Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Onlar bu suallara cavab verməkdən yayınırlar

Onlar bu suallara cavab verməkdən yayınırlar

Date: 6 January 2016 12:37

Onlar heç də Azərbaycanda insan hüquqlarının inkişafında maraqlı deyillər.

Milli.Az xəbər verir ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə Brüsseldə Avropa Siyasəti İnstitutunda antiazərbaycan xarakterli müzakirələrin keçirilməsinə münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, xarici ölkələrdə vaxtaşırı Azərbaycanla bağlı dinləmələrin keçirilməsi xəbərlərinə rast gəlinir. Dərindən araşdırdıqda isə bunun arxasında Azərbaycan dövlətçiliyinin möhkənlənməsinə, vətəndaş cəmiyyətinin inkişafına töhfə vermək yox, əksinə, ona mane olmaq cəhdlərinin dayandığı ortaya çıxır:

"Adı Azərbaycan vətəndaşına heç nə deməyən, Azərbaycanla dostluğun möhkəmlənməsinə heç bir töhfə verməyən hansısa mərkəzlər ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycanda insan hüquqlarının qorunması ilə bağlı gurultulu tədbirlər keçirməyə çalışırlar. Adətən də ora bir siyasi yönümdən olan təşkilatlar və ictimai şəxslər dəvət edilirlər. Yəni müzakirələrin özü birtərəfli keçirilir. Orada Azərbaycanda fəaliyyət göstərən digər siyasi yönümlü təşkilatların, şəxslərin iştirakına şərait yaradılmır. Həmçinin çalışılır ki, ölkəmizin rəsmi orqanlarının da mövqeyi orada səsləndirilməsin. Məqsəd isə birdir - Azərbaycanla bağlı mənfi təəssürat yaratmaq, Azərbaycanda hüquqların olmadığı, pozulduğu haqqında ictimai fikir formalaşdırmaq. Bu tədbirlərin maliyyə qaynağının və əsl təşkilatçılarının adları çox zaman gizli saxlanılır. Dərindən araşdırdıqda onların bir qayda olaraq, ya Azərbaycanda iqtisadi maraqları təmin edilməyən transmilli şirkətlərin, yaxud da Avropanın Azərbaycanı siyasi təzyiq altında saxlamaq istəyən müəyyən dairələrinin dayandığı aydın olur. Onlar heç də Azərbaycanda insan hüquqlarının inkişafında maraqlı deyillər".

A.Mirzəzadənin sözlərinə görə, bu gün Azərbaycanda azad mətbuat, azad sahibkarlıq, açıq cəmiyyət prinsipi var. Azərbaycan yeni müstəqillik qazanmış digər dövlətlərdən fərqli olaraq oturuşmuş dövlətçiliyə malikdir, beynəlxalq aləmdə güclü siyasi nüfuzu var, Azərbaycan kredit alan ölkədən kredit verən ölkəyə çevrilib. Ölkənin daxilində stabillik var, burada ortaya çıxan problemlərin həlli üçün çoxsaylı səmərəli və cəmiyyətin maraqlarına xidmət edən sistem formalaşıb. Xaricdəki dairələri isə maraqlandıran Azərbaycanın əldə etdiyi bu uğurlar deyil, onların burada "5-ci kolon" funksiyasını yerinə yetirən şəxslərinin taleyidir: "Həmin şəxslər bir qayda olaraq antimilli maraqlardan çıxış edirlər, eyni zamanda Azərbaycan qanunlarını kobud surətdə pozaraq məhkəmə qarşısında durmalı olurlar. Bu isə Avropadakı antiazərbaycan mərkəzlərinin maraqlarına cavab vermir. Onların müdafiə etdikləri şəxslər qısa zamanda əllərinə böyük maliyyə imkanlarının haradan gəlməsinə və nəyə görə həmin gəlirlərdən vergi verməkdən imtina etməsinə cavab verməkdən adətən çəkinirlər. Həmin şəxslər adının nə səbəbdən Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda hallanması, eləcə də Azərbaycanın milli maraqlarına deyil, antiazərbaycan mərkəzlərinin maraq və mövqelərindən çıxış etməsi suallarına da cavab verməkdən yayınırlar".

YAP funksionerinin fikrincə, həmin dairələrin müdafiə etdikləri Azərbaycan və onun vətəndaşları deyil, onların özlərinin burada təmin edilməyən şəxsi maraqlarıdır: "Azərbaycan rəhbərliyi və cəmiyyətin nümayəndələri dəfələrlə bəyan ediblər ki, Azərbaycan heç zaman kimlərinsə forpostuna çevrilməyəcək, heç zaman özünün müstəqil daxili və xarici siyasətindən imtina etməyəcək. Buna qarşı çıxanlar isə gec-tez cəmiyyətin qınağına səbəb olacaqlar və siyasi dəstək qazanmayacaqlar. Əgər qanunları pozacaqlarsa, əldə etdikləri çirkli pulları Azərbaycanda stabilliyi pozmaq, dövlətçilik əleyhinə fəaliyyətə yönəldəcəklərsə, əlbəttə ki, məhkəmə qarşısında cavab verməli olacaqlar".

A.Mirzəzadə hesab edir ki, antiazərbaycan tədbirinin yanvarın 19-na təyin edilməsi də təsadüfi deyil: "Belə bir tədbirin yanvarın 19-u tarixinə salınması faktı da Azərbaycan xalqının hissiyyatına toxunmaq məqsədi daşıyır. Onlar 20 yanvar tarixində 100-dən çox Azərbaycan vətəndaşının Sovet qoşunları tərəfindən öldürülməsi faktına bu gün kinayə ilə, həqarətlə yanaşırlar. Hesab edirəm ki, həmin ərəfədə Brüsseldəki tədbirə gedən şəxslər də özlərinin hansı çirkin oyunun iştirakçılarına çevrildiyinə dair özlərinə hesabat verməlidirlər". 

Qeyd edək ki, "Turan"ın məlumatına görə, yanvarın 19-da Brüsseldə Avropa Siyasəti İnstitutunda "Barmaqlıqlar arxasında ədalətli mühakimə: Azərbaycanda vətəndaş cəmiyyətinin təqibi" mövzusunda debat keçiriləcək. Tədbir Avropa Siyasəti İnstitutu və İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupu tərəfindən təşkil edilib. Tədbirin press-relizində deyilir ki, iştirakçılara Azərbaycanda insan hüquqları sahəsində vəziyyəti və vətəndaş cəmiyyətinə, KİV-ə və müxalif fəallara qarşı repressiyaları təhlil edən məruzə təqdim ediləcək.

Məruzədə hüquq müdafiəçiləri Anar Məmmədli, Rəsul Cəfərov, İntiqam Əliyev, Leyla və Arif Yunus, Emin Milli, Xədicə İsmayılovanın işi üzrə məhkəmə proseslərinin və Emin Hüseynovun işinin ətraflı təhlili yer alır. Debatda Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrindən bəziləri də iştirak edəcəklər. Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Rabute Remezaite, "Memorial" Cəmiyyəti Hüquqi Mərkəzinin rəhbəri Deniz Krivoşeyev, Meydan TV direktoru Emin Milli, KİV-ə yardım institutundan Gülnarə Axundova məruzə ilə çıxış edəcəklər.

Müzakirələrin moderatoru İnsan Hüquqları üzrə Beynəlxalq İnstitutun koordinatoru Simon Papuaşvili olacaq.
 

Pünhan Mirzə
Milli.Az


Tags:  Onlar bu suallara cavab verməkdən yayınırlar


RƏYLƏR


Top news