmiyyət daşıyacaq.
66 kiloqramadək çəki dərəcəsində səkkizinci pillədə 1012 xalla Nicat Şixəlizadə qərarlaşıb. O, Rio Olimpiadasında iştirakını faktiki olaraq təmin edib. Cüdoçunun hesabında on iki nəticə var, ən son nəticə Sindaoda Qran-pri yarışlarında qələbəsi olub. Rüstəm Orucov (73 kq) da özünü inamlı hiss edə bilər. Hazırda 1522 xalla ikinci yerdə qərarlaşan cüdoçu reytinq cədvəlində koreyalı Çan-Qrim Anudan geri qalır. Cüdoçumuzun aktivində on altı nəticə var, reytinq qazanılması baxımından ən böyük nəticə Parisdə “Böyük dəbilqə” turnirində qazandığı gümüş medaldır. Bu medal onun aktivinə yüz xal əlavə edib.
Azərbaycan yığmasının idmançıları arasında 81 kiloqramadək çəki dərəcəsində ən yaxşı nəticəni Əbdülhaqq Rəsullu (57-ci pillə) nümayiş etdirir. O, hələlik lisenziya uğrunda mübarizədən uzaqdır. Amma Məmmədəli Mehdiyev (90 kq) Rio Olimpiadasında iştirak etməyə ümid bəsləyə bilər. Onun 31-ci mövqeyi keçid pillə sayılır, çünki irəlidə ölkələrin hər birindən bir neçə idmançı var.
Elmar Qasımov 100 kiloqramadək çəki dərəcəsində reytinq cədvəlində ikincidir. İdmançı Tokioda “Böyük dəbilqə” turnirində bürünc medal qazanaraq, mövsümü major notda bitirib. Onun aktivində 1758 xal var. E.Qasımovu on doqquzuncu yerə yüksələn və Olimpiadaya iddialı olan Elxan Məmmədovla (668 xal) qiyabi rəqabət gözləyir. Reytinqdə dünya çempionu Rinosuke Xaqa (Yaponiya) liderlik edir.
Ağır çəkili Uşanqi Kokauri də 100 kiloqramdan yuxarı çəki dərəcəsində Rio-de-Janeyro Olimpiadasında iştirak edə bilər. Oyunlara kontinental kvota üzrə iddialı olan cüdoçunun aktivində 314 xal var.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rio_de_Janeyro_Olimpiadasinda_Azerbaycani_sekkiz_cudochu_temsil_ede_biler-916263

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR