ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır

ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır
02:19 6 Yanvar 2016
34 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ administrasiyası bir neçə gün əvvəl sınaqdan keçirilən raket sınaqlarına görə İrana qarşı tətbiq edəcəyi yeni sanksiyaların texniki detallarını nəzərdən keçirir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.  

 

Xatırladaq ki, İran oktyabrın 11-də uzaqmənzilli ballistik raketlərini uğurla sınaqdan keçirib.   

 

“Biz ballistik raketlərin buraxılışına çox ciddi yanaşırıq və sanksiyalardan istifadə etməyə tam hazırıq, hazırda biz bəzi  texniki detalları nəzərdən keçiririk”, deyə Kirbi qeyd edib.

 

Qeyd edək ki, İrana qarşı yeni sanksiyaların keçən həftə tətbiq ediləcəyi gözlənilirdi. Jurnalistin “Sanksiyaların tətbiqinin təxirə salınması Tehranın xəbərdarlığı ilə bağlıdır?” sualına Kirbi cavabında  qərarların xarici təsirlər əsasında deyil, ABŞ-ın daxilində konsensusa nail olunmaqla verildiyini qeyd edib.  O həmçinin əlavə edib ki, məsələ ilə bağlı hələlik Vaşinqtonda müxtəlif qurumlar arasında aktiv diskussiyalar davam etdirilir.

 

Bununla belə, Kirbi sanksiyaların tətbiqinin Dövlət Departamenti tərəfindən İranla nüvə sazişinin pozulmasından ehtiyatlandığına görə  təxirə salınması barədə yayılmış  xəbərləri əminliklə təkzib edə bilməyib.  

 

Dekabrın sonunda İran prezidenti Həsən Ruhani ABŞ tərəfindən sanksiyaların mümkün genişləndirilməsinə cavab olaraq Müdafiə Nazirliyinə raket proqramının genişləndirilməsinə dair göstəriş verib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227611

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR