Rusiyada erməniləri dəstəkləyən azərbaycanlılar kimlərdir?

Rusiyada erməniləri dəstəkləyən azərbaycanlılar kimlərdir?
12:22 6 Yanvar 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyada yaşayan azərbaycanlıların birliyi, xalqın və ölkənin maraqlarını qorumaq anı gələndə vəhdətə nail olmaları ən ciddi, taleyüklü məsələlərdən biridir.

Diasporumuzun təşkilatlanma mərhələsi kimi ilkin dönəm başa çatandan sonra yeni dönəm başlanmalıydı: bu dönəmdə diaspor təşkilatları Azərbaycanın və azərbaycanlıların mənafelərinin təmsilçilərinə, müdafiəçilərinə və təminatçılarına çevrilməliydilər.

Uzun illərdən bəri ilk dəfə olaraq Rusiyadakı azərbaycanlılar faktiki olaraq bir araya gəldilər və Azərbaycana, xalqımıza düşmən kəsilmiş qüvvələrin cəhdi ilə Rusiyada reallaşdırılması nəzərdə tutulan ədalətsizliyin qarşısını almağa çalışdılar.

Ötən ilin sonlarında Rusiyadakı azərbaycanlıların diaspor təşkilatlarının rəhbərləri Dumanın spikeri Sergey Narışkinə açıq məktub ünvanlayaraq qondarma "erməni soyqırımı"nın cinayət sayılmasını nəzərdə tutan qanun layihəsinə etiraz etmişdilər.

938567-6 saylı qanun layihəsinin müəllifləri Dövlət Dumasının deputatları N.Leviçev və S.Mironovdur.

Açıq məktubda yazılmışdı: "Düşünürük ki, 1992-ci ildə ermənilərin silahlı birləşmələrinin Xocalıda azərbaycanlılara qarşı soyqırım törətmələrindən xəbəriniz var. Azərbaycan xalqının bu faciəsini bir çox ölkələrin parlamentləri dinc əhaliyə qarşı soyqırım kimi tanıyıb. Əfsuslar olsun ki, Rusiyanın Dövlət Duması Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğınını soyqırımı kimi tanımayıb ki, bu da Rusiyadakı azərbaycanlılarla yanaşı, Rusiyaya ən dost münasibətlərdə olan dövlətdə, Azərbaycanda təəccüb doğurur.

S.Mironovun təşəbbüsü bir daha göstərir ki, məsələ ilə bağlı bəzi rusiyalı siyasətçilərdə birtərəfli mövqe var. Eyni zamanda baş verənlər 200 il ərzində Rusiya imperiyasının möhkəmlənməsinə xidmət etmiş xalqınmıza etinasız münasibəti nümayiş etdirir. Demokratik prinsiplər və qanunvericilik baxımından isə bu qanun layihəsi ölkəmizin Konstitusiyasında nəzərdə tutulmuş vətəndaş haqlarının pozulmasıdır.

Rusiya Federasiyasının vətəndaşları olaraq bildiririk ki, qanun layihəsi çoxmillətli Rusiyada millətlərarası münasibətlərin rəvanlığına xidmət etmir.

Biz və həmfikirlərimiz bildiririk ki, qanun layihəsi qəbul olunsa belə, qondarma "erməni soyqırımı"nı inkar edəcəyik, insan haqlarının müdafiəsi ilə bağlı beynəlxalq qurumlara müraciət edəcəyik".

Sənədi Rusiya prezidenti yanında millətlərarası münasibətlər Şurasının üzvü Asif Məhərrəmov, Nijni Novqoroddakı azərbaycanlıların Milli Konqresinin sədri Vidadi Abbasov, Sankt-Peterburqdakı diasporamızın rəhbəri Heydər İmanov, habelə Asiman Hüseynov (Yaroslav), Kamran Babayev (Kostroma), Tofiq Rzayev (Kalininqrad), Ayaz Məmmədov  (Krasnoyarsk), Fəyyaz Paşayev (Tver), Samir Qarayev (Ryazan), İbadulla Babayev (Kostroma), Əsgər Allahyarov (Ulyanovsk), Elnur Hüseynov (Kirov), Rafael Quliyev (Çelyabinsk), Namiq Hacıyev (Oryol), Afiq Hüseynov (Murmansk), Aqil Əliyev (Çuvaşiya), Məmməd Şirinov (Nefteyuqansk), Rəhmətulla Babayev (İnquşetiya), Telman Hacalıyev (Dərbənd), Azad Seyidov (Xantı-Mansiysk), Tahir Ocaqverdiyev (Taqanroq), Hidayət Xəlilov (Vladimir), Çingiz Musayev (Perm), Elşən İbrahimov (İstra), Ramiz Məmmədov (Tatarıstan), Vladimir Zaxarov (Moskva), Elman Əliyev (Novosibirsk), Arzu İsmayılov (Xantı-Mansiysk), Şakir Allahverdiyev (Rostov) imzalamışdılar.

Sənəd açıqlanandan sonra qondarma "erməni soyqırımı"na etiraz edən soydaşlarımıza, Rusiyadakı azərbaycanlıların diaspor təşkilatlarının rəhbərlərinə qarşı təzyiqlər başlandı. Onlar əvvəlcə yaşadıqları və çalışdıqları şəhərlərin meriyalarına çağırıldılar, sonra qubernatorların köməkçilərinin qəbulunda oldular, lap axırda da Rusiyanın Federal Təhlükəsizlik Xidmətininin idarələrində zabitlərlə "mehriban söhbət"lərə dəvət olundular.

Hər dəfə də onlara mövqelərindən əl çəkmək, "imzalarını geri çağırmaq", yəni müraciətdən imtina etmək "məsləhət" bilindi.

Daha sonra aşkar hədələr, təhdidlər başlandı.


Amma aldığımız məlumatlara görə, diaspor rəhbərlərinin tam əksəriyyəti fikirlərində qətidirlər və geri çəkilmək niyyətində də deyillər.

Bir neçə adamdan savayı.

Məsələn, Rusiyadakı Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin ("AzərRos") Kalininqrad vilayətindəki təşkilatının sədri Nadir Ağayev dekabrın 23-də keçirilmiş iclasda diaspor təşkilatlarının rəhbərlərinin S.Narışkinə müraciətindən hiddətləndiyini bildirib.

O deyib: "Rusiyadakı azərbaycanlıların icmasının adından istənilən çağırışlar, bəyanatlar və müraciətlər mütləq şəkildə hüquqi ekspertizadan keçirilməli, "AzərRos" rəhbərlərinin əksəriyyətinin dəstəyini almalı, yalnız bundan sonra ünvanına göndərilməlidir".

Nadir Ağayevin bu təslimçi açıqlaması, təbii ki, soydaşlarımız tərəfindən narazılıqla qarşılanıb.

Nadir Ağayevi anlayıram - adamı "müvafiq" dövlət qurumlarına çağıraraq onun bəzi əməllərini xatırladıblar.

Əməllər isə birmənalı deyil.

Belə ki, Kalininqrad vilayət prokurorluğu Nadir Ağayevi hədəfə alıb. Vilayətin İnzibati-Texniki Müfəttişliyinin (İTM) sədri olan Nadir Ağayev kağız üzərində "Leninqard Rayon İdarəetmə Şirkəti" yaradaraq onu oğlu Raciv Ağayevin adına rəsmiləşdirib və şirkətin fəaliyyətinə lisenziya verib.

Lisenziya ötən il aprelin 17-də verilib.

Kalininqrad vilayətinin prokuroru Sergey Tabelski bununla bağlı qubernator Nikolay Sukanova məktub yollayaraq N.Ağayevin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.

Kalininqrad vilayətinin Taekvondo Federasiyasının da prezidenti olan Nadir Ağayevi prokurorluq korrupsiyada, rüşvətxorluqda və vəzifə səlahiyyətlərindən sui-istifadədə suçlayır.

N.Ağayev bütün ittihamları rədd edir, federasiya prezidenti postunda ictimai əsaslarla işlədiyini və heç bir maliyyə sənədini imzalamadığını deyir.
Rusiya Dövlət Dumasına birgə müraciəti imzalamaqdan qətiyyətlə boyun qaçıranlar arasında Ağadadaş Kərimov, Vaqif Mustafayev və Sübhan Əhədzadə də var.

Onlar Moskva, Rostov və Başqırdıstandakı azərbaycanlıların diaspor təşkilatlarının rəhbərləridir.

Bütün bunlarla yanaşı, "AzərRos"un sabiq rəhbəri Söyün Sadıqov və Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) icraçı direktoru İlqar Hacıyevin də canfəşanlıq edərək diaspor təşkilatlarının rəhbərlərini müraciətdəki imzalarından imtina etməyə, qondarma "erməni soyqırımı" ilə bağlı qanun layihəsinə qarşı çıxmamağa sövq etməyə çalışdıqları vurğulanır.
Söyün Sadıqovun "siyasi" fəaliyyəti "çoxşaxəli"dir. Məsələn, o, ötən il dostu Boris Siçinava ilə birlikdə Gürcüstan ərazisində yeni dövlət qurmaq ideyasını bəyan etmişdi.

Bu absurd, irrasional təklifini "Yeni Gürcü Dövləti" adlandıran S.Sadıqov özünü prezident kimi görürdü. Sadıqovun Facebook profilində yazdığına görə, "yeni dövlət"də xarici işlər naziri azərbaycanlı, daxili işlər naziri - erməni, iqtisadiyyat naziri - abxaz, Dövlət Təhlükəsizlik Komitəsinin sədri - osetin, mədəniyyət və turizm naziri svan olacaq.

"Hazırda Gürcüstan ərazisində yaşayan xalqlar arasında münaqişənin və hakimiyyət uğrunda mübarizənin qarşısını almaq üçün onların hamısının dilləri dövlət və regional dillər elan olunacaq", - S.Sadıqov yazmışdı.

Rəsmi Tbilisi bu paranoidal açıqlamaya ümumiyyətlə fikir verməmiş, "hər kəs öz ideyaları ilə yaşaya bilər: biz qeyri-ciddi məsələləri şərh etmirik" açıqlaması ilə kifayətlənmişdi.

Söyün Sadıqov biznes maraqlarını ölkəsinin və millətinin mənafelərindən üstün tutan şəxs kimi tanınır. Bunun iddia, yoxsa reallıq olduğunu Rusiyada yaşayan azərabycanlılardan, Sadıqovla ünsiyyətdə olan şəxslərdən soruşmaq gərək. Lakin görünən kəndə bələdçi gərəkmədiyi kimi, Söyün Sadıqovun da son illərdəki fəaliyyəti onun merkantil istəklərinin adından danışmağı çox sevdiyi xalqın maraqlarını çoxdan üstələdiyini söyləmək olar.

Rusiyadakı soydaşlarımızın diaspor təşkilatlarının birləşdiklərini, Azərbaycanın və xalqımızın maraqlarını hər şeydən üstün tutduqlarını da söyləmək hələ çox tezdir.

Qonşu ölkədə yaşayan soydaşlarımızı təmsil etdiklərini vurğulayan - hər halda rəsmi sənədlərdə belə bəyanatlar edən - şəxslər başçılıq etdikləri strukturların hələ də amorf, ətalətli təşkilatlar olduqlarını etiraf etmək istəmirlər.

Onlar sırf korporativ, şəxsi problemlərinin həllini ön plana çəkir, Azərbaycana düşmən kəsilmiş qüvvələrin və strukturların planlarının reallaşmasının qarşısının alınmasında Bakıya gözlənilən dəstəyi vermirlər.

Əksinə, Bakıdan təşkilati və maliyyə dəstəyi gözləyirlər, bunu da utanmadan söyləyirlər.

Halbuki hər şey tərsinə olmalıdır: ölkə diasporlarına yox, diasporlar ölkəyə dəstək verir, yardım göstərirlər.

Çinin 5 vilayətinin indi sənaye məkanlarına çevrilməsində, həmin bölgələrdə minlərlə sənaye müəssisəsinin yaradılaraq işə salınmasında ABŞ, Kanada və Avropada yaşayan çinli diasporunun xidmətləri bəllidir.

Hindistanın Mumbay və Heydərabad şəhərlərinin maliyyə-sənaye mərkəzlərinə çevrilməsində Qərb ölkələrində, xüsusilə də Britaniya və ABŞ-da yaşayan hindus icmasının fəaliyyəti bütün Cənub-Şərqi Asiyaya bəllidir.

Ən nəhayət, Dağlıq Qarabağdakı erməni terrorçularını silahlandıran, ərzaq və yanacaqla təmin edən, ümumiyyətlə, Xankəndidəki rejimin varlığını sürdürənlər məhz erməni diaspor təşkilatlarıdır.

Ermənistana hər il xarici ölkələrdən yollanan "diaspor yardımları"nı sadalamağa lüzum varmı?

Belədirsə, Rusiyadakı azərbaycanlıların diaspor təşkilatlarının rəhbərləri bir araya gəlməyə çalışanda, qondarma "erməni soyqırımı" ilə bağlı aşkar provokasion qanun layihəsinə qarşı çıxanda nədən soydaşımız olub yolumuzda daşa çevrilənlər fəallaşırlar?!

Suala ilk əvvəl Rusiyadakı azərbaycanlılar cavab tapmağa çalışmalıdırlar, çünki belə maneələr aradan qaldırılmasa, yadlara qulluq edib doğmaları susdurmağa çalışanların qarşısı alınmasa, icmamızın vəhdəti çətin prosesə çevriləcək.

Elçin Alıoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/395611.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR