​Azərbaycanda süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi qaydası təsdiqlənib

09:12 6 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

"Report"un xəbərinə görə, bu qayda yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi prosedurlarını müəyyən edir.
Dövlət büdcəsinin vəsaiti hesabına heyvan sahiblərinə subsidiyanın verilməsində əsas meyar heyvanların süni yolla mayalandırılması nəticəsində buzovların əldə olunmasıdır.
Heyvanların süni mayalandırılması ilə məşğul olmaq üçün mütəxəssislər ixtisasartırma və ya kadrların yenidənhazırlanma təhsilini müvəffəqiyyətlə başa vuran dinləyicilərin (baytarların və ya zootexniklərin) sırasından seçilir.
İxtisasartırma və ya kadrların yenidənhazırlanma təhsilini müvəffəqiyyətlə başa vuran dinləyiciyə (baytara və ya zootexnikə) əlavə təhsili həyata keçirən təhsil müəssisəsinin təqdimatı əsasında Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müvafiq olaraq sertifikat və ya diplom verilir.
Heyvanların süni mayalandırılması üçün nazirliyin tabeliyindəki Respublika Süni Mayalama Mərkəzində istehsal olunmuş, habelə hüquqi və fiziki şəxslər tərəfindənölkəyə idxal edilən heyvan toxumundan istifadə edilməlidir.
Mütəxəssislər Mərkəzdə istehsal edilmiş heyvan toxumunu zona baytarlıq laboratoriyaları vasitəsilə, ölkəyə idxal olunmuş heyvan toxumunu isə idxalçılardan birbaşa əldə edə bilərlər.
Süni mayalandırmaya görə xidmət haqqı mütəxəssis və heyvan sahibi arasında qarşılıqlı razılaşma əsasında müəyyən edilir.
Süni yolla mayalandırılmış heyvanda döllənmə baş tutmadıqda, təkrar aparılmış süni mayalandırmaya görə heyvan sahibi tərəfindən mütəxəssisə yalnız heyvan toxumunun dəyəri ödənilir.
Heyvan süni mayalandırıldıqdan sonra dərhal, buzov isə doğulduqdan 10 gün sonra, lakin 15 gündən gec olmayaraq mütəxəssis tərəfindən birka vasitəsilə identikləşdirilir və uçota alınır.
Birkalar müəyyən edilmiş qaydada Mərkəzin təsərrüfat fəaliyyətindən əldə olunan gəlirləri hesabına satın alınır və laboratoriyalar vasitəsilə mütəxəssislərə satılır.
İdentikləşdirməyə görə xidmət haqqı mütəxəssis və heyvan sahibi arasında qarşılıqlı razılaşma əsasındamüəyyən edilir.
Süni mayalandırma yolu ilə doğulan buzovların sağlamlıq vəziyyətinin müəyyən edilməsi və bu sahədə vaxtında baytarlıq tədbirlərinin görülməsi məqsədi ilə Mərkəzin və Nazirliyin müvafiq rayon (şəhər) idarəsinin mütəxəssisləri tərəfindən rübdə bir dəfə monitorinq keçirilir və nəticələr ümumiləşdirilərək Nazirliyə təqdim olunur.
Süni mayalanma yolu ilə buzov əldə etmiş heyvan sahiblərinin müəyyənləşdirilməsi və alınmış hər baş buzova görə subsidiyanın verilməsinin təşkil edilməsi üçün nazirliyin əmri ilə komissiya formalaşdırılır. Komissiyanın sədri rayon (şəhər) kənd təsərrüfatı idarəsinin rəisi, üzvləri rayon (şəhər) kənd təsərrüfatı idarəsinin heyvandarlıq sektorunun müdiri, Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rayon (şəhər) baytarlıq idarəsinin rəisi, Maliyyə Nazirliyinin rayon (şəhər) üzrə maliyyə idarəsinin (şöbəsinin) səlahiyyətli nümayəndəsi, Dövlət Statistika Komitəsinin rayon (şəhər) şöbəsinin səlahiyyətli nümayəndəsi olur.
Mütəxəssislər tərəfindən verilmiş məlumatların dəqiq-ləşdirilməsi və hesabatların hazırlanması üçün rayon (şəhər) kənd təsərrüfatı idarəsi rəisinin əmri ilə idarənin əməkdaşından, rayon (şəhər) baytarlıq idarəsinin nümayəndəsindən (və ya sahə baytarlıq məntəqəsinin mütəxəssisindən) və rayon icra hakimiyyəti başçısının ərazi üzrə nümayəndəsindən ibarət işçi qrupu yaradılır.
İşçi qrupu 5 gün müddətində heyvan sahibinin iştirakı ilə rayon komissiyasına təqdim edilmiş məlumatların düzgün-lüyünü yoxlayır
Rayon komissiyası işçi qruplarının təqdim etdiyi aktlara və məlumatlara əsasən kəndlər üzrə subsidiya veriləcək heyvan sahiblərinin siyahısını və doğulmuş buzovlar haqqında aylıq icmal məlumatları növbəti ayın 10-dək respublika komissiyasına təqdim edir.
Süni yolla mayalandırılmış heyvan əkiz və ya üçəm doğduqda, hər bir buzov ayrı-ayrılıqda uçota alınır, birkalanır.
Dövlət büdcəsinin vəsaiti hesabına yalnız hər bir sağlam buzova görə subsidiya ödənilir.
Respublika komissiyası rayon (şəhər) komissiyalarından daxil olan icmal siyahılara 5 gün müddətində baxır və subsidiyanın verilməsi barədə qərar qəbul edir.
Süni mayalandırma yolu ilə alınmış buzovlara görə subsidiyanın verilməsi barədə respublika komissiyasının qərarı qəbul edildiyi tarixdən 3 iş günü müddətində Maliyyə Nazirliyinə göndərilir və bu barədə rayon (şəhər) komissiyaları məlumatlandırılır.

Xəbərin orijinal ünvanı: http://report.az/ask/her-buzova-gore-subsidiyanin-verilmesi-qaydasi-tesdiqlenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR